Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir
23 Feb 2021
Azərbaycan tarixinin ən dəhşətli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına həkk olan Xocalı faciəsi əsrlər boyunca ermənilərin xalqımıza və bütün türk dünyasına qarşı törətdikləri soyqırımların daha bir qanlı təzahürü olmaqla, yalnız xalqımıza deyil, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə vəhşiləşmiş,
azğınlaşmış erməni faşistləri qədim Azərbaycan torpağı olan Xocalını yerlə-yeksan
etdilər, yüzlərlə günahsız, dinc insanı amansızcasına qətlə yetirdilər. Erməni
quldurlarının, terrorçularının amansız vəhşiliyi nəticəsində 613 nəfər Xocalı
sakini qətlə yetirildi, 1275 nəfər əsir götürüldü, 100-dən artıq sakin
yaralandı və şikəst oldu. Qətl edilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı
uşaqlar, 70 nəfəri isə qocalar idi. Soyqırımı törədənlər Xocalı sakinlərini
misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini
soymuş, gözlərini çıxarmışdılar.
Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə, çoxsaylı tarixi-mədəni abidələrə malik olan Xocalı şəhəri sözün əsl mənasında erməni vandalları tərəfindən xarabalığa çevrildi. Şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, bu torpaqlarda azərbaycanlılara aid olan bütün izlər silindi.
Azərbaycan tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edən, qədim mədəniyyətə, çoxsaylı tarixi-mədəni abidələrə malik olan Xocalı şəhəri sözün əsl mənasında erməni vandalları tərəfindən xarabalığa çevrildi. Şəhərdə 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, bu torpaqlarda azərbaycanlılara aid olan bütün izlər silindi.
Əslində Azərbaycan xalqı son 200 il ərzində, o cümlədən
sovet dönəmində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə,
soyqırımı siyasətinə məruz qoyulub. Xalqımız tarixi torpaqlarından qovulub,
qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi
qırğınlarla müşayiət olunub. O cümlədən Xocalı faciəsi son iki əsrdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata
keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi
kimi öz təzahürünü tapıb.
Ulu öndər Heydər Əliyev Xocalı faciəsi barədə deyib: “Bu
soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”. Məhz
ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis
“Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. BMT-dən, dünya dövlətlərindən
bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni
terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara
əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş
qanlı Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd
olunur. Həmçinin ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı sərəncama
əsasən hər il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının
xatirəsi bir dəqiqəlik sükutla yad olunur.
Bütün bu illər ərzində Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə
çatdırılması, Ermənistanın terrorçuluğu dəstəkləyən və faşizmi təbliğ edən dövlət
kimi qəbul edilməsi istiqamətində məqsədyönlü iş aparıb. Dövlət başçımızın səyləri
nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının
həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində
xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı
mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı
internet saytları yaradılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir
ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı
qurbanlarının xatirəsi anılır, tədbirlər keçirilir, erməni vəhşiliklərini əks
etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin
nüfuzlu nəşrlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və
radiolarda verilişlər hazırlanır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici
siyasət nəticəsində bu gün dünya dövlətləri də artıq ermənilərin törətdikləri
bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin
şəkildə pisləyirlər.
Bəli, Xocalı soyqırımı hər bir azərbaycanlının qəlbində dərin
iz salmış qanlı bir yaradır. Lakin Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi
ilə Müzəffər Azərbaycan Ordusu bu yaranı vuran əli artıq kəsmişdir. Cəmi 44 gün
davam edən Vətən müharibəsini tarixi zəfərlə başa vuran Azərbaycan ermənilərin
5 il ərzində işğal etdikləri və 30 ilə yaxın bir müddət ərzində
qoruyub-saxlamaq məqsədilə istehkamlar tikdiyi torpaqları geri aldı. Ölkənin ərazi
bütövlüyü bərpa edildi. Lakin Azərbaycanın bu tarixi qələbəsi həm də bütün Cənubi
Qafqazı erməni faşizmindən xilas etdi. Çünki erməni separatizminin utopik
“böyük ermənistan” ideyası sadəcə Azərbaycan üçün deyil, həm bütün region ölkələri
üçün əsil təhlükə idi. Amma Azərbaycanın dəmir yumruğu bu təhlükənin qarşısını
almaq üçün ən yetərli arqumentdir.
Erməni faşistləri artıq ikinci Qarabağ Müharibəsinin nəticələrindən ibrət
götürməli və bundan sonra əllərinin ardınca başlarından da məhrum olmaq istəmirlərsə,
özgəsinin torpaqlarına tamah salmaqdan və ən əsası da terrorçu əməllərindən
birdəfəlik əl çəkməlidirlər.
Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan
Respublikası Milli Məclisinin deputatı