Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası daha 23 şəhid ailəsini himayəyə götürdü
25 Feb 2021
Azərbaycan Həmkarlar İttifaqları şəhid ailələrinin sosial problemlərinin həllini həmişə diqqətdə saxlamaqdadır.
AHİK-in İcraiyyə Komitəsinin 22 fevral 2021-ci il tarixli
qərarı ilə daha 23 şəhid ailəsi himayəyə götürülmüşdür. Bununla da himayəyə
götürülmüş şəhid ailələrinin ümumi sayı
139-a çatmışdır.
İcraiyyə Komitəsi bundan əvvəl Vətən müharibəsində şəhid
olmuş 116 əsgər və zabitlərin ailəsinin himayəyə götürülməsi barədə qərar qəbul
etmişdir.
AHİK 2016-cı il aprel və 2020-ci ilin iyul ayında Tovuz
döyüşlərində həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladını himayəyə
götürüb. Həmin azyaşlılar 18 yaşına çatanadək hər biri aylıq 150 manatla
təmin olunurlar. Təkcə bu yardımlara xərclənəcək məbləğin miqdarı isə 885 min
600 manat olacaqdır.
Məlumat üçün bildirək ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və onun üzv təşkilatları tərəfindən Vətən müharibəsi
dövründə 3 milyon 424 min 312 manat xərclənmişdir. O cümlədən, Azərbaycan
Silahlı Qüvvələrinə Yardım Fonduna 350 min manat ianə edilmiş, Naxçıvan Muxtar
Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhid
ailələrinə kömək göstərilməsi məqsədilə Muxtar Respublikası Həmkarlar
İttifaqları Şurasına 150 min manat köçürülmüşdür. Orduya, şəhid ailələrinə və
yaralılara 1 milyon 380 min 687 manatlıq maddi yardım göstərilmiş, Silahlı Qüvvələrə
Yardım Fonduna 1 milyon 005 min 875 manat,
aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatı
verilməsi məqsədilə “Regional İnkişaf” İctimai Birliyinin hesabına 500 min
manat vəsait köçürülmüşdür. “Yaşat” Fonduna 537 min 750 manat ianə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı
ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və
layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin
aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın
davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan "Qarabağ Dirçəliş
Fondu”na 19 yanvar 2021-ci il də 100 min manat məbləğində vəsait köçürülmüşdür.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bundan
sonra da şəhid ailələrinin sosial problemlərinin yaxşılaşdırılması üçün müvafiq
addımların davam etdirilməsini nəzərdə tutur.