Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
02 Mar 2021
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb.
Memoranduma əsasən özünüməşğulluq proqramına cəlb olunmaq məqsədi ilə müraciət edən həssas əhali qrupları (əlilliyi olan şəxslər, aztəminatlı ailələr və b.) barədə məlumatlar Nazirlik tərəfindən AHİK-ə təqdim olunacaq. Konfederasiya Proqramın icrasında, iştirakçıların aktivlərlə təminatında iştirak edəcək.
İşsiz və işaxtaran kimi qeydiyyatda olan şəxslər arasından proqrama cəlb edilmələri üçün həssas əhali qruplarının seçilməsi, proqram çərçivəsində xidmət və istehsalat sahələrinə üstünlük verilməsinin təşviqi, biznes planların hazırlanmasına dair təlimlərin təşkili, biznes planların icrasının monitorinqi və s. sahələrdə əməkdaşlıq həyata keçiriləcək.
Proqramda iştirak üçün AHİK tərəfindən 200 min manat vəsait ayrılıb.
Proqram üzrə ümumi əlaqələndirmənin həyata keçirilməsi üçün Nazirliyin, AHİK-in, Dövlət Məşğulluq Agentliyinin (DMA) nümayəndələrindən ibarət əlaqələndirmə qrupu da yaradılacaq.