Səttar Möhbalıyev: “Milli Prioritetlərin reallaşdırılması ölkəmizdə yüksək sosial rifah cəmiyyətinin formalaşmasını təmin edəcək”
08 Feb 2021
“Bu gün Azərbaycan dövləti tərəfindən ölkədə əhalinin rifahının daha da artırılması məqsədilə sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində davamlı olaraq məqsədyönlü və yüksək effektivliyə malik addımlar atılır.
Son illər ərzində əldə olunmuş
sosial-iqtisadi və siyasi nailiyyətlər bu ndan sonra Azərbaycanın qüdrətinin
daha da artacağına əminlik yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin də
qeyd etdiyi kimi, sahib olduğumuz potensial və imkanlar 2030-cu ilə qədər olan
mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat
standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə
çevrilməsinə zəmanət verir.”– bu sözləri saytımıza verdiyi müsahibəsində Milli
Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar
Möhbalıyev deyib.
Əməkadşımızın suallarını cavablandıran millət vəkili bildirib ki,
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə
növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin
yaradır: “İlk növbədə qeyd etmək lazımdır ki, Vətən müharibəsində əldə olunmuş
tarixi qələbə nəticəsində Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar
regionda həm də yeni iqtisadi mənzərə formalaşdırıb. 30 ildən artıq müddət ərzində
davam edən münaqişənin effektiv həlli regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini
təmin edən strateji göstəricidir. Həmçinin torpaqlarımızın işğaldan azad
olunması ölkəmiz üçün həm də əlavə iqtisadi imkanlar açmışdır. Məlumdur ki. bu ərazilər
böyük iqtisadi potensiala malıikdir və Azərbaycan sözsüz ki, bu potensialdan
yararlanacaq. Həmin ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni
yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları
Azərbaycanın inkişafına böyük təkan verəcək. Sabitliyin, rifahın və qarşılıqlı
faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin
inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region
iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu
daha da möhkəmləndirəcək.”
Daha sonra AHİK sədri vurğulayıb ki,
Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli Prioritetlər növbəti
onillikdə iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini,
mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılmasını təmin etmək
baxımından qarşımızda tamamilə yeni imkanlar açır: “Heç şübhəsiz bu gün Azərbaycan
iqtisadiyyatının inkişaf sürəti və dinamikası indiyədək dünyanın heç bir ölkəsində
müşahidə olunmayıb. Lakin Ölkə Prezidenti tərəfindən növbəti onillikdə ölkənin
sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı
artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə çıxaracaq. Dayanıqlı
artan rəqabətqabiliyyətli iqtisadiyyat – ölkə iqtisadiyyatının davamlı və yüksək
templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə
nail olunmasını, bu əsasda yüksək gəlirli iş yerlərinin yaradılmasını,
insanların həyat səviyyəsinin ilbəil yaxşılaşmasını nəzərdə tutur. Həmçinin bu
prioritetin reallaşdırılması ilə qeyri-neft sektorunun maliyyələşməsində özəl
sektorun payıının artırılmasına və iqtisadiyyatda qeyri-neft sektorunun payının
artmasına nail olunacaq. Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət
– bu prioritetin reallaşması ilə inkişafdan hər bir vətəndaşın bəhrələnməsinə,
o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsinə,
yüksək və ədalətli sosial təminata, ölkədə yoxsulluğun və işsizliyin səviyyəsinin
minimuma endirilməsinə nail olunacaq. Eyni zamanda bu prioritet paytaxt və
regionların tarazlı inkişafını, bu məqsədlə regionlarda iqtisadi aktivliyin
daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resursların tamamilə
iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutur. Rəqabətli insan kapitalı və
müasir innovasiyalar məkanı – bu prioritetin əsas məqsədi gələcək illərdə
dünyada artan rəqabətə hazır olmaq üçün ölkəmizin yüksək rəqabətli insan
kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq
edən münbit şərait və insanların sağlamlığı əsas amillər kimi diqqət mərkəzinə
çəkilir. İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış – təbii ki, ölkənin ərazi
bütövlüyünün təmin olunması ilə işğal dövründə öz doğma torpaqlarından köçkün
düşən insanların vətənə, dədə-baba yurdlarına qayıdışının təmin olunması kimi
son dərəcə vacib bir prosesi nəzərdə tutur. Bu prioritet vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin
ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Bunun üçün isə,
Prezident İlham Əliyevin dediyi kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan
insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən
birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün
bütün sahələrdə quruculuğa nail olunmalıdır. Nəhayət, Təmiz ətraf mühit və
“yaşıl artım” ölkəsi – ekoloji təmiz texnologiyaların tətbiqinə, təmiz enerji mənbələrindən
istifadəyə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası işlərinə
əhəmiyyətli yer verilməsini nəzərdə tutur. Ölkənin perspektiv iqtisadi inkişafı
ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və
artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli
istifadə təmin edilməlidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu
prioritetin reallaşdırılması ilə Azərbaycan qlobal iqlim dəyişikliklərinə məruz
qalan planetimizdə ekoloji tarazlığın bərpa olunması işinə öz töhfələrini vermiş
olacaq.”
Sonda Səttar Möhbalıyev belə bir məqamı da
vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş Milli
Prioritetlərin reallaşması həm də milli birliyimizin daha bir təntənəsi kimi öz
təzahürlərini tapacaq: “Prezident İlham Əliyevin həyata keçirdiyi bütün möhtəşəm
layihə və proqramlar kimi, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər də
Azərbaycan xalqının rifah səviyyəsinin yüksəldilməsinə və dövlətimizin
iqtisadi-siyasi qüdrətinin artmasına dəqiq hesablanmışdır. Milli maraqlar, yeni
reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri
diktə edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət,
biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Beləliklə də,
müharibə və pandemiya dövrünün ağır sınaqlarından çıxmış milli birliyimiz növbəti
illərdə də özünün bariz təzahürlərini tapacaqdır. ”