Səttar Möhbalıyev: “Ölkədə siyasi dialoqun daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradılıb”
09 Mar 2021
“Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımında müstəna əhəmiyyət kəsb edən bir siyasi hadisə oldu.
Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan
Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham
Əliyevin ölkədə siyasi dialoqun daha da möhkəmləndirilməsi, iqtisadi sahədə
antiinhisar siyasətinin gücləndirilməsi və xarici siyasət sahəsində ölkəmizin
maraqlarına cavab verən əməkdaşlıq kursunun davam etdirilməsi kimi prioritetlər
barədə söylədiyi fikirlər bizim gələcək inkişaf proqramlarımız üçün baza
platformaları olacaq.” Bu sözləri öz müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev deyib.
İlk növbədə əsası ulu öndər Heydər Əliyev
tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqilliyinin əldə
olunmasında və qorunub saxlanmasında oynadığı tarixi rolun önəmini vurğulayan
millət vəkili bildirib ki, məhz 1992-ci ilin noyabr ayında gənc və hələ çox zəif
Azərbaycan üçün rel inkişaf perspektivləri yaranmış oldu: “Yeni Azərbaycan
Partiyası ulu öndər Heydər Əliyevin siyasi təcrübəsi, bilikləri, müdrikliyi,
xalq qarşısında göstərdiyi xidmətlər, bütün dövrlərdə nümayiş etdirdiyi əsl
sarsılmaz vətənpərvərlik ruhu və öz xalqına, Azərbaycan dövlətçiliyinə olan
sadiqliyi səbəbilə ölkəmizin mütərəqqi insanlarını onun ətrafında birləşməsi nəticəsində
yaradılıb. Dövlət başçısının da Partiyanın VII qurultayında etdiyi çıxışında
dediyi kimi, faktiki olaraq məhz 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında
yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin
oktyabr ayında ulu öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə
Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi də məhz həmin
tarixdən başladı. Biz bu tarixi yaxşı bilməliyik və gələcək nəsillərə də olduğu
kimi çatdırmalıyıq. Ona görə bizim əsl müstəqillik tariximiz ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma
faktiki olaraq yox idi. Əgər Heydər Əliyev ölkəmiz üçün, xalqımız və dövlətimiz
üçün sözün əsl mənasında ölüm-qalım məsələsinin həll edildiyi həmin dövrdə
hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan ya bir dövlət kimi artıq mövcud
deyildi, ya da ən yaxşı halda böyük dövlətlərin əlinin altında marionet bir
dövlət kimi yarımmüstəmləkə həyatını yaşayırdı.Lakin bunların heç biri baş vermədi.
Xalqın təkidi və tələbilə ölkə rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin səyləri
ilə 1993-2003-cü illər Azərbaycanın tam müstəqil dövlət kimi formalaşması üçün
həlledici illər oldu. Həmin dövrdə dövlətçiliyin əsasları qoyuldu, Konstitusiya
qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yaradıldı.
Ölkə beynəlxalq təcriddən çıxdı. Azərbaycan artıq hörmətli və hörmətə layiq
olan ölkə kimi tanınmağa başladı və ölkəmizə böyük investisiyalar cəlb edildi.
Məhz həmin illərdə ordu quruculuğuna start verildi. Bütün bu başlanğıclar isə
son 17 il ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildi və nəticədə Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan tam müstəqil,
öz ərazi bütövlüyün öz gücünə bərpa etmiş, regionda şəriksiz lider mövqelərini
inamla özündə saxlayan, yüksək beynəlxalq nüfuza sahib olan güclü və suveren
bir dövlət kimi beynəlxalq aləmdə özünü təsdiq etmişdir.”
Daha sonra Səttar Möhbalıyev 2003-2020-ci
illər ərzində həyata keçirilmiş hazırlıq işləri sayəsində Vətən müharibəsində əldə
olunmuş tarixi qələbəmizi və torpaqlarımızın işğaldan azad edilməsini Azərbaycanın
bu günə qədər əldə etdiyi ən böyük tarixi nailiyyət olduğunu vurğulayaraq
bunları deyib: “Dövlət başçımızın da qeyd etdiyi kimi, 2003-2020-ci illər ölkəmiz
üçün zəruri və vacib bir hazırlıq dövrü idi. Tprpaqlarımızın işğaldan azad
olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi məqsədilə həlledici addmların
atılması üçün. Bütün bu dövr ərzində Azərbaycan Prezidenti cənab İlham Əliyev
daima deyirdi ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə biz
bunu həll edəcəyik. Bütün xarici təzyiqlərə, ittihamlara baxmayaraq Azərbaycanın
dövlət başçısı bu haqlı mövqeyindən heç zaman bir addım belə olsun geri çəkilmədi.
Az qala bütün dünya deyirdi ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli
yoxdur. Beynəlxalq təşkilatlar çalışırdılar ki, Ermənistan ilə hər hansı bir
formada bir protokol imzalansın ki, ancaq məsələ sülh yolu ilə həll olunsun. Yəni,
hərbi yol istisna edilsin. Yalnız Prezident İlham Əliyevin siyasi iradəsi buna
yol vermədi. 17 il ərzində dövlətimizin başçısı bütün çıxışlarında, beynəlxalq
müstəvidə keçirilən bütün tədbirlərdə bu məsələni dilə gətirirdi, mövcud
münaqişəni diqqət mərkəzinə çəkdi. Görülən tədbirlər sayəsində ilk növbədə
daxili sabitlik təmin edildi, xalq-iqtidar birliyinə nail olundu. Daha sonra
ölkənin iqtisadi inkişafı təmin edildi. Əlbəttə ki, güclü ordunun yaradılması
güclü iqtisadiyyat tələb edir. Eyni zamanda həyata keçirilən düzgün xarici
siyasət hesabına beynəlxalq vəziyyət bizim xeyrimizə çevrildi. İşğalçı Ermənistandan
başqa bütün qonşu dövlətlərlə çox səmərəli dostluq, mehriban qonşuluq əsasında
münasibətlər quruldu. Həmçinin digər ölkələrlə də qarşılıqlı faydalı əməkdaşlıq
prinsipləri əsasında əsasında münasibətlər quruldu. Ölkə rəhbərliyi tərəfindən
beynəlxalq təşkilatlarda iri miqyasda işlər aparıldı. Nəticədə 2005-ci ilə qədər
Azərbaycan üçün əsas hüquqi bazanın yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri
olduğu halda, 2005-ci ildə Avropa Şurası Parlament Assambleyası uzun müzakirələrdən
sonra ölkəmizi qane edən qətnamə qəbul etdi. Ardınca BMT Baş Assambleyası,
Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri
buna oxşar qərar və qətnamələr qəbul etdilər.
Bütün bunlarla yanaşı isə münaqişənin həlli
üçün ən mühüm olan sahədə, ordu quruculuğunda möhtəşəm hazırlıq işləri həyata
keçirildi. Sonda bütün bu hazırlıqlar sayəsində bizim qürur mənbəyimiz, Vətən
müharibəsində tarixi Qələbəmiz əldə olundu.”
Öz fikirlərini davam etdirən millət vəkili YAP-ın VII qurultayında müzakirə olunan konsepsiyaların Azərbaycanın müharibədən sonrakı dövrdə inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı: “Dövlətimizin başçısı qurultayda etdiyi çıxışında əslində ölkəmizin postmüharibə dövrü üçün inkişaf proqramının əsas müddəalarını müəyyən etmiş oldu. İlk növbədə qeyd olundu ki, ölkədə son illər ərzində əldə olunmuş siyasi dialoq yeni dövrdə daha da dərinləşdirilməlidir. Çünki ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.
İqtisadi sahəyə gəldikdə, burada şəffaflığın
və dürüstlüyün təmin olunması, inhisarlara son qoyulması yeni dövrün əsas tələb
və şərtləri kimi önə çıxarıldı. Prezident İlham Əliyev ölkə iqtisadiyyatının
bundan sonrakı inkişafının məhz bu əsaslar üzərində təmin olunmasının zəruriliyini
vurğuladı.
Həmçinin dövlət başçısı qeyd etdi ki,
xarici siyasət kursu dəyişməz olaraq qalacaq. Həqiqətən də bu kurs özünün yeganə
düzgün konsepsiya olduğunu artıq dəfələrlə sübut edib və məhz bu kursun nəticəsi
olaraq Azərbaycan bir çox tarixi nailiyyətlər əldə edib.
Əminliklə demək olar ki, bu konsepsiyalar
ölkəmizin bundan sonrakı inkişafını daha yüksək dinamika ilə təmin edəcək və Azərbaycan
yeni dövrdə daha böyük tarixi qələbələrə öz imzasını atacaq.”