Üzv təşkilatlar
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri
Möhbalıyev Səttar Suliddin oğlu
1955-ci ildə Naxçıvan MR-nın Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980-ci ildən 1991-ci ilə qədər Avtonəqliyyat və Şosse Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri, 1991-ci ildən 2006-cı ilədək isə həmin Respublika Komitəsinin sədri olmuşdur.
Respublikamız müstəqillik qazandıqdan sonra ölkənin bütün sahələrində olduğu kimi həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zərurəti yaranmışdır. 1992-ci ildə S.Möhbalıyevin rəhbərliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasında və ümumilikdə həmkarlar ittifaqlarında struktur islahatlarının aparılması və yeni nizamnamənin hazırlanması məqsədi ilə təşkilat komitəsi yaradılmış və 1993-cü ilin fevralında AHİK-in təsis qurultayı keçirilmişdir. Təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə S.Möhbalıyev AHİK-in sədri seçilmişdir. 1998-2003-2008-2013-cü illərdə AHİK-in I, II, III və IV qurultaylarında yenidən bu vəzifəyə seçilmişdir. 2006-cı ildə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Məclisində İttifaqın sədri seçilmişdir.
S.Möhbalıyev AHİK-in sədri seçildikdən sonra həmkarlar ittifaqlarında islahatların aparılmasında, onun əmlakının qorunub saxlanılmasında, «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikası qanununun qəbul edilməsində, həmkarlar ittifaqlarının nüfuzunun möhkəmləndirilməsində, transmilli şirkətlərdə həmkarlar ittifaqının yaradılmasında müstəsna əmək sərf etmişdir. S.Möhbalıyevin səyi nəticəsində AHİK MDB məkanında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasına ilkin üzv olan təşkilatlardan biridir.
S.Möhbalıyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edir.
Respublikada aparılan islahatlarla bağlı yaradılmış bir sıra dövlət komissiyalarının üzvü, Milli Məclisin deputatı, Polşa-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Türkiyə, Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan Respublikası Milli Məslisinin İctimai birliklər və dini qurumlar komitəsinin, intizam komissiyasının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Sədrlər Şurasının, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür.
2014-cü ildən BHİK-in, 2015-ci ildən isə Pan Avropa Regional Şurasının vitse-prezidentidir.
İqtisad elmləri doktoru, professordur. "Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri", "Keçid dövründə əmək bazarı və məşğulluq siyasəti", "Əmək bazarı, məşğulluq və işsizliyin elmi - nəzəri əsasları", "Beynəlxalq Əmək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri", "Əmək bazarı və əhalinin sosial müdafiəsi" kitablarının və bir sıra elmi məqalələrin müəllifidir.
Azərbaycan Respublikasının «Şöhrət» ordeni, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının qızıl və gümüş medalı, Rusiya Federasiyasının Rabitə İşçilərinin Ümumrusiya Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin Rəyasət Heyətinin qızıl ordeni və Neftqaztikinti həmkarlar ittifaqları Beynəlxalq Federasiyasının diplomu və mükafatı ilə təltif olunmuşdur.
Evlidir, üç övladı var.