31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib
31 Mar 2017
Martın 31-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Ermənistanın tarix
boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən
danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif
dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi
əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. S.Möhbalıyev Ermənistanın məkrli
siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya
ictimaiyyətinə olduğu kimi çatdırılmasının önəmini vurğulayıb.
Səttar Möhbalıyev deyib ki, ermənilərin müxtəlif dövrlərdə fərqli
formalarda həyata keçirdikləri kütləvi qətllər əvvəlcədən düşünülüb və
planlaşdırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb
çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan"
dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana
qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə
insan məhv edilib, evindən-obasından didərgin salınıb. Rəsmi məlumatlara əsasən,
1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda ümumilikdə əlli
minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qətliamlar eynilə
Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata
keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək,
bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri
yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Fövqəladə
İstintaq Komissiyasının hesabatına görə, üç gün - 30 mart-1 aprel tarixlərində
Bakıda 12 min nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb, Şamaxı qəzasının 72 kəndi
dağıdılıb, 8 min nəfərə qədər azərbaycanlı məhv edilib. S.Şaumyanın xüsusi səlahiyyətlər
verdiyi Hamazaspın rəhbərliyi ilə erməni quldur cəza dəstəsi Quba qəzasında
qırğın törədərək 122 müsəlman kəndini dağıdıb, yüzlərlə azərbaycanlını və digər
xalqların nümayəndələrini xüsusi amansızlıqla qətlə yetirib.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər
Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin
verildiyini diqqətə çatdıran AHİK-in sədri öz torpaqlarından qovularaq qaçqın və
məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə doğma yurd-yuvalarına
qayıdacaqlarına əminliyini ifadə edib.
S.Möhbalıyev qeyd edib ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət
kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək,
dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı
genişləndirmək, xaricdə güclü lobbi formalaşdırmaq Prezident İlham Əliyevin
xarici siyasətinin prioritet məqsədləri sırasındadır. Dövlət başçısının Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasətin nəticəsidir
ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO
Parlament Assambleyası, BMT və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın
təcavüzkar dövlət kimi tanınmasına nail olunub.
Tədbirdə mövzu ilə bağlı çıxış edən tarix elmlər doktoru Vəkil Həsənov
deyib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən
biridir. Bu hadisələrdən bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq, uzun müddət
bizə onu başqa formada təqdim etmək istəyiblər. Ermənilər dünyada baş verən
siyasi proseslərin gedişindən məharətlə istifadə etməyi bacarıblar. Onlar məhz
Birinci Dünya müharibəsi ərəfəsində və 1917-ci ildə Rusiyada yaranmış vəziyyətdən
yararlanaraq zamanın yetişdiyini dərk ediblər. Bakıda, Tiflisdə və digər şəhərlərdə
erməni siyasi partiyaları ciddi fəaliyyətə keçiblər. Azərbaycan torpaqlarında
yerləşmiş ermənilər öz məramlarını açıq-aşkar həyata keçirməyə çalışıb və
terror, soyqırımı, istila yolları ilə buna nail olublar. Çox təəssüf ki, heç
bir dövləti olmayan ermənilər Azərbaycan ərazisində özlərinə dövlət qurublar.
Türkiyəyə qarşı ərazi iddiası irəli sürən ermənilər bir nəticə əldə etməyəcəklərini
görüb yenə də Azərbaycana hücum ediblər. 1918-ci ilin yanvarında İrəvan
quberniyasında müsəlman əhalinin yaşadığı kəndləri yandırıb, dağıdıb, əhalini
amansızcasına qətlə yetiriblər. Birinci Dünya müharibəsindən qayıdan ermənilər əllərindəki
silahları Azərbaycan xalqına qarşı tuşlayıblar. Mayın 28-nə qədər - Azərbaycanda
Xalq Cümhuriyyəti qurulanadək ermənilər tərəfindən hücumların ardı-arası kəsilməyib.
Lakin Azərbaycanda sovet hökuməti qurulduqdan sonra onlar öz məkrli siyasətlərinə
davam ediblər.
V.Həsənov soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm
milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət
verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha
belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini
vurğulayıb.