Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransı keçirilib
09 Oct 2017
Oktyabrın 9-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransı keçirilib.
Tədbirdən öncə konfrans
iştirakçıları Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət
edərək üzərinə gül dəstələri qoymuş, həmçinin görkəmli oftalmoloq alim,
akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər
düzüblər. Daha sonra Şəhidlər Xiyabanına gedən qonaqlar xalqımızın azadlığı
uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini anıblar.
Nizami Kino
Mərkəzində təşkil olunmuş hesabat-seçki konfransında Beynəlxalq Təhsil
Birliyinin Avropa regionu üzrə direktoru Susan Floken, Türkiyə Təhsil İşçiləri
Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları
Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri
Həmkarlar İttifaqının sədri Qalina Merkulova çıxış ediblər. Bildirilib ki,
iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm
şərtlərdən olan insan kapitalının inkişafı hər bir ölkənin təhsil sisteminin
başlıca vəzifəsini təşkil edir.
Sonra Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 2012-2017-ci
illər ərzində gördüyü işlər barədə geniş hesabat məruzəsi ilə çıxış edib.
Bildirib ki, hər bir Azərbaycan vətəndaşı ölkəmizdə belə bir güclü həmkarlar
ittifaqı təşkilatının olmasına görə ümummilli lider Heydər Əliyevə borcludur.
Ulu Öndərin həmkarlar ittifaqı təşkilatlarına dəstək siyasəti hazırda Prezident
İlham Əliyev və Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla
davam və inkişaf etdirilir.
Məruzədə bildirilib ki,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı öz sıralarında 380 mindən
artıq ittifaq üzvünü birləşdirir.
Hesabat dövründə Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Məclisinin 6,
Rəyasət Heyətinin 39 iclası keçirilib. Respublika Komitəsinin Məclisində və Rəyasət
Heyətində müzakirəyə çıxarılmış məsələlər əsasən ittifaq üzvlərinin əmək,
sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, təhlükəsiz iş
şəraiti, istirahəti və müalicəsi ilə bağlı olub.
XVI konfransdan sonrakı
dövr ərzində həmkarlar ittifaqı üzvlərinin sayında əhəmiyyətli artım müşahidə
olunub. Belə ki, 2013-cü il yanvarın 1-nə olan statistik məlumata görə, ittifaq
üzvlərinin sayı 378 min 653 nəfər olduğu halda 2017-ci il yanvarın 1-də bu
rəqəm 381 min 347 nəfərə yüksəlib. Eyni zamanda, Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqının üzv təşkilatlarının sayı da 5864-dən 5901-ə
yüksəlib.
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçkilərin daha yüksək
səviyyədə keçirilməsi məqsədilə 2016-2017-ci illərdə geniş maarifləndirmə işi
aparılıb. Belə ki, Komitə tərəfindən ayrı-ayrı bölgələrdə, o cümlədən Bakı,
Gəncə, Şəki şəhərlərində, Bərdə, Masallı, Göyçay, Quba, İmişli, İsmayıllı
rayonlarında ilk təşkilatların, rayon komitələrinin sədrləri və fəalları, eləcə
də Respublika Komitəsinin rəhbər və məsul işçilərinin iştirakı ilə geniş
seminar - müşavirələr keçirilib.
Hesabat dövründə ittifaq
üzvləri tərəfindən edilmiş müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi
kömək göstərilib. Komitəyə və onun xidmətində olan şəhər, rayon və rayon
hüquqlu təşkilatlara ittifaq üzvlərindən 338 min 203 müraciət daxil olub. Bu
müraciətlərdən 13 min 623-ü əmək hüquqlarının müdafiəsi, 237 min 670-i maddi
yardımların verilməsi, 13 min 413-ü isə həmkarlar ittifaqı orqanlarının işi ilə
bağlı olub. Daxil olmuş müraciətlərin 312 min 223-ü müsbət həll olunub.
Son illərdə Prezident İlham
Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının 1 nəfər əməkdaşı “Şöhrət” ordeninə, 1 nəfər “Vətənə xidmətə görə”
ordeninə, 1 nəfər Azərbaycan Respublikasının Prezidentinin Fəxri diplomuna, 24
nəfər “Tərəqqi” medalına, 11 nəfər “Əməkdar müəllim” fəxri adına, 8 nəfər
“Əməkdar mədəniyyət işçisi” fəxri adına, 31 nəfər “Qabaqcıl təhsil işçisi” döş
nişanına layiq görülüblər. Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası tərəfindən sahə həmkarlar ittifaqının 8 əməkdaşı “Azərbaycan
Həmkarlar İttifaqlarının 100 illik yubileyi” medalı, 36 nəfər “Həmkarlar
ittifaqlarında xidmətə görə” medal, 40 nəfər Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, 352 nəfər isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Fəxri Fərman ilə təltif ediliblər.
S.Möhbalıyev qeyd
edib ki, hesabat dövrü ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
beynəlxalq əlaqələrini daha da genişləndirmək məqsədilə Macarıstan, İsrail,
Sloveniya, Bosniya və Herseqovina, Makedoniya, Belarus və digər ölkələrin
Təhsil İşçiləri Həmkarlar İttifaqları ilə ikitərəfli əməkdaşlıq müqavilələri
imzalayıb.
Sonra Təftiş Komissiyasının
hesabatı dinlənilib.
Konfransda komitənin
rəhbər orqanlarına seçkilər keçirilib. Səttar Möhbalıyev yekdilliklə növbəti
dövr üçün Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri seçilib.