AZ | RU | EN

Əsas fəaliyyət işçilərin sosial-əmək mənafelərinin müdafiəsinə və həyat şəraitinin yaxşılaşdırılmasına həsr olunub

18 Oct 2017

Oktyabrın 18-də Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilib.

Qurultayda Respublika Komitəsinin sədri Səməd Allahverdiyev hesabat məruzəsi ilə çıxış edib. Hesabat məruzəsində 2014-2017-ci illər ərzində görülən işlər diqqətə çatdırılıb. S.Allahverdiyev bildirib ki, Respublika Komitəsinin əsas fəaliyyəti İttifaqın V qurultayının qərarlarının yerinə yetirilməsinə, həmkarlar ittifaqı üzvləri olan dənizçilərin, limançıların, gəmi təmirçilərinin sosial-əmək mənafelərinin müdafiəsinə və eləcə də onların həyat şəraitinin yaxşılaşdırılmasına həsr olunub.S.Allahverdiyev deyib ki, Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqına qurultaylararası dövrdə 3100 ədəd ərizə daxil olub. Ərizə və şikayətlərin bir hissəsinə RK-da, müəyyən hissəsinə isə yerli təşkilatlarda baxılıb.Sahə həmkarlar ittifaqı üzvlərinin sayı 9186 nəfərdir, onlardan 1181-i qadındır.Respublika Komitəsi gənclərə də xüsusi önəm verir, onların problemləri ilə maraqlanır, işində fərqlənənlərə müxtəlif həvəsləndirici mükafatlar təqdim edir.İş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb.RK-nın texniki əmək müfəttişi tərəfindən sahə xidmətinə daxil olan idarə, müəssisə və təşkilatlarda 50-dən çox yoxlama-baxış reydləri keçirilib, aşkarlanmış nöqsanlar barədə təqdimatlar tərtib olunub. Görülmüş tədbirlər Rəyasət Heyətinin iclaslarında müzakirə edilib.Son 3 il yarımda 690 ittifaq üzvü sanatoriyalara yollayışlarla təmin olunub.
Mandat və nəzarət-təftiş komissiyalarının hesabatı dinlənildikdən sonra müzakirələrə başlanılıb. Məruzə ətrafında çıxışlarda RK-nın və üzv təşkilatların hesabat dövründəki fəaliyyəti bütövlükdə qənaətbəxş dəyərləndirilib.

Təklif olunub ki, AHİK-in gələn il keçiriləcək V qurultayında Səttar Möhbalıyevin sədr vəzifəsinə namizədliyi irəli sürülsün və dəstəklənsin.
Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının sədri Georgi Stolyarenko çıxışında deyib ki, bu yaxınlarda 25 illiyini qeyd etdiyimiz təşkilatımızın əsas məqsədi işçilərə aid məsələlərin həllində üzv təşkilatların rolunun, nüfuzunun artırılması üçün onlara yardım göstərməkdir. Eyni zamanda dəniz və çay nəqliyyatı işçilərinin fəaliyyəti ilə bağlı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin inkişafı, regional və beynəlxalq həmkarlar ittifaqı hərəkatında fəal iştirak da diqqətimizdə olan vacib məsələlərdəndir. Çalışırıq ki, həmkarlar ittifaqlarının səsi hər bir yerdə eşidilsin.

Natiq ötən ay Bakıda Su Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının VI qurultayının keçirildiyini və çox mühüm qərarlar qəbul olunduğunu diqqətə çatdıraraq yüksək təşkilatçılığa görə öz minnətdarlığını bildirib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək Dövlət Müstəqilliyi Günü münasibətilə qurultay iştirakçılarına təbriklərini çatdırıb.

Sonra AHİK sədri ötən müddət ərzində Respublika Komitəsinin gördüyü işlərə münasibət bildirib.
S.Möhbalıyev  AHİK-in tarixindən danışaraq onun Azərbaycanda ən böyük kütləvi təşkilat olduğunu və üzvlərinin sayının bir milyon altı yüz min  nəfərə çatdığını qeyd edib: "Konfederasiya yaradılanda əsas məqsədimiz AHİK-in hüquqi bazasının təşkili və həmkarlar ittifaqları haqqında qanunun qəbulu idi.  Bir müddət sonra bu istəyimizə nail olduq. Qanunların qəbul olunması həmkarlar ittifaqlarının inkişafına təkan verdi. AHİK-in mütəxəssisləri  həmçinin digər normativ-hüquqi sənədlərin hazırlanmasında da fəal iştirak edib".

AHİK sədri dənizçiliyin çətin bir peşə olduğunu deyərək bu sahədə çalışan insanların əməyini yüksək qiymətləndirib. Qeyd edib ki, onlar hər cür diqqət və qayğıya layiqdirlər.

Millət vəkili bildirib ki, üzvlərimizin sağlamlığı və istirahəti daim diqqət mərkəzindədir. Bu məqsədlə hər il təşkilatlara ayrılan yollayışların sayı artırılır. Sanatoriyalarımız təmir olunur, yeni korpuslar tikilir. İstirahət mərkəzlərimiz müasir avadanlıqlarla təmin olunur. Gələcəkdə də çalışacağıq ki, bu işləri davam etdirək.
AHİK sədri kollektiv müqavilələrin əhəmiyyətindən də söhbət açıb. Deyib ki, kollektiv müqavilələrin bağlanması ilə yanaşı, onların icra olunması məsələləri də diqqətdə saxlanılmalıdır.
S.Möhbalıyev çıxışında digər məsələlərə də toxunub.
Sonda təşkilati məsələyə baxılıb. Səməd Allahverdiyev Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilib.