Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının XVIII hesabat-seçki konfransı keçirilib
10 Oct 2017
Oktyabrın 10-da Bakı Biznes Mərkəzində Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) XVIII konfransı keçirilib.
Konfransda Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova iştirakçıları
salamlayaraq deyib ki, tədbirə bir sıra yerli və xarici təşkilatlardan çoxsaylı
təbrik məktubları ünvanlanıb. O, yüksək diqqətə görə hər kəsə minnətdarlığını
bildirib.
Sonra mandat komissiyasının
hesabatı dinlənilib.
Konfransda Mədəniyyət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov hesabat
məruzəsi ilə çıxış edib.
Hesabatda komitənin
2013-2017-ci illərdəki fəaliyyəti barədə geniş məlumat verilib.
Diqqətə çatdırılıb ki,
hesabat dövrü ərzində MİHİ-nin fəaliyyətində ən əlamətdar və mühüm tarixi əhəmiyyət
kəsb edən hadisələrdən biri də qurumun yaranmasının 110 illik yubileyinin qeyd
edilməsi olub.
Hesabat dövrü ərzində
MİHİ-nin öz fəaliyyətini ölkədə baş verən sosial-iqtisadi islahatların tələblərinə
müvafiq qurduğunu söyləyən M.Əlibəyov deyib ki, ötən konfransda qəbul olunmuş
2013-2017-cil illər üzrə “Əsas İstiqamətlər” Proqram sənədinin icrası təmin
edilib. İlk növbədə, qurum 2005-ci ildən ardıcıllıqla davam edən müsbət artım
dinamikasını 2013-2017-ci illərdə də qoruyub saxlayıb. Bu illər ərzində üzvlərin
sayı 2,8 faiz artaraq 55 min 233 nəfər olub. Xidmətdə olan həmkarlar ittifaqı təşkilatlarının
sayı da müvafiq dövrdə 4,2 faiz artaraq 756-ya çatıb.
Diqqətə çatdırılıb ki, hesabat dövrü ərzində 8 plenum, rəyasət heyətinin 58
iclası, müşavirələr, yığıncaqlar, seminarlar və bir sıra tədbirlər keçirilib.
Ənənəvi olaraq rəyasət heyətinin 4 səyyar zona iclası təşkil olunub.
Hesabat dövrü ərzində ittifaq üzvlərindən daxil olmuş ərizə və müraciətlər
daim diqqət mərkəzində saxlanılıb. Ümumilikdə 2013-2017-ci illər ərzində
respublika komitəsinə hüquq, islahat, maddi yardım, əmək fəaliyyəti, sağlamlıq
və digər məsələlərlə əlaqədar 756 ərizə daxil edilib. Bu müraciətlərin hər
birinə ətraflı cavab verilib və əksəriyyəti müsbət həllini tapıb. Bu illər ərzində
komitənin göndərişi ilə Əmək və Sosial Münasibətlər Akademiyasının təşkil
etdiyi kurslara 148 nəfər cəlb edilib. Ötən dövr ərzində müxtəlif mövzularda 88
seminar və müşavirə keçirilib.
MİHİ-nin səmərəli fəaliyyətinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə
olunduğunu və ölkənin ictimai-mədəni həyatında fəal iştirak edənlərin fəxri
adlarla təltif edildiyini diqqətə çatdıran natiq bütün mədəniyyət işçiləri
adından ölkə Prezidentinə
dərin minnətdarlığını
bildirib.
Təmsil etdiyi qurumun yerli təşkilatlarla əlaqələrindən söz açan natiq
deyib ki, bu gün bağlanmış kollektiv müqavilələrin əhatəsi 95 faizə çatıb. Əmək
qanunvericiliyinə əməl olunmasına nəzarət etmək məqsədilə müəssisə və təşkilatlarda
Fərdi Əmək Mübahisələri Komissiyaları yaradılıb, onlara əməli və metodiki köməklik
göstərilib.
Bildirilib ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi
2013-2017-ci illər ərzində beynəlxalq həmkarlar ittifaqı təşkilatları və
ictimai birliklərlə əməkdaşlıq əlaqələrini daha da genişləndirib.
Hesabatda komitənin nizamnamə fəaliyyəti, ittifaq üzvlərinin əmək və
sosial-iqtisadi mənafeləri, hüquqların müdafiəsi, işçilərin sağlamlıqlarının
mühafizəsi, habelə əməyin mühafizəsi və texniki təhlükəsizliyi və digər məsələlərə
toxunulub.
Sonra MİHİ-nin təftiş komissiyasının hesabatı dinlənilib.
Konfransda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin
2018-2022-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müzakirə edilib.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən
mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, çoxsaylı mədəniyyət
işçisini özündə birləşdirən bu qurum son illər mühüm işlər görüb. Mədəniyyət
sahəsində çalışan insanların peşə fəaliyyətindən danışan Ə.Vəliyev onların dövlətimizin
ictimai-siyasi həyatındakı xidmətlərindən də söz açıb.
Bu gün mədəniyyət sahəsində çalışan insanlara dövlət səviyyəsində diqqət və
qayğı göstərildiyini söyləyən nazir müavini bildirib ki, onların zəhməti hər
zaman ölkə başçısı tərəfindən yüksək qiymətləndirilir.
Konfransın işinə uğurlar diləyən Azərbaycan Həmkarlar İttifaqı
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə həyata
keçirilən iqtisadi islahatlardan danışıb. Azərbaycanda iri layihələrin
icrasının uğurla davam etdiyini vurğulayan natiq bütün bunların Prezident İlham
Əliyev tərəfindən ölkədə həyata keçirilən düzgün iqtisadi strategiya nəticəsində
reallaşdığını qeyd edib.
S.Möhbalıyev MİHİ-nin fəaliyyətinə ölkə başçısı tərəfindən göstərilən dəstək
və qayğıdan da söz açıb. Vurğulayıb ki, hər il dövlət başçısı çoxsaylı mədəniyyət
işçisini müxtəlif fəxri adalarla təltif edir, onların fəaliyyətinə yüksək
etimad göstərir.
S.Möhbalıyev son illər Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında”
Qanuna dəyişikliklər və əlavələr edildiyini diqqətə çatdırıb. Bildirilib ki,
işçilər işdən çıxarılarkən həmkarlar ittifaqının razılığının alınması ilə bağlı
“Həmkarlar İttifaqı haqqında” qanunda və Əmək Məcəlləsində edilən dəyişiklik təşkilatın
rolunun və nüfuzunun artmasına xidmət edir.
Sonra konfrans iştirakçılarının yekdil təklifi ilə Cəmilə Səttarova MİHİ
Respublika Komitəsinin sədri seçilib. Həmçinin MİHİ Respublika Komitəsinin, təftiş
komissiyasının və rəyasət heyətinin üzvləri də seçiliblər.
Yekunda MİHİ-nin fəalları müxtəlif mükafatlara və fəxri fərmanlara layiq
görülüblər.