2 Fevral Gənclər günü ilə bağlı seminar-müşavirə keçirilib
29 Jan 2016
2 Fevral Gənclər günü və “Gənc həmkarlar ittifaqı lideri məktəbi - Gənc işçilər üçün kompleks proqramı” ilə əlaqədar Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin seminar-müşavirəsi keçirilib.
Seminarda çıxış edən Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ölkədə gənclərə olan diqqət və qayğıdan söz acıb, dövlətçiliyin gücləndirilməsinin və gələcəyin etibarlı təminatı olan gənc kadrların hazırlanmasından, onların intellektual və kreativ qüvvəyə, cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılı olduğunu diqqətə çatdırıb.
O bildirib ki, Azərbaycan gənclərinin inkişafında həmkarlar ittifaqlarının rolu böyükdür. Bu gün gənclərimiz ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirməkdədir.
Tədbirdə çıxış edən ATİAHİ Gənclər Şurasının sədri Bayram Aslanov gənclərin böyük yaradıcı gücə malik olduğu və onların düzgün istiqamətləndirilməsi nəticəsində dövlətin və cəmiyyətin gələcəyinə layiqli töhfə verildiyini vurğulayıb. O qeyd edib ki, gənc nəslin inkişaf səviyyəsi həmin dövlətin və ya cəmiyyətin sosial-iqtisadi, siyasi həyatının güzgüsüdür.
Müşavirədə Respublika Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Səbuhi İmanov “Gənc həmkarlar ittifaqı lideri məktəbi gənc işçilər üçün kompleks proqramı” haqqında geniş təqdimatla çıxış edib. O öz təqdimatında bildirilib ki, proqramın əsas məqsədi Həmkarlar İttifaqına üzvlüyün motivasiyasının yüksəldilməsi, həmkarlar ittifaqı təşkilatlarında gənclərin iş fəaliyyətinin canlandırılması, istedadlı gənclərin üzə çıxarılması və maraqlarının müdafiə edilməsidir.