2008-2013-cü illər üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin əsas istiqamətləri
17 Mar 2008
Beynəlxalq iqtisadi məkana daha sürətlə qovuşan respublikamızda qloballaşmanın neqativ nəticələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. İqtisadi infrastruktur təkmilləşdirilir, islahatlar dərinləşir. Sosial-iqtisadi sahələrin inkişafı üzrə qəbul edilmiş dövlət proqramları uğurla həyata keçirilir. İnnovasiya prosesləri stimullaşdırılır, yeni infrastrukturlar yaradılır. Son beş ildə Azərbaycan iqtisadiyyatında köklü dəyişikliklər baş vermiş, orta hesabla ümumi daxili məhsn artımı ildə 121,5 faiz olmuşdur.
AHİK-in III qurultayı müasir dövrdə sosial-iqtisadi tərəqqini təqdir etməklə yanaşı onu da diqqətə çatdırır ki, dünyada gedən qloballaşma prosesi həyatın bütün sahələrinə bu və ya başqa şəkildə təsir göstərməkdədir. Əmək adamlarının hüquqları işəgötürənlər, xüsusilə transmilli şirkətlər tərəfindən pozr. Beynəlxalq ticarət-təsərrüfat əlaqələrinin liberallaşması ölkələr və xalqlar arasında qeyri-bərabərliyi artırır, məşğulluq və sosial inkişaf sahəsində yeni-yeni problemlər ortaya çıxarır.
Belə bir şəraitdə AHİK iş yerlərinin qorunub saxlanmasına, yeni iş yerlərinin yaradılmasına, əməkhaqqının artırılmasına, əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, istehsalatda təhlükəsizlik texnikasının yaxşılaşdırılmasına, həmkarlar ittifaqlarının hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qarşısının alınması istiqamətində daha təsirli tədbirlərin həyata keçirilməsinə çalışır.
2006-cı ildə Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası ilə Ümumdünya Əmək Konfederasiyasının birləşməsi nəticəsində yaranmış– Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq həmkarlar ittifaqı hərəkatı əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Dünya həmkarlar ittifaqlarının mübarizliyinin daha da yüksəlməsinə təkan verdi.
Avropa Şurasının üzv dövlətlərini və MDB ölkələrini əhatə edən yeni Ümumavropa Regional Şuranın (ÜRŞ) təşəkkuül tapması AHİK-ə beynəlxalq əlaqələr qurmaq işində yeni forma axtarışı üçün əsas yaratmışdır. Qurultay hesab edir ki, bu işdə daha böyük uğurlar əldə etməkdən ötürü beynəlxalq həmrəylik prinsiplərindən faydalanmaq, dünya həmkarlar ittifaqlarının məqsəd, vəzifə və mövqelərinin yaxınlaşmasına diqqət yetirmək, əlaqələri daha da genişləndirmək lazımdır.
Qurultay yoxsulluqla və layiqli əmək uğrunda mübarizədə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsində ölkəmizdə həmkarlar ittifaqı hərəkatının birliyinin və gücünün, habelə sosial partnyorluq sisteminin inkişafını, AHİK-in və onun üzv təşkilatlarının öz səylərini aşağıdakı əsas istiqamətlərdə cəmləşdirməsini zəruri sayır.
Layiqli həyatın təməli olan layiqli əmək uğrunda mübarizə hamının işi olmalıdır.
AHİK, onun üzv təşkilatları respublikamızda insan hüquqlarına, o cümlədən əmək hüquqlarına riayət olunmasına, bütün işçilər üçün hərtərəfli sosial müdafiə sisteminin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, yoxsulluğun aradan qaldırılmasına yönəlmiş sosial-iqtisadi siyasətin işlənib hazırlanmasına və həyata keçirilməsinə çalışacaqlar. Beynəlxalq Əmək Təşkilatının konvensiyalarının və Avropa Sosial Xartiyasının tələblərinə əməl olunması üçün bütün imkanlarından istifadə edəcəklər. Konfederasiya üzv təşkilatlarla birgə işsizliyin aradan qaldırılmasına yardım göstərəcək, məşğulluqla əlaqədar müntəzəm olaraq aparılan təhlillərin nəticələrinə əsasən həmkarlar ittifaqlarının fəaliyyəti üzrə təkliflər işlənib hazırlanacaqdır. Təkliflər hazırlanarkən gənclərə, qadınlara, əhalinin sosial cəhətdən zəif təbəqəsinə, pensiya yaşına az qalmış işçilərə daha çox diqqət yetiriləcəkdir.
Sərbəstləşən işçilərin yenidən hazırlanması və ixtisasının artırılması, onların işlə təmin olunmasında həmkarlar ittifaqlarının rolunun artırılmasına çalışacaq. Məşğulluq üzrə şəxsi agentliklərin fəaliyyətinin məhdudlaşdırılması və ya qadağan olunması, muzdlu işçilərin mənafeyinin müdafiəsi üçün tədbirlər görüləcəkdir.
Əməkhaqqının real dəyərinin əhəmiyyətli dərəcədə artırılması, vaxtlı-vaxtında heç bir ayrı-seçkiliyə yol verilmədən ödənilməsi, onun təbəqələşməyə şərait yaratmaması AHİK-ın üzv təşkilatlarının diqqət mərkəzində olacaqdır. İşçilərin yaşayış minimumundan az olmayan əməkhaqqı ilə təmin olunması sahəsində aparılan iş bundan sonra da davam etdiriləcəkdir. AHİK əməkhaqqının vəziyyəti barədə göstəricilərin toplanması, öyrənilməsi və təhlili əsasında müvafiq təkliflər işləyib hazırlayacaqdır. Bu təkliflərin hökumət tərəfindən qəbul edilməsinə nail olmağa çalışacaqdır.
Konfederasiya sosial qeyri-bərabərliyi, əhalinin aztəminatlı hissəsindən tutulan verginin azaldılmasının və yaşayış minimumundan az gəliri olan vətəndaşların vergidən azad edilməsinin əhəmiyyətini nəzərə alaraq, vətəndaşların gəlirlərinə ədalətli vergi qoyulması uğrunda üzv təşkilatlarla birgə təsirli tədbirlər həyata keçirəcəkdir.
AHİK və onun üzv təşkilatları bütün mümkün vasitələrlə əmək hüquqlarının pozulmasına qarşı çıxacaq, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına çalışacaqdır. Əməyin mühafizəsinə dair qanunvericiliyə riayət edilməsi, həmkarlar ittifaqlarının ictimai nəzarət funksiyasının inkişafı və təkmilləşdirilməsi, bu sahədəki təcrübənin, eləcə də beynəlxalq təcrübənin ölkəmizdə geniş yayılması üzrə apardığı işi davam etdirəcəkdir.
Konfederasiya əməkçiləri mümkün sosial risklərdən müdafiə edərək, üzv təşkilatların sığorta prinsiplərindən tam və səmərəli şəkildə istifadə edilməsi sahəsində apardığı bütün işləri dəstəkləyəcəkdir. Bununla yanaşı, büdcədənkənar sosial fondların vəsaitlərinin idarə olunmasında işəgötürənlər və hökumətlə birlikdə həmkarlar ittifaqlarının da iştirakını vacib hesab edirik. Müharibə veteranlarının, texnogen və ekoloji faciələrdə zərər çəkənlərin sosial müdafiəsi üzrə iş daha da canlandırılmalıdır. AHİK gələcəkdə də pensiyaçıların maddi durumlarını daim diqqət mərkəzində saxlayacaqdır. Həmkarlar ittifaqları pensiya sisteminin maliyyə davamlılığının təmin edilməsinə, pensiyaların məbləğinin ən azı yaşayış minimumu səviyyəsinə çatdırılmasına, Beynəlxalq Əmək Təşkilatının tələblərinə əsasən itirilmiş gəlir əmsalının qanunvericiliklə müəyyənləşdirilməsinə nail olmağa çalışacaqdır.
İstehsalatda və xidmət sahəsində gənc işçilərin layiqli əməyinin sosial siyasətin ayrılmaz hissəsi olduğunu rəhbər tutan AHİK gənclərin məşğulluğunun artırılması, keyfiyyətli təhsil alması, əmək bazarına maneəsiz daxil olmasının və layiqli iş yeri ilə təmin edilməsi uğrunda həmkarlar ittifaqlarının fəaliyyətini genişləndirəcək, eyni zamanda ictimai-siyasi, sosial-iqtisadi sahələrdə qadın və kişilərin faktiki bərabərliyi üçün şərait yaradılmasına yardımçı olacaqdır.
Sosial dialoq, kollektiv müqavilələrin və sazişlərin bağlanması, kollektiv əmək mübahisələrinin həll olunması, sosial əhəmiyyətli biznesin fəaliyyət göstərməsi təcrübəsinin öyrənilməsi və yayılması işi davam etdiriləcəkdir.
Həmkarlar ittifaqları normativ-hüquqi bazanın təkmilləşdirilməsi, işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin yerinə yetirilməsinə ictimai nəzarətin gücləndirilməsi, xarici investorlarla müqavilələrin (sazişlərin) bağlanması üçün müvafiq dövlət strukturları ilə danışıqlar aparılması məsələlərini əsas götürərək, müəssisələrdə əməkçilərin hüquq və mənafelərinin müdafiəsi, müvafiq informasiya bazasının yaradılması, üzv təşkilatların iş təcrübəsinin ümumiləşdirilərək kütləvi informasiya vasitələrində, o cümlədən «Ülfət» qəzetində işıqlandırılması istiqamətində bundan sonra da sistemli iş aparılacaqdır.
Beynəlxalq məkana inteqrasiya əmək adamının mənafeyinə uyğun olmalıdır.
Qurultay beynəlxalq inteqrasiyanı, o cümlədən regional əməkdaşlığı ölkəmizin beynəlxalq mənafelərinin yaxınlaşması və razılaşdırılması vasitələrindən biri kimi qiymətləndirərək, dövlətlərarası orqanlarla konstruktiv əməkdaşlığın və inteqrasiya prosesinin davam etdirilməsini, habelə regional birliklər çərçivəsində hərtərəfli qarşılıqlı təsir mexanizminin təkmilləşdirilməsini dəstəkləyir.
AHİK ölkədə işçi qüvvəsinin miqrasiyasının tənzimlənməsinin və ümumi regional əmək bazarının formalaşmasının zəruriliyini nəzərə alaraq, inteqrasiya çərçivəsində qanunvericiliyin uyğunlaşdırılmasına, əmək üzrə sahələrarası normativ bazanın təkmilləşdirilməsinə, işçilərin ixtisas diplomlarının qarşılıqlı tanınmasına hərtərəfli yardım göstərəcəkdir.
Konfederasiya beynəlxalq miqyasda əmək miqrasiyası proseslərinin hərtərəfli təhlilinə, əmək miqrasiyasını tənzimləyən və əməkçi-miqrantların müdafiəsinə yönələn dövlətlərarası qərarların qəbul olunmasına səy göstərəcəkdir. Vətəndaşlığından asılı olmayaraq eyni hüquq və vəzifələri daşıyan bütün işçilərə hüquqi yardım göstəriləcəkdir.
Miqrantların axınının idarə olunması, insan alverinin, eləcə də insanların əsas hüquqlarının pozulmasına gətirib çıxaran hər növ cinayət hallarının qarşısının alınması məqsədi ilə işəgötürən təşkilatlarla konstruktiv dialoq aparılması davam etdiriləcəkdir. AHİK miqrantlar üçün informasiya mərkəzlərinin yaradılmasını və onların həmkarlar ittifaqlarına cəlb edilməsi kampaniyalarını dəstəkləyərək, istənilən ölkədə baş verən dözülməzlik və ksenofobiya hallarına qarşı çıxacaqdır.
AHİK Avropa, MDB və GUAM dövlətlərinin həmkarlar ittifaqları birlikləri ilə dialoqun və mədəni mübadilənin müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, əlverişli əmək şəraitinin yaradılması üçün bütün imkanlardan istifadə edəcək, festivalların və spartakiadaların keçirilməsinə yardım göstərəcəkdir.
Güclü həmkarlar ittifaqları layiqli əməyin təminatçısıdır.
AHİK respublikada həmkarlar ittifaqlarının hüquq və azadlıqlarını ardıcıllıqla və qətiyyətlə müdafiə edəcək, milli qanunvericilik və beynəlxalq əmək normalarından daha səmərəli istifadə edərək üzv təşkilatlara yardım göstərəcəkdir.
AHİK üzv təşkilatlarla birgə həmkarlar ittifaqlarının hüquqlarının pozulması faktlarının üzə çıxarılması məqsədi ilə vaxtaşırı monitorinqlər keçirəcək, həmkarlar ittifaqlarının fəaliyyətini özünə tabe etmək və ya məhdudlaşdırmaq istəyən işəgötürənlərin və dövlət qurumlarının cəhdlərinin qarşısını vaxtında, qətiyyətlə alınacaq. «Həmkarlar ittifaqı olmayan mühit» yaratmağa çalışan transmilli şirkətlərin və özəl müəssisələrin bu cəhdlərinə ciddi müqavimət göstəriləcəkdir.
Həmkarlar ittifaqlarının strukturlarının təkmilləşdirilməsi, təşkilati birliyin təminatı, işdə paralelliyin və təkrarçılığın aradan qaldırılması, yeni üzvlərin cəlb edilməsi bundan sonra da AHİK-in qarşısında duran prioritet məsələlərdən olacaqdır.
Həmkarlar ittifaqları strukturlarında gender bərabərliyinə, gender məsələsinin həmkarlar ittifaqı siyasətinə tam inteqrasiyasına nail olmağa, bütün sahələrdə qadınların hüquqlarının qorunmasına böyük diqqət yetiriləcəkdir.
Gənc həmkarlar ittifaqı liderlərinin irəli çəkilməsi, onların kadr ehtiyatına daxil edilməsi sisteminin formalaşdırılmasına çalışacaqdır. Gənc işçilərin həmkarlar ittifaqı hərəkatında tam iştirakına maneçilik törədən hallar təhlil ediləcək, həmkarlar ittifaqlarının qərarlarının qəbnda və onların həyata keçirilməsində gənclərin iştirakı üçün lazımi şərait yaradılacaqdır.
Bütün səviyyələrdə həmkarlar ittifaqı kadrlarının hazırlanması və yenidən hazırlanması üzrə kompleks sistemin inkişafına yardım bundan sonra da AHİK-in əsas fəaliyyət istiqamətlərindən olacaqdır.
Həmkarlar ittifaqının mülkiyyətinin müdafiəsi, onun qorunub saxlanması, səmərəli istifadəsi üçün mexanizmlərin təkmilləşdirilməsi işində AHİK üzv təşkilatlara yardım göstərməkdə davam etdiriləcəkdir. Sahə həmkarlar ittifaqlarının, ərazi həmkarlar ittifaqı birliklərinin, digər həmkarlar ittifaqı orqanlarının maliyyə cəhətdən möhkəmlənməsinə yönəlmiş tədbirlər daha da gücləndiriləcəkdir. AHİK beynəlxalq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsidir.
Dərinləşməkdə olan qloballaşma şəraitində AHİK və onun üzv təşkilatları beynəlxalq həmkarlar ittifaqlarının həmrəyliyi prinsipinə ciddi əməl edəcəklər. Konfederasiya irqi, etnik və dini ayrı-seçkilik, muzdlu əməkçilərin, eləcə də aztəminatlı və daha az müdafiə olunan əhali təbəqəsinin sosial-iqtisadi mənafelərinin pozulması, sosial məhdudlaşdırma, qadınlarla kişilərin qeyri-real bərabərliyi, uşaq əməyinin istismarı, kütləvi şəkildə yoxsulluq həmkarlar ittifaqlarının hüquq və azadlıqlarına təcavüz və sair hallara qarşı dünya həmkarlar ittifaqları ilə qarşılıqlı həmrəylik nümayiş etdirəcəkdir.
Ölkəmizin sosial-iqtisadi inkişafı nəzərə alınmaqla əməkçilərin müdafiəsi üzrə məsələlərdə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Ümumavropa Regional Şurası ilə müntəzəm əlaqələrin yaradılmasına və davam etdirilməsinə xüsusi diqqət yetiriləcəkdir. Bununla yanaşı, digər beynəlxalq həmkarlar ittifaqı birlikləri ilə də ənənəvi dialoq aparılması davam etdiriləcəkdir. İnformasiya təminatı həmkarlar ittifaqı işinin təşkilində səmərəli üsullardan biridir.
AHİK həmkarlar ittifaqı strukturunun daxilində operativ informasiya əlaqələrinin qurulması, üzv təşkilatlar arasında qarşılıqlı dialoqun daimi xarakter alması, işçilərin hüquqlarının etibarlı müdafiəçisi kimi həmkarlar ittifaqlarının fəaliyyətinin istiqamətləndirilməsi üçün informasiya fəaliyyətinin təkmilləşdirilməsi işini davam etdirəcəkdir.
Həmkarlar ittifaqları birliklərinin əsas informasiya fəaliyyəti rəqəmli və şəbəkə texnologiyaların, kompyuter texnikasının geniş şəkildə tətbiqi əsasında davam etdiriləcəkdir.
Konfederasiya sahə həmkarlar ittifaqlarının vahid informasiya sisteminin formalaşdırılması sahəsində iş apararaq, elektron və çap nəşrləri də daxil olmaqla, digər kütləvi informasiya vasitələri ilə həmkarlar ittifaqı orqanlarının məqsəd və fəaliyyətlərinin işıqlandırılmasına nail olacaqdır. AHİK və onun üzv təşkilatları arasında qarşılıqlı informasiya mübadiləsinin operativ və dəqiq aparılması üzrə tədbirlər gücləndiriləcəkdir.
AHİK üzv təşkilatlarla birgə həmkarlar ittifaqı hərəkatı və onun problemləri ilə bağlı informasiyaların ictimaiyyətə çatdırılması istiqamətində işləri canlandıracaq, həmkarlar ittifaqı təşkilatlarının həyatının tam və obyektiv işıqlandırılması məqsədi ilə kütləvi informasiya vasitələrinin imkanlarından daha səmərəli istifadə edəcəkdir. Müntəzəm olaraq Konfederasiyanın üzv təşkilatlarının informasiya bölmələrinin, çap və elektron nəşrlərinin işçilərinin təhsili təşkil ediləcək, müsbət iş təcrübəsi öyrənilib yayılacaq və ayda bir dəfə xüsusi bülleten buraxılacaqdır. «Ülfət» qəzetinin maddi-texniki bazasını möhkəmləndirmək istiqamətində, AHİK-in internet saytının zənginləşdirilməsi üçün tədbirlər hazırlanıb həyata keçiriləcəkdir.
Kütləvi nəşrlərdə həmkarlar ittifaqlarının həyatının daha dolğun işıqlandırılmasına, həmkarlar ittifaqlarının fəaliyyətindəki uğurlar barədə və sosialyönümlü informasiyaların gənclər auditoriyasına çatdırılmasının yeni forma və üsullarının axtarışına xüsusi diqqət yetiriləcəkdir. AHİK-in III qurultayı əmindir ki, əmək adamlarının hüquqlarının və mənafelərinin qorunması və müdafiəsi uğrunda mübarizə həmkarlar ittifaqlarının fəaliyyətinin forma və məzmununu daim zənginləşdirəcək, zamanın ortaya çıxardığı suallara təsirli cavablar tapılacaqdır.
AHİK öz məqsədyönlü işi ilə çoxminli üzvlərinin ümidlərini bundan sonra da doğrultmağa çalışacaqdır.