AZ | RU | EN
AZ | EN | RU

Tələbələrə adlı təqaüdlər təqdim edilmişdir

06 Oct 2011

 

 

Tədbiri giriş sözü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev açmışdır. AHİK sədri bildirmişdir ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur. Adlı təqaüd 1995-ci ildə Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə təsis edilmişdir. Bu günə qədər min üç yüz əlli nəfərdən yuxarı tələbə bu təqaüddən yararlanmışdır. ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüş tələbələrin hamısı əlaçı olmaqla yanaşı, həm də həmkarlar ittifaqı təşkilatının fəallarıdır.

S.Mehbalıyev qeyd etmişdir ki, gənclik millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Biz əgər dövlətimizin gələcək inkişafını düşünürüksə, bu gün sağlam, savadlı gənc nəsil yetişdirməliyik: "Heç kimə sirr deyil ki, bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil edir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş aparılır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır.

Dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin imkanlarını genişləndirir". AHİK sədri vurğulamışdır ki, hazırda minlərlə Azərbaycan gənci dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət hesabına təhsil alır, onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizə xidmət etmələri üçün hər cür şərait yaradılır. Həmçinin sağlam gənc nəslin formalaşdırılması üçün də addımlar atılır. Gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti idmanın inkişafı üçün bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalamış, respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilib gənclərimizin ixtiyarına verilmişdir: "Ölkə prezidenti İlham Əliyev gəncləri daim diqqətdə saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Ölkə başçısının 6 aprel 2011-ci il tarixində imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncamı məhz görülmüş işlərin bariz nümunəsidir".

"Biz də ATİAHİ Respublika Komitəsi olaraq çalışırıq ki, gənclərimizin inkişafına öz töhfələrimizi verək" deyən millət vəkili əlavə etmişdir ki, bizim başlıca vəzifələrimizdən biri də gənclərimizin sağlam böyüməsinə, ölkəmiz üçün layiqli vətəndaş kimi yetişməsinə yardımçı olmaqdır. Bu məqsədlə hər il ATİAHİ Respublika Komitəsi tərəfindən spartakiadalar, müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil edilir, sosial vəziyyəti ağır olan tələbələrə pulsuz nahar yeməyi verilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar göstərilir: "Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərin asudə vaxtının səmərəli keçirilməsi, onların pis vərdişlərdən uzaq olmasını təmin etmək, gənclərdə elmə, təhsilə maraq yaratmaqdır".

Sonra tələbələrə təqaüdlər təqdim olunmuşdur. Çıxış edən tələbələr ATİAHİ Respublika Komitəsi tərəfindən təşkil edilmiş bu xoşməramlı tədbirə görə öz təşəkkürlərini bildirmiş, bu addımı dövlətimizin gənclər siyasətinin tərkib hissəsi kimi qəbul etdiklərini qeyd etmişlər.

Tədbirdə yekun nitq söyləyən millət vəkili Səttar Mehbalıyev bir daha gəncləri təbrik etmiş, onlara yeni-yeni uğurlar arzulamış və həmkarlar təşkilatları ətrafında sıx birləşməyə çağırmışdır.

 

06.10.11.1 06.10.11

 

FAYDALI KEÇİDLƏR