AZ | RU | EN

AHİK-də Rusiya həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib

10 Jul 2017

2017-ci il iyulun 10-da AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev respublikamızda səfərdə olan Sankt-Peterburq və Leninqrad Vilayəti Həmkarlar İttifaqları Federasiyasının nümayəndə heyətini qəbul edib.

AHİK sədri Rusiyanın ən böyük regionlarından birinin – Sankt-Peterburq və Leninqrad Vilayətinin nümayəndələri ilə görüşdən məmnunluğunu ifadə edib və minlərlə azərbaycanlının yaşadığı regiondan gəlmiş qonaqları səmimi salamlayıb. Qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələr son illər ardıcıl surətdə inkişaf edir, ticarət və iqtisadi əməkdaşlıq sahəsində yüksək dinamika müşahidə olunur. Ölkələrimiz arasındakı əlaqələr müxtəlif sahələrdə strareji tərəfdaşlar qismində inkişaf edir, bu isə hər iki ölkənin liderlərinin – Prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə səyləri nəticəsində mumkun olubdur.  Bir çox beynəlxalq və regional problemlərin həlli istiqamətində bizim dövlət başçılarımız eyni mövqedən çıxış edirlər.

 S.Möhbalıyev Azərbaycan və Rusiya həmkarıar ittifaqı mərkəzlərini narahat edən  bir sıra məsələlərə toxunaraq AHİK-in mövqeyini qonaqların diqqətinə çatdırıb. Bu, ilk növbədə əməkçi miqrantların hüquqlarına riayət edilməsi problemi ilə bağlıdır. Həmin məsələdən danışarkən AHİK sədri vurqulayıb ki, hər iki tərəfin həmkarlar ittifaqları qeyri-leqal işçi qüvvəsinin hüquqlarının pozulmasına qarşı əzmlə mübarizə aparmalıdırlar.  Əməkçi miqrantların həmkarlar ittifaqlarına cəlb edilməsi, həmkarlar ittifaqı mərkəzləri, sahə qurumları arasında əlaqələrin möhkəmləndirilməsi, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üzrə milli və sahə sazişlərinin bağlanması həmkarlar ittifaqlarının fəaliyyətində mühüm yer tutmalıdır. Bizim bir sıra sahə həmkarlar ittifaqlarımız adı gedən problemlərlə bağlı Rusiyanın, Özbəkistanın, Qazaxıstanın, Serbiyanın, Bosniya və Hersoqovinanın həmkarlar ittifaqları ilə artıq belə sazişlər imzalayıblar. 2011-ci ilin martında Ekaterinburqda  Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının iştirakı ilə Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqları Federasiyası və Azərbaycan Həmkarlar İttifaqları Federasiyası arasında əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə əməkdaşlıq haqqında Müqavilə imzalanıbdır. Bir müddət sonra isə eyni məzmunlu Müqavilə Həştərxan Vilayətinin Həmkarlar ittifaqı mərkəzi ilə bağlanıbdır.

S.Möhbalıyev daha sonra bildirib ki, bugünkü görüşün əsas məqsədi ikitərəfli əməkdaşlığımızın daha da inkişafı, həmkarlar ittifaqı üzvlərimizin və onların ailələrinin istirahətnin və sağlamlığının təşkil edilməsidir. Biz əməkdaşlığımızı muzdlu işçilərin hüquqlarının və maraqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının təcrübə mübadiləsi işinə yönəltməyə planlaşdırırıq. Çalışacağıq ki, əmək miqrantlarının hüquqlarının qorunması sahəsindəki prinsipial məsələlərdə öz mövqeyimizi və fəaliyyətimizi razılaşdıraq. Bütün bunlar isə bizim əməkdaşlıq haqqında ikirərəfli müqaviləmizdə öz əksini tapmalıdır.

Söhbət əsnasında AHİK sədri qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının strukturu və fəaliyyəti haqqında da məlumat veribdir.
Rusiya nümayəndə heyətinin rəhbəri V.Derbin səmimi qəbul üçün S.Möhbalıyevə öz təşəkkürünü bildirib, həmkarlar ittifaqı mərkəzlərimiz arasında ikitərəfli əlaqələrin və əməkdaşlığın bundan sonra daha da səmərəli  olacağına və genişlənəcəyinə  əminliyini ifadə edib.

Rusiyalı qonaqlar görüşdən öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını zyarət edərək üzərinə gül dəstələri qoymuş, həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarə üstünə tər güllər düzmüşlər. Daha sonra Şəhidlər Xiyabanına gedən qonaqlar xalqımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini anmışlar.