AZ | RU | EN
AZ | EN | RU

AHİK-də Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüş olub

10 Jun 2019

İyunun 10-da AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri  cənab Vladimir Qyorqiyevi qəbul edib.  Qeyd edək ki, V. Qyorqiyev 2019-cu ilin fevral ayından etibarən bu vəzifəni icra edir.

S. Möhbalıyev qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə  təbrik edib və yeni missiyasında ona uğurlar arzulayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək miqrantları ilə bağlı fəaliyyəti barədə qonağa məlumat verən S. Möhbalıyev bildirib ki,  həmkarlar ittifaqları qazanc üçün ölkəyə gələn miqrantların əməyinin yerli sakinlərin əməyi kimi qiymətləndirilməsinə,   onların həmkarlar ittifaqı tərkibində hüqularının müdafiəsinə, işəgötürənin özbaşınalığından qorunmasına, ədalətli əməkhaqları almasına çalışır.

Məlumdur ki, həmkarlar ittifaqları olmayan və kollektiv müqavilələr bağlanmayan yerlərdə işçilər işəgötürənlə təkbətək qalır və onların qanuni hüquqları müntəzəm olaraq pozulur. Məzunuyyətlər verilmir, “xəstəlik vərəqələri” nəzərə alınmır, əməkhaqları azaldılır, müdafiə üçün müraciət yerləri olmur. Əmək miqrantlarının həmkarlar ittifaqına üzv olması hüquqi yardım almağa, qeyri-formal sektorda çalışan əmək miqrantının leqallaşdırılması üçün müəssisə rəhbərinin əmək müqaviləsini imzalamasına imkan yaradır.

S. Möhbalıyev deyib ki, bu məqsədlərlə əmək miqrantları ilə iş üzrə AHİK-də İşçi qrupu yaradılıb. İşçi qrupunun yaradılmasında əsas məqsəd əmək miqrantlarını yeni ölkədə adaptasiya olunması üçün hüquq və imkanlar bərabərliyi haqqında məlumatlandırmaq, izahat və dəstək vermək, onların ölkədə yaşayışı, iş axtarışı, əmək bazarına çıxışı, əmək və sosial hüquqlarının həyara keçirilməsi, ixtisasartırma, təhsil, tibbi xidmətə və s. görə dövlət qurumları və hüquq-mühafizə orqanları ilə əlaqənin yaradılması üçün təşkilatlanmasına, həmkarlar ittifaqlarında və ictimai birliklərdə iştirak etmələrinə yardımçı olmaqdır.

AHİK sədri qeyd edib ki, biz uzun illərdir ölkəmizdə yaşayan, işləyən miqrantların sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində addımlar atırıq. İşləyən miqrantların həmkarlar ittifaqları təşkilatlarına üzv olunmasına çalışırıq. Son illərdə təşkilatımızın Rusiya Federasiyasının Sverdlovsk, Volqoqrad, Həştərxan və s. vilayətlərinin həmkarlar təşkilatları ilə apardığı müzakirələrin nəticəsi olaraq müəyyən nailiyyətlər əldə etmişik. Deməliyəm ki, həmin vilayətlərdə çoxlu sayda həmvətənlərimiz yaşayırlar.  Orada yaşayan və çalışan Azərbaycanlı vətəndaşların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb. Yaxın vaxtlarda bu istiqamətdə yuxarıda qeyd etdiyim vilayətlərin həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlıq haqqında müqavilələr imzalanıb və bu istiqamətdə işlər davam etdirilir. 

S. Möhbalıyev daha sonra vurğulayıb ki, Azərbaycan  Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizin  Miqrasiya Xidməti ilə işgüzar və əməkdaşlıq əlaqələrinə malikdir. Söhbətimiz əsnasında sadalanan bir çox məsələlərin həllində həmin qurumla əlaqələrimizin böyük rolu vardır.
Daha sonra S. Möhbalıyev qonağa ölkənin ən böyük ictimai təşkilatı olan Həmkarlar ittifaqları və onun fəaliyyəti haqqında məlumat verərək deyib ki, Azərbaycan həmkarlar ittifaqları öz sıralarında milyon yarım həmkarlar ittifaqı üzvünü birləşdirir. Bu yaxınlarda Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyinin geniş şəkildə qeyd edilməsi  bu təşkilatın böyüklüyünü və cəmiyyətdəki nüfuzunu bir daha təsdiq edir.  
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev öz növbəsində səmimi qəbula və dolğun məlumata görə AHİK sədrinə  minnətdarlığını bildirib və deyib ki, təşkilatınız tərəfindən insanlara, çalışanlara yaratdığınız şəraitə, göstərdiyiniz hüquqi dəstəyə görə sizi alqışlayırıq və öz tərəfimizdən hər çür dəstək göstərəcəyimizə əmin edirik.  Mən əminəm ki bundan sonra da əməkdaşlığımız daha yüksək zirvələrə doğru hərəkət edəcəkdir. 

FAYDALI KEÇİDLƏR