AHİK-də beynəlxalq təhsil işçilərinin görüşü keçirilib
09 Oct 2017
Oktyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının XVII hesabat-seçki konfransında iştirak edən Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə direktoru Susan Floken, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk, Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Qalina Merkulova və digər xarici qonaqlarla görüşüb.
Görüşdə Səttar Möhbalıyev Azərbaycan həmkarlar
ittifaqlarının tarixindən söz açıb. Qonaqlara bir sıra mühüm proqramların həyata
keçirilməsində, qanunvericilik aktlarının qəbul olunmasında, sosial problemlərin
həllində və digər işlərin görülməsində AHİK-in rolu barədə məlumat verib.
Həmçinin Azərbaycanda gedən geniş abadlıq-quruculuq işlərindən,
regionların sosial-iqtisadi inkişafından, səhiyyə, idman və digər sosial sahələrdə
aparılan işlərdən söhbət açılıb.
Sonra Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə
direktoru Susan Floken qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb. O deyib:
“Azərbaycanın yerləşdiyi ərazi region üçün strateji əhəmiyyət daşıyır. Burada fəaliyyət
göstərən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı bizim üçün doğma
bir təşkilatdır. Bu təşkilatla gələcəkdə də əməkdaşlığı davam etdirəcəyik,
yeni-yeni uğurlara imza atacaq və qarşılıqlı surətdə münasibətlərimizi inkişaf
etdirəcəyik”.
Geniş məlumata, ətraflı izahata görə minnətdarlığını
bildirən qonaq deyib ki, təhsil sahəsində qeyri-bərabərlik məsələsini hər zaman
gündəmdə saxlamaq lazımdır və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi bunu həmişə gündəmdə saxlamağa çalışır. “Mənim təşkilatım
da digər sahələr kimi müəllimlərin iş şəraitinin yaxşılaşdırılması və təkmilləşdirilməsi
sahəsində müəyyən yardımlar göstərir”,- deyə Susan Floken vurğulayıb.
Söhbət zamanı çıxış edən Türkiyə Təhsil İşçiləri Həmkarlar
İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri
İsmayıl Koncuk bildirib ki, beynəlxalq aləmdə Azərbaycan kifayət qədər öz
varlığını göstərən bir ölkədir. O, həmkarlar ittifaqları ilə uzunmüddətli əlaqələri
yüksək qiymətləndirib və bu münasibətlərin daha da genişləndirilməsinin
vacibliyindən danışıb. Qeyd edilib ki, Azərbaycan həmkarlar ittifaqları
dünyadakı həmkarlar təşkilatları arasında nüfuz qazanıb, bu sahədə işləri daha
da yaxşılaşdırmaq üçün bütün səylər birləşdirilməlidir.
Rusiya Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri
Qalina Merkulova Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika
Komitəsi ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini və dostluq əlaqələrinin
daha da inkişaf etməsini arzuladıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.