AHİK-də Çernobıl qəzasının 30 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilib
15 Apr 2016
2016-cı il aprelin 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında «Çernobıl AES-də qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üzrə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər» mövzusunda “Dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə açan AHİK sədrinin müavini Cavanşir Alxasov öz
çıxışında bildirib ki, aprelin 26-da XX
əsrin ən dəhşətli texnogen qəzasından – Çernobıl AES-də baş vermiş partlayışdan
30 il ötür. Düz 30 il əvvəl – 1986-cı il
aprelin 26-da Çernobıl AES-in 4-cü reaktorunda baş vermiş partlayışın ilk
günlərində on minə yaxın, ilk aylarında isə on beş min insanın həyatına son
qoyulub. Sonrakı illərdə bu rəqəm yüz
mini keçibdir. 1986-1987-ci illərdə Çernobıl qəzasının nəticələrinin aradan
qaldırılması işinə yeddi mindən çox Azərbaycan vətəndaşı cəlb olunub. Faciədən
ötən müddət ərzində onlardan təxminən iki min beş yüz nəfəri səhhətində yaranan
problemlər üzündən dünyasını dəyişib. Sağ qalanlar isə xilasetmə işləri zamanı
aldıqları şüalanmadan əziyyət çəkir. Faciə qurbanlarına hörmət və ehtiram
əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Xatirə
Günü elan edib.
Azərbaycanda Çernobıl əlillərinin
sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması uzun
illərdir dövlətimizin diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Milli Məclis «Çernobıl qəzasının
ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların
statusu və sosial müdafiəsi haqqında» qanun qəbul edib. Bu Qanunla Çernobıl
qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara
bir sıra güzəşt və imtiyazlar verilib. Həmin Qanuna, habelə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin «Çernobıl qəzasının ləğvində
iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım
göstərilməsi haqqında» 2011-ci il 22 aprel tarixli sərəncamı və digər
sərəncamlarına uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl əlillərinin
sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.
AHİK sədrinin müavini daha sonra “Dəyirmi
masa” iştirakçılarının diqqətinə çatdırıb ki, faciənin baş verdiyi 1986-cı ilin
sonundan Azərbaycan həmkarlar ittifaqları qəzanın ləğvində iştirak etmiş
vətəndaşlarımızın sosial, əmək təminatlarına riayət olunması üzrə ictimai
nəzarətə başlamış və bunu hazırda da davam etdirir.
AHİK-in İcraiyyə Komitəsi
«Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış
əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə tədbirlər planı»nı təsdiq edib və onun icrasına
başlayıb. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənləri güzəşt
və həvəsləndirmələrlə təmin etmək məqsədilə 27 sahə həmkarlar ittifaqının
10-da, o cümlədən Aviasiya, Avtomobil, Dəmiryol, Neft və Qaz Sənayesi, Rabitə,
Fövqəladə Hallar, Elektrik, Yerli Sənaye, Təhsil və digər həmkarlar ittifaqı
sahə təşkilatlarında işəgötürənlərlə danışıqlar aparılıb. Nəticədə əlavə
maliyyə ehtiyatları cəlb edilməsinə nail olunub.
Sahə həmkarlar ittifaqları, ilk
həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlər arasında bağlanan tarif
sazişlərində və kollektiv müqavilələrdə ilk növbədə Çernobıl iştirakçılarına və
onların ailə üzvlərinə sanatoriya-kurort yollayışları təqdim etmək barədə
bəndlər nəzərdə tutulub. Təkcə son 4 ildə həmkarlar ittifaqlarının tabeliyində
olan sağlamlıq ocaqlarında müxtəlif xəstəliklərdən əziyyət çəkən 80 nəfərdən
çox Çernobıl iştirakçısı ildə 1 dəfə sanator-kurort müalicəsi keçir. Qəza
iştirakçılarından 50-yə yaxını isə ailə üzvləri ilə birlikdə həmkarlar
ittifaqlarının istirahət evlərində sağlamlıqlarını bərpa edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Çernobıl AES-də baş vermiş qəzanın 30 illiyi ilə əlaqədar MDB dövlətləri
başçılarının müraciətini dəstəkləyərək hələ 2015-ci ilin dekabr ayında öz üzv
təşkilatlarına hər il 26 aprel tarixi qurbanlarının Beynəlxalq Anma Günü kimi qeyd
olunmasını tövsiyə edib.
1 aprel 2016-cı il tarixinə sahə
həmkarlar ittifaqı təşkilatlarında 170 Çernobıl iştirakçısı qeydə alınıb.
Çernobıl qəzasının 30 illiyi ilə əlaqədar yeni iqtisadi şəraitdə Çernobıl
iştirakçılarının sosial-iqtisadi durumunun yaxşılaşdırılması barədə müzakirələr
aparmaq üçün iclaslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunubdur. Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası Çernobıl AES-də baş vermiş qəzanın
yaratdığı mürəkkəb problemlərin aradan qaldırılmasında həmkarlar ittifaqının imkanlarından gələcəkdə
daha geniş istifadə etməyi nəzərdə
tutur.
“Dəyirmi masa”da müzakirə
olunan məsələlərlə bağlı “Çernobıl
Əlilləri İttifaqı”nın prezidenti M.Həsənov, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat
Pediatriya institutunun direktoru, professor N.Quliyev və Milli Elmlər Akademiyasının Radiasiya problemləri inistitutunun şöbə müdiri Ə. Cəfərov çıxış edərək Çernobıl qəzası iştirakçılarının
və onların ailə üzvlərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində
görülən işlər barəsində söhbət açıblar və gələcəkdə də bu işlərin davamlı şəkildə aparılacağını bildiriblər. Tədbirin sonunda "Çernobıl Əlilləri İttifaqı"nın prezidenti M. Həsənov AHİK-in sədri S. Mehbalıyevin İttifaqın Fəxri Diplomu ilə təltif olunması qərarını oxuyub və AHİK-in sədr müavini C. Alxasova təqdim edib. M.Həsənova isə AHİK-in Fəxri Fərmanı təqdim edilib