AHİK-də Nizami adına Ədəbiyyat intittutunun əməkdaşları ilə görüş keçirilib
19 Nov 2018
Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AMEA-nın Nizami adına Ədəbiyyat institutunun əməkdaşları ilə görüş keçirilib.
Görüşü AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq iştirakçıları Ədəbiyyat institutunun 85 illik yubileyi münasibətilə təbrik edib və elmi fəaliyyətlərində uğurlar arzulayıb.
S.Möhbalıyev öz çıxışında qeyd edib ki, institutun alimləri Azərbaycan ədəbiyyatının inkişafı üçün yorulmadan elmi tədqiqatlar aparır, zəngin ədəbiyyatımızın açılmamış səhifələrini fədakarlıqla üzə çıxarıb xalqımızın, insanlarımızın istifadəsinə verirlər. Bu yolda ömürlərini, sağlamlıqlarını belə əsirgəmədən çalışırlar. S.Möhbalıyev bildirib ki, AHİK-in İcraiyyə Komitəsinin qərarına əsasən, Ədəbiyyat institutunun bir qrup əməkdaşı yubiley münasibətilə AHİK-in fəxri fərmanları, yubiley döş nişanları, qiymətli hədiyyələri ilə mükafatlandırılıblar. İnstitutunun 27 nəfər əməkdaşı AHİK-in Fəxri Fərmanlarına, 17 nəfəri isə qiymətli hədiyyələrə layiq görülüblər. S.Möhbalıyev görüş iştirakçılarnıı AHİK-in İcraiyyə Komitəsi adından yubiley münasibətilə təbrik edib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb.
AHİK sədri daha sonra öz çıxışında bildirib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən Milli Elmlər Akademiyası sistemində çalışan elm adamlarının sorğularına, problemlərinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşılıb. Onların müalicə, istirahətlə bağlı, ümumiyyətlə hər hansı bir məsələ, problemlə bağlı müraciətləri diqqətdən kənarda qalmayıb. Bu da təsadüfi deyil. Milli Elmlər Akademiyasında Azərbaycan elminin korifeyləri, alimlər, elmi işçilər çalışırlar. Özü də, fədakarlıqla çalışırlar. Həyatlarının 50 ilini, 40 ilini, 30 ilini bu sahəyə həsr ediblər. Mən deyərdim ki, qurban ediblər. Onlar əsil elm fədailəridirlər. Azərbaycanı dünyada tanıdan insanlardır. Biz də Həmkarlar İttifaqı təşkilatı olaraq həmin insanlara hər cür köməklik göstərməyə borcluyuq. Biz daimAkademiyada müxtəlif tədbirlərin keçirilməsi üçün vəsaitlər ayırırıq. Bütün xalqımız özünün elm adamlarına, elmi işçilərinə hörmətlə yanaşır, onlarla fəxr edirlər. Dili qoruyan insanlar sizsiniz, inkişaf etdirən də sizsiniz, saflığını qoruyan da sizsiniz. Elmi ədəbiyyatıın, dərsliklərin yazılmasında sizin institutun əməkdaşlarının böyük əməyi vardır. Sizə cansağlığı, uğurlar, elmi nailiyyətlərinizin həyata keçməsini arzulayıram. Bir daha sizi yubileyiniz münasibətilə təbrik edirəm.
Daha sonra Ədəbiyyat institutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəyli çıxış edərək deyib ki, Ədəbiyyat institutunun yubileyi ölkə miqyasında böyük bir ictimai hadisəyə çevrildi. O, ilk növbədə institutun bir qrup əməkdaşını Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə fəxri adlar və dövlət mükafatları ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib və qeyd edib ki, bu təltiflər bütövlükdə Ədəbiyyat institutuna dövlətin qayğısını ifadə edir və hesab edirik ki, institutun hər bir əməkdaşının əməyinə verilən yüksək qiymətdir. İnstitutumuzun əməkdaşları dövlətin bu qayğısını yüksək qiymətləndirir və bundan sonra da Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyəcəkdir.
Akademik qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkəmizdə elmin, təhsilin inkişafına böyük töhfə verir, Təhsil Nazirliyi ilə birgə layihələr həyata keçirir, ali məktəb tələbələri arasında müxtəlif müsabiqələr təşkil edir, onları adlı təqaüdlərlə mükafatlandırır və digər bu səpkili tədbirlərə təşkilatçılıq edir. Biz AHİK rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndiririk. Azərbaycan həmkarlar ittifaqlarının ölkəmizin ictimai-siyasi həyatında böyük rolu və nüfuzu vardır. AHİK eyni zamanda beynəlxalq həmkarlar ittifaqları, milli həmkarlar ittifaqı mərkəzləri arasında böyük nüfuza malikdir, müxtəlif qlobal məsələlərin, problemlərin həllində yaxındsn iştirak edir, öz sözünü deyir. Məhz bu nüfuzun nəticəsidir ki, AHİK-in sədri, iqtisad elmləri doktoru, professor, millət vəkili Səttar Möhbalıyev eyni zamanda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir.
Akademik İ.Həbibbəyli daha sonra bildirib ki, bir neçə gündən sonra Danimarkada keçiriləcək Beynəlxalq Həmkarlar İttifaqları Knfederasiyasının növbəti qurultayında Səttar Möhbalıyevin həmin vəzifəyə namizədliyi yenidən irəli sürüləcək və ümidvarıq ki, o, bu vəzifəyə növbəti dəfə də seçiləcəkdir. Biz elm adamları olaraq bütün bunları yüksək qiymətləndirir və Azərbaycanın imicinin güçlənməsinə böyük töhfə, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin təntənəsi hesab edirik.
Biz gördükləri işlərə görə hörmətli Səttar müəllimə və onun rəhbərlik etdiyi killektivə dərin minnətdarlığımızı bildirir və fəaliyyətlərində uğurlar arzulayırrıq. Həmkarlar ittifaqlarının kollektivimizə təqdim olunan mükafatları bizim üçün önəmlidir, ictimaiyyətin əməyimizə verdiyi dəyər kimi qiymətləndirilir. Bir daha sizə öz təşəkkürümüzü bildiririk.
Daha sonra akademik İ.Həbibbəyli Nizami Gəncəvinin Ədəbiyyat institutu tərəfindən hazırlanmış “Xosrov və Şirin” kitabını, eyni zamanda institutun üç dildə çap olunmuş tanıtma kitabını da kollektiv adından S.Möhbalıyevə təqdim edib.
Görüşdə Ədəbiyyat institutunun əməkdaşlarına AHİK-in Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub. Mükafat alanlar adından çıxış edənlər AHİK rəhbərliyinə öz ürək sözlərini bildiriblər.