AHİK-də qaliblərin mükafatlandırılması mərasimi keçirilib
13 Jun 2018
İyunun 13-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının böyük akt zalında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Təhsil nazirliyi ilə birgə təşkil etdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 3 tədbirin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə ali, orta ixtisas və peşə təhsili müəssisələrinin
tələbə və şagirdlərinin bədii-yaradıcılıq müsabiqəsi festivalının 30 nəfər
qalibi, Bakı şəhəri üzrə təhsil müəssisələrinin müəllimləri arasında 5 idman
növü üzrə idman yarışlarının 112 nəfər qalibi, respublika ümumtəhsil müəssisələrinin
müəllimləri arasında şahmat idman növü üzrə yarışlarının 8 nəfər qalibi
mükafatlandırılıb.
Hər üç tədbirin qaliblərinə pul mükafatı, qiymətli hədiyyələr,
diplom və Fəxri Fərmanlar, kubok və idman geyimləri təqdim edilib.
Mükafatlandırma mərasimində Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
qalibləri təbrik edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə
həsr edilmiş yarışların keçirilməsində əsas məqsəd tələbələrimizi mədəniyyətimizə,
incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların
bədii-estetik səviyyəsini yüksəltməklə asudə vaxtlarını daha səmərəli təşkil
etmək olmuşdur. Müsabiqə-festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas,
11 peşə təhsili müəssisəsinin 200-dən artıq şagird və tələbələri iştirak
edib
Tələbələrimizin xüsusi maraq göstərdiyi müsabiqə-festivalın
iştirakçıları arasından qalibləri Azərbaycan Respublikasının xalq artistləri, əməkdar
mədəniyyət və incəsənət xadimlərindən ibarət peşəkar Münsiflər Heyəti seçib.
S.Möhbalıyev sözünə davam edərək deyib ki, bu gün Azərbaycan
bütün sahələr üzrə davamlı inkişaf yolu keçir, Azərbaycanın mədəniyyəti, mənəvi
dəyərləri bütün dünyaya təbliğ olunur. Heç şübhəsiz ki, bu inkişafın əsasında
ümummilli lider Heydər Əliyevin ideyaları dayanır. Heydər Əliyev Azərbaycan mədəniyyətinin,
incəsənətinin hər zaman himayədarı olub. O, mədəniyyətin və incəsənətin
inkişafı ilə yanaşı tarix- mədəni
irsimizin, milli-mənəvi dəyərlərimizin də qorunub saxlanmasına və təbliğinə
diqqətlə yanaşırdı. Məhz onun müdrikliyi və uzaqgörənliyi nəticəsində Azərbaycan
davamlı inkişafa nail olmuş və regionun lider dövlətinə çevrilib.
Bu gün bir qürur hissi ilə bildiririk ki, ulu öndərin Azərbaycanın
gələcək inkişafı ilə bağlı arzularını onun layiqli davamçısı cənab Prezident
İlham Əliyev uğurla davam etdirir. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir ki, Azərbaycan dünya ölkələrinin
hesablaşdığı güclü dövlətə çevrilib. Son illərdə müstəqil Azərbaycan dövləti
bütün sahələrdə əsaslı nailiyyətlər əldə etmiş və özünün müasir inkişaf dövrünü
yaşayır.
Ümummilli lider Heydər Əliyevin ideyalarının reallaşması
işində bu gün ulu öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun da böyük
xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində
Azərbaycanın birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Fondun
vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir.
Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada
tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər
olduqca əhəmiyyətlidir.
S.Möhbalıyev
daha sonra qeyd edib ki, bu gün həm də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 95-ci ildönümü münasibətilə Bakı şəhərinin ümumtəhsil məktəblərinin
müəllimləri arasında beş idman növü üzrə təşkil olunan yarışların və
respublikanın ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilmiş
şahmat yarışının qaliblərinin də mükafatlandırılması mərasimidir.
Bakı şəhərinin ümumtəhsil məktəblərinin müəllimləri
arasında beş idman növü üzrə təşkil olunan yarışlar Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Bakı şəhəri Üzrə Təhsil İdarəsinin
birgə qərarı ilə keçirilmişdir. Bu yarışlarda Bakı şəhərinin ümumtəhsil müəssisələrindən
minə yaxın müəllim idmanın voleybol, şahmat, dama, mini-futbol və stolüstü
tennis növləri üzrə güclərini sınayıblar.
Ümumtəhsil müəssisələrinin müəllimləri
arasında şahmat yarışı isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunmuşdur. Üç mərhələdən ibarət
olan yarışın respublika turunda 75 müəllim iştirak edib.
Bu idman yarışları respublika və beynəlxalq dərəcəli
hakimlərin rəhbərliyi ilə keçirilmiş, iştirakçıların göstərdiyi nəticələr
obyektiv şəkildə qiymətləndirilib.
Danılmaz faktdır ki, bədən tərbiyəsi və idmanın
inkişafına da Azərbaycanın ümummilli lideri Heydər Əliyev həmişə qayğı göstərmiş,
mütəmadi olaraq onlarla görüşmüş, arzu və təkliflərini dinləmiş, idman obyektlərinin
tikilib istifadəyə verilməsi, idmançıların əməyinin yüksək şəkildə qiymətləndirilməsi
üçün mühüm addımlar atmışdır. Ümummilli lider tərəfindən əsası qoyulan və ölkə
Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasəti
nəticəsində respublikamız dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir,
Azərbaycan idmançıları bu gün dünyanın müxtəlif idman arenalarında üçrəngli
bayrağımızı dalğalandırırlar.
Sözünün yekununda AHİK sədri qeyd edib ki, həm bədii
yaradıcılıq festivalı, həm də idman yarışları ATİAHİ Respublika Komitəsinin mədəniyyətimizin,
incəsənətimizin, idmanımızın inkişafı, tələbə və müəllimlərimizin asudə
vaxtlarının səmərəli təşkili ilə bağlı həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir.
Biz həmkarlar ittifaqı olaraq bu tədbirləri gələcəkdə də davam etdirəcək, doğma
Azərbaycanımızın həm iqtisadi sahədə, həm humanitar sahədə inkişafına öz töhfələrimizi
verəcəyik.
S.Möhbalıyev Ulu öndərin anadan olmasının 95 illiyi
münasibətilə keçirilən bədii yaradıcılıq müsabiqə-festivalının və idman
yarışlarının qaliblərini bir daha ürəkdən təbrik etmiş, gələcəkdə yeni-yeni
uğurlar arzulamışdır.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək qalibləri təbrik edib.