AHİK-də tələbələrə adlı təqaüdlər təqdim edilib
26 Oct 2017
Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 2016-2017-сi tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdü təqdim edilib.
Təqdimetmə mərasimində AHİK-in sədri, Milli Məclisin üzvü
Səttar Möhbalıyev çıxış edərək tələbələri bu münasibətlə təbrik edib. S.Möhbalıyev iştirakçıların nəzərinə çatdırıb
ki, ali məktəb tələbələrinə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin
gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini
tutur. Adlı təqaüd 1995-ci ildə Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı
ilə təsis edilib. Bu günə qədər 2087 nəfər tələbə bu təqaüddən yararlanıb və təkcə
son beş ildə bu məqsədlər üçün Respublika Komitəsinin büdcəsindən 201 min 700
manat vəsait xərclənib. Bu gün ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünü təqdim
edəcəyimiz tələbələrin sayı 61 nəfərdir. Onların hamısı əlaçı olmaqla yanaşı həm
də həmkarlar ittifaqı fəalı olan gənclərdir.
AHİK sədri bildirib ki, bizim mühüm vəzifələrimizdən biri
bu gənclərə dəstək olmaq, onlarda elmə təhsilə olan marağı daha da artırmaqdır.
Bu gün gənclər siyasəti Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil
edir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham
Əliyevin rəhbərliyi ilə gənclərin inkişafının təmin edilməsi üçün ardıcıl iş
aparılır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin
inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol
oynayır. Dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil,
sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin
imkanlarını genişləndirir. Təsadüfi deyil ki, hazırda minlərlə Azərbaycan gənci
dünyanın inkişaf etmiş ölkələrinin aparıcı ali təhsil müəssisələrində dövlət
hesabına təhsil alır, onların gələcəkdə layiqli vətəndaş kimi yetişərək ölkəmizə
xidmət etmələri üçün hər cür şərait yaradılır.
S.Möhbalıyev qeyd edib ki, sağlam gənc nəslin
formalaşdırılması üçün də addımlar atılır. Gənc nəslin sağlam böyüməsini təmin
etmək məqsədi ilə Azərbaycan Prezidenti idmanın inkişafı üçün bir çox fərman və
sərəncamlar, dövlət proqramları imzalayıb, respublikanın bütün bölgələrində
müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilib gənclərimizin
ixtiyarına verilib. Ölkə prezidenti cənab İlham Əliyev gəncləri daim diqqətdə
saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz
qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Ölkə
başçısının 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi
2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı və
dövlət proqramında nəzərdə tutulan tədbirlər bu istiqamətdə həyata keçirilən
dövlət siysətinin göstəricisidir.
S.Möhbalıyev daha sonra deyib ki, biz də ATİAHİ
Respublika Komitəsi olaraq çalışırıq ki, gənclərimizin inkişafına öz töhfələrimizi
verək. Bu məqsədlə hər il ATİAHİ Respublika Komitəsi tərəfindən spartakiadalar,
müsabiqələr, idmanın müxtəlif növləri üzrə yarışlar, intellektual oyunlar təşkil
edilir, hər il sosial vəziyyəti ağır olan tələbələr üçün pulsuz nahar yeməyi təşkil
edilir, ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımlar verilir.
Bizim bu tədbirləri təşkil etməkdə başlıca məqsədimiz gənclərdə
elmə, təhsilə maraq yaratmaq, onların asudə vaxtının səmərəli təşkili, gənclərin
xoşagəlməz vərdişlərdən uzaq olmasını təmin etməkdir.
AHİK sədri gəncləri ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə
layiq görülmələri münasibətilə bir daha ürəkdən təbrik edib, onlara yeni-yeni
uğurlar arzulayıb və həmkarlar ittifaqı təşkilatları ətrafında sıx birləşməyə
çağırıb.
Daha sonra adlı təqaüdlər tələbələrə təqdim edilib.
Qeyd edək ki, adlı təqaüdə layiq görülənlər Bakı, Gəncə,
Sumqayıt, Mingəçevir və Lənkəran ali məktəblərinin tələbələridir.