AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
22 Apr 2019
Aprelin 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “Kənd-Qida-İŞ” Həmkarlar İttifaqı Federasiyasının dəvətilə Bakıda səfərdə olan Türkiyə Cumhuriyyətinin “Şeker-İŞ” Həmkarlar İttifaqının nümayəndə heyətnin AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyevlə görüşü keçirilib.
Qonaqları salamlayan AHİK sədri onlara Azərbaycan həmkarlar
ittifaqlarının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, bu gün Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası öz sıralarında 1 milyon 500 min həmkarlar
ittifaqı üzvünü birləşdirir. Hər ay ittifaq üzvlərinin sayının artırılması üçün
mütəmadi olaraq işlər aparılır .Yeni həmkarlar ittifaqı komitələri yaradılır.
Buna misal olaraq deyib ki, bu yaxınlarda Gömrük işçilərinin həmkarlar ittifaqı
komitəsi yaradılıb. Həmin təşkilatda həmkarlar ittifaqı yaradılması üçün uzun
müddət iş aparılııb. Hal-hazırda yeni
yaradılan həmkarlar ittifaqının 7 minə yaxın üzvü vardır. S.Möhbalıyev qeyd
edib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri də özəl və transmilli
sektorda həmkarlar ittifaqı təşkilatlarının yaradılmasıdır. Bu yolda bir sıra məhdudiyyətlər
və əngəllər olsa da məqsədimizə nail ola bilirik. Buna misal olaraq bir faktı nəzərinizə
çatdırmaq istəyirəm: ölkəmizdə metal istehsalı ilə məşğul olan transmilli şirkət
fəaliyyət göstərir. Həmin şirkətdə 2 minə yaxın işçi çalışır. Rəhbəri isə əcnəbi
vətəndaşdır. Biz həmin şirkətdə həmkarlar ittifaqı təşkilatı yaratmaq istəyirdik.
İşəgötürən isə hər vasitə ilə buna əngəl törədərək işçilərin bu məsələyə etiraz
etdiklərini bildirirdi. Müəyyən müddət keçəndən sonra müəssisə rəhbəri bizimlə əlaqə
yaradıb görüşmək istədiyini bildirdi. Görüş zamanı o, etiraf etdi ki, həmkarlar ittifaqı təşkilatı
yaradılması məsələsinə özü maneçilik törədirmiş və rəhbərlik etdiyi şirkətdə təşkilatın
təsis edilməsini təklif etdi. Yəni, fəaliyyətimizdə belə hallara rast gəlmək
olur.
S.Möhbalıyev AHİK-in dövlət orqanları ilə işgüzar münasibətlərinin
olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası arasında hər 2 ildən bir Baş Kollektiv Saziş
imzalanır. Cəmiyyətin bütün sahələrini özündə ehtiva edən bu Saziş uzun müzakirələrdən
sonra hazırlanır və dediyim kimi, Ölkənin Baş Naziri, AHİK və Sahibkarların
Milli Konfederasiyası tərəfindən imzalanır. Daha sonra isə, bütün sahə həmkarlar
ittifaqları Baş Kollektiv Sazişin müddəalarını rəhbər tutaraq işəgötürənlərlə
Kollektiv Sazişlər bağlayırlar.
Son zamanlarda ölkə Prezidenti tərəfindən həyati əhəmiyyətli
sərəncamların imzalanmasını qonaqların nəzərinə çatdıran AHİK sədri bu sərəncamların
verilməsi nəticəsində işləyən əhalinin əməkhaqqlarının artırılmasını, sosial
müavinətlərin səviyyəsininn yüksəldilməsini, yeni müavinətlərin təyin edilməsini,
pensiyaların, tələbə təqaüdlərinin artırılmasını və ümumilikdə insanların
sosial rifahının yüksəldilməsini qeyd edərək bu istiqamətində xeyli işlər
görüldüyünü diqqətə çatdırıb. O, eyni zamanda qeyd edib ki, 2015-ci ildə xarici
valyutanın dəyərinin yüksəlməsi nəticəsində bir qrup əhalinin kredit
borclarında yaranan problemlərin həlli və onlara dəymiş zərərin dövlət tərəfindən
ödənilməsi üçün mühüm sərəncamın verilməsini xüsusi vurğulayıb.
S.Möhbalıyev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı sahəsində
böyük ölçüdə işlər görüldüyünü, hər iki ölkəyə qarşılıqlı sərmayələrin
qoyulması ilə iqtisadiyyatın yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.
AHİK sədri Azərbaycanın Qarabağ problemi ilə bağlı qardaş Türkiyənin dəstəyinin
xalqımızın hər zaman şahidi olduğunu bildirib. Türkiyə hökumətinin və xalqının
bu taleyüklü məsələdə daim yanımızda olduğunu məmnunluq hissi ilə diqqətə
çatdırıb.
Nümayəndə heyətinin başçısı, Türkiyənin “Şeker-İŞ” həmkarlar
ittifaqının prezidenti İsa Gök cavab çıxışında ölkəmizdə xoş qarşılandıqları,
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti ilə yaxından tanış olmaları üçün
onlara hər cür şərait yaradıldığı üçün AHİK rəhbərliyinə nümayəndə heyəti
adında dərin təşəkkürünü bildirib. Qonaq Azərbaycana 20 il bundan öncə səfər
etdiyini, ötən illər ərzində ölkəmizin böyük bir inkişaf yolu keçdiyinin şahidi
olmasını, heyranlığını dərin məmnunluq hissi ilə dilə gətirib. Buna görə
xalqımızı təbrik edib.
Görüşdə hər iki ölkənin həmkarlar ittifaqları arasında
əməkdaşlığın daha da genişləndirilməsi, əlaqələrin möhkəmləndirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi də yer alıb.