AZ | RU | EN
AZ | EN | RU

AHİK İcraiyyə Komitəsinin iclası keçirilib

25 Jul 2018

İyulun 25-də AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.  Tədbiri giriş sözü ilə açan AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iclasın gündəliyindəki məsələlər barəsində məlumat verib.

İclasda AHİK İcraiyyə Komitəsinin və aparatının 2018-ci ilin yarımilliyi üçün iş planı haqqında məlumat dinlənilib və iş planı təsdiq edilib. Daha sonra AHİK-in V qurultayında səslənən iradların, tənqidi qeydlərin və təkliflərin həyata keçirilməsi üçün tədbirlər planı haqqında da məlumat verilib və tədbirlər planı təsdiq edilib. AHİK-in şöbələrinə və üzv təşkilatlarına tapşırılıb ki, tədbirlər planında nəzərdə tutulanların həyata keçirilməsini təmin etsinlər və qurultaylararası dövrdə hər il yanvar ayının 15-dək qərarın icrası barədə İcraiyyə Komitəsinə məlumat versinlər. Müzakirə olunan məsələyə münasibət bildirən S.Möhbalıyev bildirib ki, AHİK-in V qurultayındakı çıxışlarda çoxlu sayda təkliflər səsləndirilib. Bunların içərisində müəllimlərin və səhiyyə işçilərinin dövlət qulluqçusu statusu alması,minimum əməkhaqqının səviyyəsinin artırılması və bir sıra digər məsələlər də vardır. Dəyişdirilmiş Avropa Sosial Xartiyasının müəyyənləşdirdiyi standartlara görə, minimum əməkhaqqı orta əməkhaqqqının 60 faizi həcmində olmalıdır. Yol xəritəsində də bu tövsiyə öz əksini tapıb. Bütün bunlar həmkarlar ittifaqının tərəfdaşları ilə birlikdə üzərində işlədiyi vacib problemlərdir. Bildiyiniz kimi, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sədrliyi bu il həmkarlar ittifaqına həvalə olunub. Mən çalışacağam ki, komissiyada bu problemlərin həlli yolları tapılsın və hökumətə təqdim edilsin.

İclasda 2016-cı ildə işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan xərclər haqqında AHİK-in şöbə müdiri Ç. Tağıyevin təqdim etdiyi arayışda deyilib ki, Azərbaycan Prezidentinin 2016-cı il dekabrın 6-da imzaladığı fərmanla təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsində qarşıya qoyulan hədəflərin həyata keçirilməsi işçi qüvvəsinin rəqabət qabiliyyətliyinin artmasına, əmək məhsuldarlığının səviyyəsinin  yüksəldilməsinə təsir göstərəcək. Eyni zamanda, əmək məsrəflərinin, o cümlədən, işəgötürənlər tərəfindən işçi qüvvəsinə sərf olunan xərclərin dəyər və strukturunun optimallaşdırılması bu məqsədlərə nail olunmasına imkan yaradır. Qeyd olundu ki,son 5 il  ərzində Azərbaycanda işçi qüvvəsinə çəkilən xərclərin orta aylıq dəyəri 1,3 dəfə artıb.

  Məsələ ilə bağlı AHİK-in üzv təşkilatlarına və onların xidmətində olan bütün həmkarlar ittifaqları təşkilatlarına  içşi qüvvəsinə çəkilən xərclərdə əsas yer tutan əmək ödənişi fondunun artırılması məqsədilə əməkhaqqı sahəsində səylərin, kollektiv müqavilələrdə müəssisənin iqtisadi imkanları daxilində mənzil, peşə hazırlığı, mədəni-məişət ilə bağlı xərclərin, işçi qüvvəsinə çəkilən xərclərin tərkibində sosial paketə daxil olan müddəaların nəzərə alınmasına diqqətin artırılması, eyni zamanda işçi qüvvəsinə sərf olunan xərclərin hesablanması və onların istifadəsinə ictimai nəzarətin gücləndirilməsi tövsiyə olunub. Müzakirə olunan məsələ ilə bağlı qərar və aayışın məlumat və istifadə üçün Respublika Komitələrinə göndərilməsi qərara alınıb.

İcraiyyə Komitəsində 2017-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında AHİK İcraiyyə Komitəsinin 21.08.2015-ci il tarixli qərarının icrası barədə məlumat dinlənilib.  Məlumatda bildirilib ki, ölkəmizdə dövlət gənclər siyasətinin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Ümummilli liderin gənclər siyasətini rəhbər tutaraq AHİK üzv təşkilatları ilə birlikdə daim gənclərin fəallığını təmin etməyə, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışmış, onların hərtərəfli inkişafı naminə qərarlar qəbul etmiş, peşəkar, istedadlı gənclər üçün mükafatlar təsis etmişdir. AHİK İcraiyyə Komitəsinin 21 avqust 2015-ci il tarixli qərarının icrası istiqamətində “İlin peşəkar gənci” fəxri adının verilməsi ilə əlaqədar sahə Hİ Respublika Komitələri baxış komissiyaları yaratmış, əməkdə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gəmclər haqqında ilk təşkilatlardan daxil olan sənədlər bu komissiyalar tərəfindən müzakirə olunmuşdur.

 AHİK İcraiyyə Komitəsi qərara alıb ki, təqdimata əsasən 2017-ci ildə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adı verilsin.  Sahə həmkarlar ittifaqı respublika orqanlarına tapşırılıb ki, belə gənclər haqqında təqdimatlar hər il dekabrın 1-nə qədər AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik-tədqiqat şöbəsinə təqdim edilsin.

  Məsələnin müzakirəsində Səttar Möhbalıyev xüsusi olaraq vurğulayıb ki, yeniyetmələrin və gənclərin təhsildə. Idman sahəsində, istehsalatda stimullaşdırılması istiqamətində təşkilatımız çox işlər görür. Təəssüf ki, əhalinin bu təbəqəsi ilə həmkarlar ittifaqı tərəfindən maarifləndirmə, təbliğat və təşviqat işi lazımi səviyyədə aparılmır. Gənclərdə həmkarlar ittifaqı işinə maraq oyatmaq, bu təşkilatın onların həyatında, bütövlükdə cəmiyyətdə oynadığı mühüm rolu diqqətlərinə çatdırmaq metodlarını, formalarını düşünüb tapmaq, həyata keçirmək çox vacib məsələlərdəndir.

 İcraiyyə Komitəsinin iclasında həmçinin Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2017-ci ilin yekunları üzrə` fəaliyyəti və statistik hesabatları haqqında və Azərbaycan həmkarlar ittifaqlarının 2017-ci il üzrə gender statistikası və “Həmkarlar ittifaqları sistemində qadın və kişilərin vəziyyətini səciyyələndirən ümimi illik statistik hesabatı”na əlavə və dəyişikliklər edilməsi haqqında çıxışlar dinlənilib və müzakirə edilib.

İcraiyyə Komitəsinin iclasına yekun vuran AHİK sədri müzakirə olunan  məsələlər barəsində  öz fikirlərini və tövsiyələrini diqqətə çatdırıb.  


FAYDALI KEÇİDLƏR