AHİK-in V Qurultayının hesabat məruzəsi
11 Feb 2018
Hörmətli qurultay nümayəndələri!Əziz qonaqlar! Xanımlar və cənablar!Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyini qeyd etmək və AHİK-in V qurultayını keçirmək üçün ölkəmizin ehtişamını göstərən ən möhtəşəm toplantı salonunda Sizinlə görüşürük. Fəxrlə deyə bilərik ki, sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası respublikamızın ən böyük ictimai təşkilatıdır.
Konfederasiyamızın əsrin dörddə birinə bərabər olan zaman kəsiyində keçdiyi yola nəzər salanda ilk növbədə ayaqda qalmağımızda yardımçı olanlara minnətdarlığımızı bildirir, dünyasını dəyişənlərə Allahdan rəhmətlər diləyirik. Sözsüz ki, belə insanlar sırasında ilk yerdə Ulu öndərimiz Heydər Əliyev dayanır. Ulu öndər Heydər Əliyev əmək adamlarının müstəqil təşkilatı olan həmkarlar ittifaqlarına həmişə böyük diqqət və qayğı göstərirdi. Ən çətin anlarımızda bizə dayaq, arxa olurdu. Tədbir iştirakçılarının bir çoxu bu münasibətin canlı şahididir.
Hörmətli qurultay iştirakçıları!
Müstəqil Azərbaycanın qısa müddət ərzində qazandığı tarixi nailiyyətlər zaman baxımından əsrə bərabərdir. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu durmadan artmaqda, demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmaqdadır. Bu, Ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının bəhrəsidir. Ümummilli liderin ona xas olan müdriklik və uzaqgörənliklə həyata keçirdiyi çoxşaxəli layihələr cəmiyyətin mənəvi birliyinin və həmrəyliyinin əsas prinsiplərini formalaşdırdı. Ölkədə yeni iqtisadi şəraitə uyğun olaraq qurulan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi.
Müdrik rəhbər Heydər Əliyev xalqın arzusunda olduğu milli dövlət modelini uğurla formalaşdırmağa nail olmuş, müstəqilliyin dönməzliyini təmin etmiş, ölkəmizin maraqlarına tam cavab verən daxili və xarici siyasət konsepsiyalarını işləyib hazırlamışdır. Bu konsepsiyalar dövrün və zamanın çağırışlarına uyğun şəkildə zənginləşdirilərək qətiyyət və ardıcıllıqla icra edilir, Azərbaycana möhtəşəm uğurlar gətirir.
Ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi Ulu öndərin qədirbilən xalqımız, tariximiz qarşısında ən böyük xidmətidir. O, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda rəhbərliyə qayıdan və xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyev cəsarətlə respublikada xaos və özbaşınalığa son qoydu, xalqın dinclik, əmin-amanlıq şəraitində yaşayıb işləməsi üçün geniş imkanlar yaradılmasına nail oldu. Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini indi də gündəlik həyatımızda, taleyimizdə hiss edirik.
Çıxışımın əvvəlində qeyd etdiyim kimi, Ulu öndərimiz vətəndaşların qanuni mənafeyinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinə də daim diqqət və qayğı göstərmiş, onun xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Xüsusilə Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan həmkarlar ittifaqları hərəkatının müasir inkişafına təkan vermiş, bu təşkilatın cəmiyyətdəki rolunu gücləndirmişdir. Vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunmasında yalnız dövlət orqanlarının deyil, həm də həmkarlar ittifaqlarının üzərinə mühüm vəzifələr düşdüyünü deyən Ümummilli liderin dəstəyi ilə Azərbaycan həmkarlar ittifaqları siyasi qurumlardan asılılıqdan qurtardı, öz funksiyalarını beynəlxalq təcrübə əsasında həyata keçirməyə başladı. Ölkənin malik olduğu işçi kapitalından düzgün istifadə edilməsi, onların hüquq və mənafelərinin qorunması prinsiplərinə əsaslanan Qanunun vaxtında qəbul edilməsinin nəticəsidir ki, bu gün həmkarlar ittifaqları sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində ardıcıl, məqsədyönlü fəaliyyət göstərməyə çalışır, sosial siyasətin həyata keçirilməsinə önəmli dəstək verir.
“Həmkarlar ittifaqları haqqında” qanunla həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən edildi. Həmkarlar ittifaqlarının qeyri-siyasi təşkilat kimi hökumət təşkilatlarından və təsərrüfat orqanlarından asılılığı aradan qaldırıldı. Həmkarlar ittifaqlarının bütün strukturlarında, o cümlədən aşağı vəsiləli həmkarlar ittifaqı təşkilatlarında inzibati amirlik sisteminə son qoyularaq sahə məsələlərinin həllində həmkarlar ittifaqlarının müstəqilliyi təmin edildi, əmək, sosial, iqtisadi məsələlər barəsində qanunvericilik aktlarının hazırlanmasında həmkarlar ittifaqının hüquqları tanındı. Bütün bunlar respublikada həmkarlar ittifaqı hərəkatının inkişafına stimul yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daha səmərəli formada həyata keçirməyə imkan verdi.
Hazırda Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. İlham Əliyev Ulu öndərin siyasi təlimini ardıcıllıqla və yaradıcılıqla həyata keçirən, yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir.
Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətinin yaşadığı müasir tarixə nəzər salsaq, aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Bu heç də təkcə respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Bu daha çox təbii və zehni potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Məhz Prezidentin həyata keçirdiyi yeni iqtisadi strategiya sayəsində Azərbaycanda dünya dövlətlərinin hələ də əziyyət çəkdiyi qlobal iqtisadi böhrandan xilas modeli yaradıldı. Dövlət başçısı tərəfindən ilk növbədə ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırıldı ki, bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil oldu.
Dövlət başçısı İlham Əliyevin siyasətində, dövlətçiliyə uyğun olaraq, milli mənafe və maraqlar daim üstün tutulur, Azərbaycanın inkişafı naminə qlobal işlər aparılır. Prezidentimizin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı ciddi siyasi dəstək almasına zəmin yaradır. Bu isə ölkəmizin bütün sahələr üzrə hərtərəfli, ahəngdar inkişafının təmin edilməsinin əsaslarını təşkil edir və dünya birliyində Azərbaycanı əhəmiyyətli dövlətlərdən birinə çevirir. Belə ki, 2007-ci ildə dövlət büdcəsinin gəlirləri 5,6 milyard manat idisə, 2018-ci ildə həmin gəlirlər 20 milyard 127 milyon manat proqnozlaşdırılır. 10 il öncə ölkənin valyuta ehtiyatları 3,7 milyard dollar idisə, indi həmin rəqəm 42,6 milyard dollar təşkil edir. Azərbaycana 200 milyard dollar həcmində həm xarici, həm də yerli investisiyalar yatırılıb.
İqtisadi tərəqqi əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə də güclü təsir göstərib. Belə ki, 5 ildə 631 mindən çox yeni iş yeri (521 mini daimi iş yeridir) açılmışdır. Dövlətimizin məşğulluq siyasəti dinamik inkişaf xarakterli olmuşdur. Müqayisə üçün deyim ki, 2013-cü ildə açılan yeni iş yerlərinin sayı 110 min (bunlardan daimi iş yeri 80 min) idisə, 2017-ci ildə bu rəqəm 221 min həddinə çatdırılmışdır ki, onlardan 177 mini daimi iş yeridir.
Respublikamızın uğurları beynəlxalq aləm tərəfindən təqdir olunduqca, ölkəmizin dünya arenasındakı siyasi nüfuzu daha sürətlə artır. Dünyanın aparıcı beynəlxalq təşkilatları, qurumları və tanınmış iqtisadçılar Azərbaycanın reallaşdırdığı islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər.
Dövlət başçısının məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsi yolunda son dərəcə mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılır. Son 5 ildə ölkəmizin həyatında yaddaqalan, mühüm hadisələr baş vermişdir. Bu dövrü ölkəmiz üçün fəal və zəngin hadisələr dövrü kimi qiymətləndirmək olar. Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya qaldırmış, yer səthinin məsafədən müşahidəsi üçün geniş imkanlar yaradan peyk toplusu fəaliyyətə başlamışdır.
Ölkəmizin hasil ediləcək qazın Avropaya TAP kəməri ilə ötürüləcəyini açıqlaması respublikamızın strateji əhəmiyyətini daha da artırdı. TAP kəməri Nabukko-Vest kəmər layihəsi ilə rəqabətdən qalib çıxdı. 2014-cü ildə “Əsrin müqaviləsi”nin 20 yaşı tamam oldu. Elə həmin il Azərbaycanda daha bir beynəlxalq əhəmiyyətli enerji layihəsi - “Cənub qaz dəhlizi”nin tikintisinə start verildi. TAP xəttinin mühüm bir hissəsi hesab olunan TANAP layihəsinin icrasına başlandı.
Bu gün inamla deyə bilərik ki, “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır. Azərbaycan və Gürcüstan ərazilərindən keçən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, “Cənub qaz dəhlizi” reallaşıb.
Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı ilə bağlı imzaladığı strateji yol xəritəsi, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilədək uzadılması gələcəkdə ölkəmizin güclü bir dövlət kimi inkişafının təminatı olacaqdır. Kontraktın müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə SOCAR-ın payı 11 faizdən 25 faizə çatdırılır. Mənfəət neftinin 75 faizi də Azərbaycan tərəfinə qalacaqdır.
Sizə məlumdur ki, keçən ilin oktyabr ayında “Dünyanın 100 önəmli layihəsi”ndən biri olan Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezitdenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, Qazaxıstan, Gürcüstan, Özbəkistan Respublikalarının hökumət başçıları iştirak etmişlər.
Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaqdır. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaqdır. Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcəkdir.
Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxşılaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir.
Dəniz və su nəqliyyatı kimi davamlı nəqliyyat vasitələrinin effektiv inteqrasiyası ilə nəqliyyat hərəkətinin təhlükəsizliyinin artırılması, ətraf mühit, enerji səmərəliliyi və daha təhlükəsiz nəqliyyat fəaliyyətlərinə dair davamlı inkişaf məqsədlərinə nail olunması məqsədilə Xəzər regionunda intermodal nəqliyyat xidmətlərinin daha da inkişaf etdirilməsi də gündəmdədir. Bu ilin yayına qədər Bakı Ələt Beynəlxalq Dəniz Limanının I fazası istifadəyə veriləcəkdir. Bu limanın yükdaşıma qabiliyyəti 25 milyon ton və bir milyon konteyner olacaqdır. Eyni zamanda Xəzər dənizi ilə bağlı əməkdaşlıq daha da dərinləşəcəkdir. Limanın tam istifadəyə verilməsi minlərlə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.
Biz - həmkarlar ittifaqlarının çoxminli üzvləri ölkəmiz, xalqımız üçün yeni üfüqlər açacaq həmin layihələrin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi bu il keçiriləcək prezident seçkilərində öz namizədliyini yenidən irəli sürməyə çağırırıq. 2008, 2013-cü illər prezident seçkilərində olduğu kimi, bu dəfə də cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəyimizə, xalq arasında onun könüllü vəkilləri olacağımıza söz veririk.
Hörmətli qurultay nümayəndələri!
Azərbaycanda keçirilən birinci Avropa Oyunları 2015-ci ilin ən mühüm hadisəsi oldu. Bu böyük miqyaslı idman bayramı həm də respublikamızın ictimai-siyasi, humanitar, sosial-iqtisadi həyatı haqqında real gerçəklərin dünya ictimaiyyətinə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Ölkəmizin beynəlxalq aləmdə etibarlılığını artırdı. İki il ərzində həm Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bir daha Azərbaycanın müstəqil, öz dəyərlərinə sadiq, müasir ölkə olduğunu göstərir.
2016-cı ilin ölkəmizdə multikulturalizm ili elan edilməsi çox böyük məna daşıyırdı. Azərbaycan multikulturalizm mərkəzi olaraq cəmiyyətimizin əhvali-ruhiyyəsini dünyaya göstərdi, bizim hər kəsə hörmətlə yanaşdığımızı, multikulturalizm dəyərlərini, adət-ənənələri, dini, tarixi abidələrimizi qoruduğumuzu duyurdu. Təəssüf ki, Avropa ölkələrində miqrantlara qarşı alçaldıcı hərəkətlər, islamafobiya ilə bağlı açıq-aşkar aqressiv siyasət göz qabağındadır.
Azərbaycanın böyük uğurlarından biri Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı 2016-cı il sentyabrın 26-da keçirilən referendum oldu. Referendumun keçirilməsi, ölkənin idarəetmə mexanizminin təkmilləşdirilməsi, əsas qanunda insan hüquq və azadlıqları ilə bağlı fikirlərin daha dəqiq yer alması ən vacib hadisə hesab edilə bilər. Referendum Aktının hədəfləri cəmiyyət və xalq tərəfindən birmənalı şəkildə müdafiə olundu.
Bildiyiniz kimi, Referendum əsasında Azərbaycan Respublikasının Konstitusiyasının 23 maddəsində dəyişiklik olunmuş, 6 yeni maddə əlavə edilmişdir. Dəyişikliyin 16-sı insan hüquq və azadlıqlarının qorunması mexanizminin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkcə bu fakt öz-özlüyündə Konstitusiyaya edilmiş dəyişikliklərin mahiyyətini və mənasını dəqiq ifadə edir. İnsan hüquq və azadlıqlarının qorunması ilə bağlı həmkarlar ittifaqlarının fəaliyyətinə bilavasitə aid olan 2 dəyişikliyin üzərində dayanmaq istəyirəm. Bunlardan biri Konstitusiyanın “Tətil hüququ” adlanan 36-cı maddəsi ilə bağlıdır. Maddədə hər kəsin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququnun olması, hansı şəxslərin bu hüquqdan istifadə edə bilməməsi, fərdi və kollektiv mübahisələrin həlli qaydası müəyyənləşdirilsə də, işəgötürən tərəfindən istisna hallarda lokaut elan etmək hüququ konstitusiyada təsbit edilməmişdi. Maddəyə əlavə olunan “Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut qadağandır” dəyişikliyi həm maddəni tamamlayır, həm də işəgötürənlərin yerli-yersiz lokautdan istifadə etməsinin qarşısını alır.Bəs lokaut nə deməkdir və ondan nə zaman istifadə etmək olar?
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə lokaut - qanunsuz və əsassız tətillərin qarşısını almaq məqsədilə işəgötürən və ya mülkiyyətçi tərəfindən müəssisənin fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. Lokaut işəgötürənin tətilə qarşı cavab tədbiridir.
İşəgötürən yalnız istisna hallarda lokaut elan edə bilər. Lakin lokaut elan etməzdən azı 10 gün əvvəl o, müəssisəni müvəqqəti bağlayacağı barədə işçilərini, həmkarlar ittifaqları təşkilatını və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yazılı şəkildə xəbərdar etməlidir. Lokaut elan edilməsi üçün istisna hallar bunlardır:
1. işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda;
2. qanunsuz elan olunmuş tətil davam etdirildikdə;
3. onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar olduqda. Əmək Məcəlləsində lokautun elan edilməsi qaydası müəyyənləşdirilib. Belə ki, işəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq üçün bütün imkanlarından istifadə etməlidir.
Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək müəssisəni müvəqqəti bağlaya bilər.
Qeyd edilən hallardan başqa qalan hallarda, habelə dövlət mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır.
Lokautun elan edilməsi əmək müqavilələrinin xitam edilməsinə səbəb olmasa da, əmək münasibətlərini dayandırır. Onu da nəzərə almaq lazımdır ki, işçilər lokautun qanunsuz hesab edilməsi barədə məhkəməyə müraciət edə bilərlər.
Məhkəmə işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edir.
Konstitusiyanın 25-ci maddəsinə isə “VI hissə” əlavə edilmişdir. Bu hissəyə əsasən, “sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar”.
Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görülür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda daha yaxından iştirak etmək imkanı yaranır.
Fürsətdən istifadə edərək bildirim ki, keçən ilin 10 ayı ərzində əlilliyi olan 400 nəfər işlə təmin olunmuş, 70 nəfər peşə hazırlığına cəlb edilmişdir. Ölkədə pensiya ilə təmin olunanların 29 faizi, Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilənlərin 72,3 faizi, aylıq sosial müavinət ödənilənlərin 60,8 faizi əlillər və sağlamlıq imkanları məhdud şəxslərdir. Müharibə və Çernobıl AES əlillərinin ümumilikdə 15,8 min nəfər uşağına aylıq sosial müavinət, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət verilir. Ötən ildə bərpa mərkəzlərində 8 min nəfər şəxsə stasionar, 26,4 min nəfərdən çox əlilə ambulator reabilitasiya xidmətləri göstərilmişdir. Bu təbəqələrdən olan insanlar 25,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsilə təmin edilmişdir.
Ötən ilin sonlarında isə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev “2018-2024-cü illərdə Azərbaycan Respublikasında inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. Proqram əlillərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edəcək və onların təhsili üçün maneəsiz mühit yaradacaqdır.
Böyük ictimai maraq doğuran və razılıqla qarşılanan dəyişikliklərdən biri də ölkə Prezidenti, Milli Məclisin deputatı, baş nazir, hakim vəzifələri üçün tətbiq edilən yaş senzi məhdudiyyətinin aradan qaldırılması olmuşdur. Konstitusiyada olan əvvəlki redaksiyaya əsasən, Azərbaycan vətəndaşı 35 yaşına qədər prezident, 25 yaşına qədər Milli Məclisin deputatı, 30 yaşına qədər baş nazir, yaxud hakim ola bilməzdi. Lakin konstitusiyamıza referendum yolu ilə edilmiş dəyişikliklərə əsasən, hər bir Azərbaycan gəncinin yaşından asılı olmayaraq həmin vəzifələri tutması üçün hüquqi əsas yarandı.
Referendum nəticəsində ölkəmizdə vitse-prezidentlik institutunun təsis edilməsi də idarəçiliyin daha da demokratikləşməsi yönündə çox mühüm addım kimi qiymətləndirilməlidir. Bunun nəticəsi kimi, 2017-ci il fevral ayının 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Ümummilli lider Heydər Əliyevin dövlətçilik kursunun ən fəal təmsilçisi, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi respublika ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Mehriban Əliyeva bir ictimai və siyasi xadim kimi ölkə daxilində və onun hüdudlarından kənarda yaxşı tanınır. Mübaliğəsiz deyə bilərik ki, Mehriban xanım xalqın inam ünvanına çevrilmişdir. Mehriban Əliyevanın millət vəkili və fondun rəhbəri kimi irəli sürdüyü uğurlu təşəbbüslər, həyata keçirdiyi layihələr onun müsbət imicini formalaşdırıb. Heydər Əliyev Fondu ötən dövrdə Azərbaycandan Avropaya, Asiyadan Afrikaya, Məkkədən Vatikana qədər böyük xeyriyyəçilik tədbirləri, humanist aksiyalar həyata keçirib. UNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi öz fəaliyyəti, əməlləri ilə uğurlu nümunə göstərir, insanların Ulu öndər Heydər Əliyevin kursu və İlham Əliyev missiyası ətrafında birləşməsinə, səfərbər olmasına xidmət edir. Azərbaycanı xaricdə layiqincə təmsil edən Mehriban xanım xalqımızın haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə böyük töhfə verir.
Hörmətli nümayəndələr!
Prezident İlham Əliyev ölkəmizin müdafiə potensialının gücləndirilməsi sahəsində də böyük işlər görmüşdür. Ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qüdrətinin möhkəmləndirilməsi, hərbi qulluqçuların sosial müdafiəsi üçün dövlət büdcəsindən xərclər hər il artırılır. 2016-cı ilin mühüm hadisələri sırasında Azərbaycanın ən yeni tarixinə aprel zəfəri kimi əlamətdar bir gün də qızıl hərflərlə yazıldı. Azərbaycan Silahlı Qüvvələrinin döyüş və qələbə ruhu görünməmiş milli birlik və həmrəylik nümayişinə çevrildi.
Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmən təxribatının qarşısını alaraq qarşı tərəfə öz gücünü göstərdi. Bu fakt bir daha təsdiq etdi ki, mövcud status-kvonun zamanı artıq bitib, vaxt uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Bundan sonra münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, xalqı beynəlxalq hüquq prinsiplərinə, konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişənin istənilən vaxt güc yolu ilə həllinə qadirdir. Bu kimi hərbi uğurlar isə Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyindən xəbər verir. Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Qərar bütün beynəlxalq aləmdə əks-səda doğurdu. Bu hadisələr zamanı beynəlxalq təşkilatlar da ermənilərə dəstək vermədilər. Bəyan etdilər ki, bu torpaqlar Azərbaycanın tarixi ərazisidir və ölkəmiz öz ərazisində müharibə aparır.
Azərbaycan Ordusunun qısa zamanda həyata keçirdiyi uğurlu hücum əməliyyatları nəticəsində strateji əhəmiyyətli ərazilərimizin geri qaytarılması insanlarımızın böyük coşqusu, sevinci və mənəvi dəstəyi ilə qarşılandı. Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaratdı. Vətəni qorumaq, onun uğrunda döyüşmək, canını, qanını əsirgəməmək hər kəsin şərəfli vəzifəsi, qeyrət borcudur. Bu döyüşlər zamanı xalqımız bir daha öz birliyini nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü göstərdi.
Lakin ərazimizin 20 faizini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri bundan dərs almadılar. Onlar yenə də qoşunların təmas xəttində vaxtaşırı irimiqyaslı təxribatlar törədir, insanlar yaralanır, qətlə yetirilir. Belə qanlı cinayətlər Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini bütün dünyaya nümayiş etdirir. Mövcud reallıq onu göstərir ki, artıq proseslər dözülməz həddə çatıb. Bu münaqişə hər an yenidən alovlana, bütün region üçün ciddi fəsadlar törədə bilər. Erməniləri torpaqdan daha çox, Azərbaycan xalqının varlığı narahat edir. Onların xalqımıza qarşı tarix boyu yürütdüyü soyqırımı siyasəti məhz belə deməyə əsas verir. Bu gün Azərbaycan dövləti özünün ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək gücündədir, zəruri tədbirləri görür və görəcəkdir. Bu, Azərbaycan Respublikası Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş prinsipial və dəyişməz mövqedir.
Hörmətli həmkarlar!
AHİK də, respublikamızda yürüdülən bu siyasətə uyğun olaraq, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, gənclərimizin şərəfli vətəndaşlıq borcu olan hərbi xidmətə hazırlığında daim iştirak edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2000-ci ildən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi hamiliyə götürmüşdür. İndiyə qədər liseyin ictimai həyatında və təhsildə fərqləndiyinə görə 250 nəfərdən çox kursantı mükafatlandırmışıq. Üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosu olan Keçici Kubok təsis etmişik. Hesabat dövründə kursantlara 12.5 min manat yardım göstərilmişdir.
AHİK və üzv təşkilatların nümayəndələri vaxtaşırı Silahlı Qüvvələrimizin hərbi hissələrinə də gedir, qəhrəman əsgər və zabitlərimizlə görüşlər keçirirlər.
Əziz dostlar!
Azərbaycanda son illər vətəndaşların rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını təsdiqləyir. Qlobal böhranın səngimədiyi bir vaxtda vətəndaşların sosial müdafiəsi ilə bağlı xərclər nəinki azaldılmamış, hətta bir sıra sahələr üzrə artırılmışdır. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər, uzaqgörən məşğulluq strategiyası öz bəhrəsini verir.
Əhalinin, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin artırılması, qiymət artımının təsirlərinin azaldılması məqsədilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə son 2 ildə Prezident İlham Əliyevin 25-dən artıq fərman və sərəncam imzalaması da vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının üstün tutulduğunu göstərir.
Korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində yaradılmış “ASAN xidmət” mərkəzləri qısa müddətdə ictimaiyyətin böyük inam və etimadını qazanmışdır. Vətəndaşlara göstərilən xidmətlərin “vahid pəncərə” əsasında həyata keçirilməsi ölkədə vətəndaş-dövlət münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltmişdir. “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsidir. Yeni standartlar dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşıb.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2014-cü il, 03 fevral tarixli fərmanına əsasən, ölkəmizdə əmək münasibətlərinin elektron qeydiyyat sisteminin müasir meyarlara uyğunlaşdırılması, əmək münasibətlərinin elektron müstəvidə şəffaflaşdırılması baxımından ölkəmiz üçün uğurlu bir təcrübə formalaşdı. Bu sistem əmək bazarının, eləcə də işçi hüquqlarının təminatının dövlətin birbaşa nəzarətində saxlanılmasına, məşğulluğun dinamikasına, əməyin şərtlərinin, işçi qüvvəsinin daha çox cəlb olunduğu fəaliyyət sahələrinin və yerdəyişməsinin, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin dəqiq və əhatəli uçotunu aparmağa imkan verir.
Məlumdur ki, ölkəmizdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlərin, təşkilatların, irili-xırdalı iaşə obyektlərinin, kiçik firma və xidmət müəssisələrinin sayı sürətlə çoxalır. Bu, ölkə iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Təəssüf ki, əmək hüquqlarının pozulması da eyni sürətlə artır. Xüsusən özəl müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozulur və işçi-işəgötürən münasibətlərinin təminatı olan əmək müqaviləsi bağlanılmır. Beləliklə, işəgötürənlər vergidən yayınırlar və bu da öz növbəsində işsizliklə bağlı statistikaya da təsir göstərir. İşsizlərin sayı, eləcə də sektorların inkişaf səviyyəsi bilinmir, iqtisadi inkişafa yönəlik planlar, strategiyalar əsassız rəqəmlər üzərində qurulur.
Belə bir vəziyyətin yaranması onun vahid mərkəzdən idarə edilməsini və məsələyə nəzarətin gücləndirilməsini tələb edirdi. Bununla əlaqədar “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 27 dekabr 2013-cü il tarixli Qanunda əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsası müəyyən edildi və Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürənin üzərinə əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək məsuliyyəti qoyuldu.
Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Bu sistem işçilərin əmək hüquqlarının pozulmasının qarşısını alır, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirir, dolayısı ilə sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir.
Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, ölkəmizin sosial-iqtisadi münasibətlər sisteminin mühüm elementi olaraq, əmək münasibətlərinin və bu münasibətlərdə baş verən dəyişikliklərin elektron müstəvidə rəsmiləşdirilərək şəffaflaşdırılmasına xidmət edir. Bununla işçi və işəgötürənlərin əmək münasibətləri sahəsində hüquqlarının əsaslı təminat vasitəsi olan həmin sistem eyni zamanda əmək bazarına nəzarətin çevik və obyektiv uçotunun aparılmasına şərait yaradır. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə müraciətlərin sayı 9 milyon 80 mini keçmişdir.
Dövlət başçısının uğurlu sosial siyasətinin bir nümunəsi də ölkə vətəndaşlarının mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə sosial mənzillərin tikintisi istiqamətində kompleks işlərin görülməsidir. Prezidentin 2016-cı il 11 aprel tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yaradılmışdır. Agentliyin əsas vəzifəsi gəlir səviyyəsi orta və aşağı olan insanların, əsasən də gənclərin, gənc ailələrin mənzil əldə etməsi üçün yeni binalar tikdirmək və mənzillərin qiymətinin əlçatan olmasından ibarətdir.
Bütün bunlar onu göstərir ki, Ulu öndərin Azərbaycanın gələcək inkişafı ilə bağlı arzuları onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Hörmətli qurultay iştirakçıları!
Azərbaycan Həmkarlar İttifaqları 25 il əvvəl yeni tarixi mərhələyə qədəm qoydu. AHİŞ-in tarixə çevrilməsi, AHİK-in yaradılması və ictimai-siyasi həyatda baş verən çətin proseslərdən necə keçdiyimiz yaddaşlardadır. Qəbul etdiymiz konfederativ modelin özünü doğruldacağına şübhə ilə yanaşanlar da az deyildi. Belə bir məsuliyyətli vaxtda ölkəmizin başı üzərini almış qara buludlar - xain qonşularımızın Azərbaycan torpaqlarına göz dikməsi, Qarabağda qeyri-bərabər döyüşlərin getməsi, minlərlə insanın doğma yurd-yuvalarından didərgin düşərək qaçqın və köçkünlərə çevrilməsi həmkarlar ittifaqlarına da saysız-hesabsız problemlər yaratmışdı.
Lakin Azərbaycan həmkarlar ittifaqlarının dəyişməz olan həmrəylik ənənənələri sayəsində sahə həmkarlar ittifaqları özlərinin qəti mövqelərini ortaya qoyaraq yekdil rəyə gəldilər. AHİK-in Nizamnaməsi, digər sənədlər qəbul edildi. Məhz AHİK-in I qurultayından sonra Azərbaycan həmkarlar ittifaqlarının tarixində dönüş mərhələsi başlandı.
Müəyyən qüvvələr AHİK-i lüzumsuz konfliktlərə cəlb etməyə çalışsalar da, bu səylər həmkarlar ittifaqları tərəfindən dəf edilirdi. AHİK bu cür hadisələrin fövqündə dayanaraq öz konfederativ statusunu qorudu, illər keçdikcə vətəndaş cəmiyyətində, beynəlxalq aləmdə rolumuz və nüfuzumuz artdı. Biz təşkilati birliyimizi və yeni şəraitdə möhkəmliyimizi qoruyub saxlaya bildik. Hər il keçirilən məclislərdə müzakirə etdiymiz məsələlər həmkarlar ittifaqlarının daha da yeniləşməsinə, cəmiyyətdə nüfuzunun artmasına səbəb olurdu. Qurultaylarımızda islahat xarakterli, konstruktiv, dünya təcrübəsi əsasında potensialımızın artırılmasına dair əsas istiqamətlər müəyyənləşdirildi. AHİK dünya həmkarlar ittifaqı hərəkatının bərabərhüquqlu üzvünə çevrildi.
25 illik fəaliyyətimizi dünya həmkarlar ittifaqı hərəkatından ayırmaq mümkün deyil. AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqı mərkəzləri ilə, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Hesabat dövründə 10 ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə memorandum, müqavilə imzalamışıq. Özündə dünyanın demokratik həmkarlar ittifaqı mərkəzlərini birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK-in), MDB ölkələri həmkarlar ittifaqlarının daxil olduğu Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK-in) üzvüyük. AHİK-in sədri isə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidentidir. Bunu Azərbaycan həmkarlar ittifaqlarının uğurlu fəaliyyətinə, onun beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı iştirakına verilən yüksək qiymət kimi dəyərləndirmək lazımdır.
Beynəlxalq əməkdaşlıqdan söz açmışkən bu gün bizimlə daha sıx təmasda olan Avropa həmkarlar ittifaqları qarşısında duran başlıca məsələlərə də toxunmaq istəyirəm. Burada ilk yerdə işçilərin əmək hüquqlarının qorunması, sosial dialoq və kollektiv müqavilələr gəlir.
Avropa həmkarlar ittifaqı təşkilatları
Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər il mütəmadi olaraq BƏT-in “Standartların tətbiqi” komitəsində hüquq pozuntuları mövcud olan ölkələrin siyahısını hazırlayır və xüsusi hallar üzrə müzakirələri təşkil edir. Bu müzakirələrdən sonra BƏT-in ölkələr üzrə qətnaməsi qəbul olunur.
Həmkarlar ittifaqı təşkilatlarının hüquqlarının pozulduğu ölkələrdə beynəlxalq səviyyədə onlarla həmrəylik tədbirləri təşkil olunur, etiraz mitinqləri dəstəklənir. Ölkə rəhbərliyinə beynəlxalq və ya regional səviyyədə etiraz məktubları göndərilir. Son illərdə Qazaxıstan, Makedoniya, Serbiya, Bosniya və Herseqovina, Türkiyə və Ukrayna həmkarlar ittifaqı təşkilatlarının təşkilatlanma hüquqlarının pozulması ilə bağlı analoji tədbirlər həyata keçirilmişdir.
Milli həmkarlar ittifaqı mərkəzlərinə ölkədə əmək qanunvericiliyi ilə bağlı islahatların həyata keçirilməsi, qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində beynəlxalq texniki dəstək göstərilir.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası həmkarlar ittifaqı təşkilatlarının hüquqlarının pozulması ilə bağlı illik bülleten nəşr edir. Bülletendə hər bir ölkə üzrə həmkarlar ittifaqı təşkilatlarının istər qanunvericilikdə, istərsə də praktikada üzləşdiyi problemlər haqqında geniş məlumat yerləşdirilərək əlaqədar qurumlara göndərilir.
Avropa regionu üzrə milli həmkarlar ittifaqı təşkilatları mərkəzlərinin hüquqşünaslarının illik görüşünün təşkili, hesabatların hazırlanması, sosial tərəfdaş kimi Pan Avropa Regional Şurasının Avropa Komissiyası ilə kollektiv danışıqların da böyük faydası vardır. Yeri gəlmişkən, AHİK-in sədri həm də Pan Avropa Regional Şurasının vitse-prezitdentidir.
BHİK-in Qazaxıstan, Özbəkistan və digər ölkələrə xüsusi missiya göndərilərək dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirməsini, həmkarlar ittifaqı təşkilatlarına hörmətlə yanaşılmasını təkidlə tələb etməsi də müsbət təcrübədir.
Avropa həmkarlar ittifaqlarının fəaliyyətində sülh, demokratiya və stabillik məsələləri də önəmli yer tutur. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının, PARŞ-ın Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına dəstək verərək Vətəndaş Cəmiyyəti Forumunda təmsil olunması buna sübutdur. Nəzərinizə çatdırım ki, AHİK də bu forumda ölkəmizin vətəndaş cəmiyyəti qurumları tərəfindən seçilərək iştirak edir.
Son dövrlər Avropa həmkarlar ittifaqı mərkəzlərinin diqqəti miqrasiya problemlərinə çevrilmişdir.
BHİK beynəlxalq səviyyədə miqrasiyanın tənzimlənməsi məsələləri ilə bağlı prioritetlərini açıqlamışdır. Bunlar qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı normaların inkişaf etdirilməsi, məcburi əməyə dair protokolun icrasına nəzarətin gücləndirilməsi, BƏT-in 29 saylı Konvensiyasının icrasıdır.
BHİK eyni zamanda konvensiyanı ratifikasiya etmiş ölkələrin iqtisadiyyatına miqrantların müsbət təsirinə dair tədqiqatlar hazırlayır, milli səviyyədə işçi miqrantların hüquqlarının artırılması ilə bağlı layihələr həyata keçirir.
Miqrant axınının görünməmiş həddə çatması bu prosesin ciddi təhlil olunmasını və tənzimlənməsini zəruri etmişdir. BƏT-in hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədilə tərk etmişdir. Miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Azərbaycandakı əlverişli coğrafi mövqe, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın genişlənməsi miqrantlar üçün cəlbedici mühit formalaşdırmışdır. Ölkəmizdə miqrasiya siyasəti sahəsində bir sıra mühüm addımlar atılıb. AHİK-in irəli sürdüyü təkliflər partnyorlarımızla bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb.
AHİK-də miqrasiya siyasətinə dair işçi qrupu yaradılıb, həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı qəbul olunub, müxtəlif bukletlər, əmək miqrantlarının yaddaş kitabçası çap olunub, bir neçə beynəlxalq təşkilatla və həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalanıb. Həmin sənədlərdə əmək miqrantlarının hüquqlarının müdafiəsi üzrə, əmək münasibətlərində etnik, dini və siyasi diskriminasiyaya qarşı öhdəliklər əksini tapıb. AHİK-in atdığı addımlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.
Respublikamız bu gün mühüm siyasi, iqtisadi, mədəni təşəbbüslərin icraçısı kimi tanınır və qlobal forumlara, konfranslara, layihələrə ev sahibliyi edir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi ilk növbədə respublikamızın sivilizasiyalararası dialoq prosesində fəal mövqe tutduğunu, körpü rolunu oynadığını göstərir. Hesabat dövründə BƏT və BHİK-lə birlikdə həmkarlar ittifaqı üçün aktual mövzularda beynəlxalq tədbirlər - seminar, konfrans, görüşlər keçirilmişdir. BƏT, BHİK, ÜHİK, Türkiyə və Rusiyanın ən böyük həmkarlar ittifaqı qurumları öz mötəbər tədbirlərini Azərbaycanda keçiriblər.
Bu tədbirlərdən birini xüsusi vurğulamaq istəyirəm. Bu tədbir sayəsində Azərbaycan Avropanın gənc həmkarlar ittifaqı liderlərinin təlim mərkəzinə çevrilmişdir. Pan Avropa Regional Şurasının ənənəvi olaraq hər il bizim maliyyə dəstəyimizlə keçirdiyi gənclər konfranslarına aparıcı Avropa ölkələri həmkarlar ittifaqı mərkəzləri böyük önəm verir. Bu tədbirlərə həm də sosial tərəfdaşlarımız dəvət olunurlar. Aktual mövzular onların nümayəndələrinin iştirakı ilə müzakirə olunur və gənclərin böyük diskussiya arenasına çevrilir. Son belə tədbir ötən ilin noyabrında “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda keçirildi. Bu konfransa dünyanın müxtəlif ölkələrini təmsil edən 30 gənc lider qatılmışdı. Bir o qədər də azərbaycanlı gəncin iştirak etdiyi tədbir qonaqlarımız tərəfindən yüksək dəyərləndirildi. Azərbaycan həmkarlar ittifaqlarının Avropada nüfuzunun artmasına yardımçı oldu.
AHİK dünya həmkarlar ittifaqları hərəkatının bərabərhüquqlu üzvü olaraq inkişafının əsas prinsipial istiqamətlərini müəyyənləşdirmiş, 2013-2017-ci illər ərzində dünya, Avropa və MDB dövlətlərinin həmkarlar ittifaqı birlikləri ilə dialoqun, təcrübə mübadiləsinin və müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsinə, vahid strategiyanın dəstəklənməsinə və xarici ölkə həmkarlar ittifaqı mərkəzləri ilə faydalı münasibətlərin qurulmasına böyük güc sərf etmişdir.
AHİK-in nümayəndələri çeşidli ölkələrdə iştirak etdikləri qurultaylarda, konfranslarda, seminarlarda, aksiyalarda, görüşlərdə həmişə respublikamızın ümumilli problemlərini önə çəkmiş, dünya həmkarlar ittifaqlarının diqqətini respublikamızın əsl həqiqətlərinə cəlb etməyə çalışmışlar. Hər dəfə “Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın beynəlxalq hüquq normalarına uyğun olaraq şərtsiz azad olunması zəruridir” fikri vurğulanmış və dünya dövlətləri haqqın, ədalətin yanında olmağa çağırılmışdır.
Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan təcavüzkar Ermənistanın sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhlükə mənbəyi olduğu bildirilmiş, erməni lobbisinin respublikamıza qarşı apardığı bədnam təbliğata qarşı effektiv əks-hücumun təşkili prosesində çoxminli həmkarlar ittifaqı ordusunun da fəal mövqe tutmasının son dərəcə vacib olduğu qeyd edilmişdir.
MDB ölkələrinin həmkarlar ittifaqları mərkəzləri ilə əlaqələrimizin daha da möhkəmlənməsi sayəsində AHİK Rusiya Həmkarlar İttifaqları Federasiyası, Sverdlovsk və Həştərxan vilayət həmkarlar ittifaqları təşkilatları, Gürcüstan Həmkarlar İttifaqları Birliyi, Tacikistan Hİ Federasiyası ilə memorandum və əməkdaşlıq müqavilələri bağlamışdır. AHİK və üzv təşkilatları haqqında düzgün informasiyanın yayılmasında ÜHİK-in orqanı olan “Vestnik profsoyuzov” toplusunun imkanlarından geniş istifadə edirik. Vaxtaşırı AHİK və üzv təşkilatlarının fəaliyyətinə dair materiallar, rəhbər işçilərin çıxışları, mühüm tədbirlər haqqında məlumatlar çap olunur.
AHİK-in yarandığı ilk illərdə dünya və milli həmkarlar ittifaqı mərkəzlərindən ilk olaraq səsimizə səs verən qardaş Türkiyənin “Türk-İş”, “Haqq-İş” konfederasiyaları, Avrasiya Metal İşçiləri Federasiyası oldu. Bu əməkdaşlıq münasibətləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tanıdılmasında böyük rol oynadı.
Hörmətli qurultay iştirakçıları!
Bu gün hamımızın diqqəti qlobal böhran şəraitində əldə olunmuş sosial nailiyyətlərin qorunub saxlanmasına yönəlmişdir. Belə bir şəraitdə iqtisadi cəhətdən səmərəli, sosial ədalətli və ekoloji təhlükəsiz inkişaf modeli uğrunda mübarizəni davam etdirəcək, bundan sonra da çalışacağıq ki, bizim həmkarlar ittifaqı ailəsində hər kəs özünü bərabərhüquqlu hiss etsin, köməksiz qalmasın.
Hazırda Konfederasiyamızın ətrafında 1 milyon 500 minə yaxın üzvü birləşdirən 16901 həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir.
Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılmış, həmkarlar ittifaqı üzvlərinin sırasına 56.497 nəfər cəlb edilmişdir. Həmkarlar ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95.5 faizi həmkarlar ittifaqı üzvüdür.
Bu sırada 2014-cü ildə Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqının təsis edilməsi nəticəsində 49 həmkarlar ittifaqı təşkilatının yaranmasını xüsusi qeyd etmək lazımdır. Nazirlik sistemində çalışan 13162 nəfər sıralarımıza qoşulmuşdur. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının apardığı müsbət iş diqqətəlayiqdir. Əgər 2014-cü ildə Muxtar Respublikada 1537 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu təşkilatların sayı 1579-a çatdırılmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayının proqram sənədlərində üzv təşkilatlarının qarşısında, mülkiyyət münasibətlərindən asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və üzvlərin sayının artırılması işinin gücləndirilməsi vəzifəsi qoyulmuşdur. Bu vəzifənin icrası məqsədilə mövcud problemlər araşdırılıb, gənc işçilərin maraqları öyrənilib və müvafiq tədbirlər həyata keçirilib. 2005-ci ildə 3340 xarici, birgə özəl firma və şirkətdə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu təşkilatların sayı 3502-dir.
Bu uğurlarla yanaşı, hələ də həllini gözləyən problemlər qalmaqdadır. Məsələn, bəzi regionlarda əməkçilər, xüsusən gənclər həmkarlar ittifaqlarına üzvlüyün üstünlüklərini bilmir, yaxud işçilərin sosial problemlərinin həllində və hüquqlarının qorunmasında həmkarlar ittifaqının oynadığı rol barədə az məlumatlıdırlar. Bəzi hallarda isə işəgötürənlərin təzyiqi nəticəsində həmkarlar ittifaqına üzv olmaqda həvəsli görünmürlər, işəgötürənin əks hərəkətlərindən çəkinən işçilər fərdi qaydada məhkəmədə iddia qaldırmağa, həmkarlar ittifaqının təmsilçiliyi üçün vəkalətnaməni rəsmiləşdirməyə qərar verə bilmirlər. AHİK bütün bunları nəzərə alaraq son 2 il ərzində “İlk həmkarlar ittifaqını necə yaratmalı”, “Sənin həmkarlar ittifaqın sənin müdafiəçindir” kitablarını hazırlamış, “Həmkarlar ittifaqına üzv ol” devizi altında regionlararası silsilə seminarlarda təqdimatını keçirmişdir.
Hesabat dövründə AHİK-in məclislərində baxılmış məsələlər - “Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu”, “Uşaq əməyi: mövcud vəziyyət və gələcək addımlar”, “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqları əməyin hüquq müfəttişlərinin rolu” bizim üçün ən prioritet vəzifələr olmuşdur.
Ötən dövrdə AHİK-in Məclisində 5, İcraiyyə Komitəsinin iclaslarında 878 məsələyə baxılmışdır. Müzakirə olunan məsələlərin əksəriyyəti həmkarlar ittifaqının mühüm, həyati əhəmiyyətli problemlərini əhatə etmişdir. Həmin problemlərin çoxu sizə yaxşı tanışdır: əməkhaqqı, layiqli əmək, məşğulluq, qanunvericiliyin təkmilləşdirilməsi, əməyin mühafizəsi, sağlam iş şəraiti.
Hörmətli qurultay nümayəndələri!
Müasir şəraitdə vətəndaş cəmiyyəti institutlarının inteqrasiya və əməkdaşlığın inkişafında rolu böyükdür. Həmkarlar ittifaqı vətəndaş cəmiyyətini tarazlayan vasitə və dayaqdır. Həmkarlar ittifaqının əsas məqsədlərindən biri sosial dialoq vasitəsilə layiqli əmək prinsiplərini əks etdirən strategiyanı formalaşdırmaqdır. Sosial əməkdaşlığın səmərəsini yüksəltmək məqsədilə indiyədək xeyli iş görülmüşdür. Həmkarlar ittifaqı uğurlarını sosial tərəfdaşlığın daha da inkişaf etdirilməsində görür. Bu sahədə işçilərin hüquq və mənafelərinin qorunması ilə yanaşı, sahibkarlarla danışıqlarda məsələnin optimal həlli üçün, yeri gəldikdə güzəştə getmək də nəzərdə tutulub. Sosial tərəfdaşlıq çərçivəsində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır.
Təəssüf ki, biznes adamlarının heç də hamısı əməkdaşlığa cəhd göstərmir, əksinə, var qüvvələri ilə öz müəssisələrində həmkarlar ittifaqı təşkilatının yaradılmasına mane olurlar. Onlarla mübarizə aparmaq lazım gəlir. Konstruktiv danışıqlar prosesinə ciddi diqqət yetirilir. Harada sosial tərəfdaşlığın və həmkarlar ittifaqı təşkilatının olmasının vacibliyini başa düşürlərsə, problemlər sarsıntısız həll edilir. Biz əminik: maraqları balanslaşdırmaq və razılığa gəlmək həmişə mümkündür, yalnız istək olmalıdır.
Yeri gəlmişkən, həmkarlar ittifaqları hakimiyyət strukturları ilə də ən yüksək səviyyədə konstruktiv əməkdaşlıq edirlər.
Təsadüfi deyildir ki, 27 yanvar 2012-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, AHİK-in və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli (Tripartizm) Sosial Şurası yaradılıb və Əsasnaməsi qəbul olunub. Bu, sosial tərəfdaşlarla hüquq bərabərliyi prinsipi əsasında Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, konvensiyalarda və milli qanunvericilikdə nəzərdə tutulan iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün birgə fəaliyyəti təmin etmişdir.
AHİK uzun müddət idi ki, Üçtərəfli Komissiya yaradılması üçün təkliflər irəli sürürdü. Nəhayət, 2016-cı il sentyabrın 30-da Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalandı. Bununla Azərbaycan həmkarlar ittifaqları yeni bir inkişaf mərhələsinə daxil oldu. Bu komissiyanın yaradılması ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasında, bir sıra vacib sosial-iqtisadi məsələlərin həllində sosial partnyorların fəaliyyətinin daha sıx formada əlaqələndirilməsinə, işçilərin və işəgötürənlərin hüquqlarının yüksək səviyyədə qorunmasına, bu sahədə sosial əməkdaşlığın təkmilləşməsinə xidmət edir.
Ölkədə sosial-iqtisadi inkişaf proseslərinin, əmək və sosial müdafiə, sosial partnyorluq sahəsində əldə olunmuş müsbət təcrübənin inkişaf etdirilməsinə geniş imkan yaranıb. Əminik ki, Üçtərəfli Komissiya ona bəslənən ümidləri doğruldacaqdır.
Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.
Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmiş, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial mexanizmlərin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın yönümlülüyünü daha da artırmışdır.
Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,0 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 4,4 dəfə, orta aylıq pensiya 6,4 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 46 faizdən 5,4 faizə enmişdir. İşsizlik səviyyəsi isə 5 faizə bərabərdir.
Ümumdaxili məhsul 2006-cı illə müqayisədə 2016-cı ildə adambaşına 3 dəfə artaraq 6.224 manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorlar üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.
Qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirləri davam etdiməyi zəruri hesab edərək, ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən - işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb.
Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi qurulub.
Komissiyaya icra orqanlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxil olunublar.
Ölkə prezidenti 9 oktyabr 2017-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzaladı.
Tədbirlər Planında beş istiqamət - normativ - hüquqi aktların təkmilləşdirilməsi, inzibatçılığın təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluğun qarşısının alınması, monitorinq və qiymətləndirmə sisteminin qurulması, qeyri-rəsmi məşğulluğa qarşı məlumatlandırma və təbliğat işlərinin təşkilini nəzərdə tutur.
Qeyd etmək lazımdır ki, tədbirlərin icrası müvafiq dövlət qurumlarına tapşırılıb, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının iştirakı da tövsiyə olunub.
Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə qeyri- rəsmi fəaliyyətlə məşğul olanların 1 milyon nəfəri real iş sektoruna cəlb ediləcəkdir.
Yeri gəlmişkən, hesabat dövründə 3 Baş Kollektiv Saziş, hər il orta hesabla 110 sahə (tarif) sazişləri, 12 min kollektiv müqavilə bağlanmışdır. Həmin sənədlərdə həmkarlar ittifaqlarının tələbləri öz əksini tapmışdır. Bu sahədə görüləcək işlərə Azərbaycan Respublikasının “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” təminat yaradır. Bu Proqramın hazırlanmasında AHİK fəal iştirak etmişdir. İlk növbədə Ölkə Proqramının yerinə yetirilməsində həmkarlar ittifaqlarının öhdəlikləri müəyyənləşdirilib. Həmkarlar ittifaqlarının mövqeyini əks etdirən tövsiyələr qəbul edilmişdir. Həmkarlar ittifaqı təşkilatlarına əməyin ödənilməsi sahəsində öz səylərini ilk növbədə əməkhaqqı<