AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

10 Mar 2016

2016-cı il martın 10-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İclasın gündəliyi ilə bağlı məlumat verən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev  müzakirə olunacaq məsələlər barəsində danışıb.
İclasda həmkarlar ittifaqı təşkilatlarının 2015-ci il üzrə statistik hesabatı haqqında AHİK-in katibi-Aparat rəhbəri H.Cəfərovun məlumatı dinlənilib. Məlumatda qeyd edilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 1 yanvar 2016-cı il tarixinə  27 üzv təşkilatı və müqavilə əsasında 6 həmkarlar ittifaqını öz ətrafında birləşdirir. Üzv təşkilatlarında 17087 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 9,6 faizini tələbələr təşkil edir.
Məlumatda deyilib ki, hesabat ilində respublika üzrə 200 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb ki, onlardan da 3079 nəfər həmkarlar ittifaqı üzvünü birləşdirən 61 həmkarlar ittifaqı təşkilatı qeyri-dövlət sektoruna aiddir.
İcraiyyə Komitəsinin iclasında AHİK-in üzv təşkilatlarına tövsiyə edilib ki, həmkarlar ittifaqı üzvlüyünə cəlb olunmasını, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılmasını,  müəssisə və təşkilatlarda işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsini daim nəzarətdə saxlasınlar, həmkarlar ittifaqı üzvlərinin daha çox kollektiv müqavilə və sazişlərlə əhatə olunmasına nail olsunlar, həmkarlar ittifaqları kadr və fəallarının təhsilinin təşkil edilməsinə yönələn tədbirləri davam etdirsinlər, bütün imkanlardan istifadə edərək ilk növbədə yeni seçilən həmkarlar ittifaqı komitəsi sədrlərini təhsilə cəlb etsinlər.
İcraiyyə Komitəsinin iclasında  daha sonra AHİK aparatına və üzv təşkilatlarına 2015-ci il ərzində daxil olmuş ərizə və şikayətlər barədə məlumat dinlənilib. Qeyd edilib ki,həmkarlar ittifaqı orqanlarına ərizə və şikayətlərlə müraciət edilməsi həmkarlar ittifaqı üzvlərinin hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Ərizə və şikayətlərin araşdırılmasında həmkarlar ittifaqı təşkilatları öz səlahiyyətlərinə uyğun olaraq məsələnin mahiyyətini öyrənir, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununu və AHİK-in “Həmkarlar ittifaqı təşkilatlarında kargüzarlığın aparılmasına dair tövsiyələri”ni əsas tuturlar. 2015-ci ildə AHİK aparatına və üzv təşkilatlarına daxil olan 151396 ərizə-şikayətin əksəriyyəti aparat işçiləri tərəfindən araşdırılaraq müvafiq tədbirlər görülüb. Üzv təşkilatların aparatlarına daxil olmuş ərizələrin sayında azalma müşahidə olunub, 2015-ci ildə 2014-cü ilə nisbətən 5,2 faizə yaxın ərizə və şikayətlərin sayı azalıbdır. Müraciətlərin 90,8 faizi müsbət həll edilibdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aparatına 2015-ci ildə həmkarlar ittifaqı üzvlərindən 1578 ərizə və şikayət daxil olub ki, bu da əvvəlki ilə nisbətən 29,3 faiz artıqdır. Müraciətlərin təhlili göstərir ki, ötən il maddi yardım, yollayışlar, işdən qanunsuz azad edilmə ilə əlaqədar məktublar üstünlük təşkil edib və onların əksəriyyəti öz müsbət həllini tapıbdır. Ümumi müraciətlərin 58 faizidən çoxu maddi yardımlar, 14 faizi isə yollayışlarla bağlı olubdur. Təkcə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə, Qarabağ əlillərinə 2015-ci ildə 102650 manat maddi yardım göstərilib, 70 min nəfərdən çoxu isə müalicə və istirahət ocaqlarında dincəlib. Üzv təşkilatları tərəfindən öz vəsaitləri hesabına son illərdə istifadəyə verilmiş istirahət ocaqları da həmkarlar ittifaqı üzvlərinin tələblərinin yerinə yetirilməsinə müsbət təsir göstəribdir.
İşçilərin əmək hüquqlarının pozulması ilə bağlı ötən il AHİK-ə 3998 ərizə və şikayət daxil olub ki, bunların da 90 faizdən çoxu  müsbət həll edilib.
     AHİK-ə daxil olmuş ərizə və şikayətlərin araşdırılmasına göstərilən diqqətin və həssaslığın nəticəsində daxil olmuş təkrar ərizələrin sayı xeyli azalıb. Əgər 2014-cü ildə daxil olmuş təkrar ərizələrin sayı 66 idisə, 2015-ci ildə bu rəqəm 28-ə enib.
Həmkarlar İttifaqı üzvləri ilə işin mühüm hissəsi onların fərdi qəbulunun aparılması üçün lazımi şərait yaradılmasıdır. AHİK-də qəbul şöbəsi fəaliyyət göstərir, qəbul otağı mövcuddur. AHİK rəhbərliyinin qəbul günlərinin qrafiki hazırlanıb. Ötən il 386 həmkarlar ittifaqı üzvü AHİK-də onun rəhbərləri tərəfindən qəbul edilib, qaldırdıqları məsələlərin həllinə yardım edilib. AHİK-ə müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə yardımçı olduğuna və obyektiv yanaşıldığına görə 2015-ci ildə həmkarlar ittifaqı üzvlərindən daxil olmuş təşəkkür məktubları əvvəlki illə müqayisədə iki dəfə çoxdur. Məktublarda həmkarlar ittifaqı üzvləri AHİK-in sədrinin Azərbaycan Respublikasını beynəlxalq həmkarlar ittifaqları hərəkatında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti kimi layiqincə təmsil etməsini, tələbələrə və şagirdlərə həmkarlar ittifaqının adlı təqaüdlərinin, güzəştlərinin verilməsini, aztəminatlı ailələrə göstərilən qayğını və maddi yardımı yüksək qiymətləndirirlər. Son illər həmkarlar ittifaqlarının vəsaiti hesabına tikilib istifadəyə verilmiş yeni istirahət ocaqlarının ittifaq üzvlərinin və ailələrinin sağlamlıqlarının möhkəmləndirilməsində mühüm rola maik olması, həmkarlar ittifaqlarının Bakıda keçirilən I Avropa Oyunlarında fəal iştirakı da yüksək qiymətləndirilir.
Bütün bunlarla yanaşı, iclasda işçilərin ərizə və şikayətlərinə daha diqqətlə və ciddi yanaşılması tələb olunub.
İcraiyyə Komitəsinin iclasında həmçinin respublikanın iri şəhərlərində “Həmkarlar ittifaqına üzv ol” mövzusunda seminarların keçirilməsi haqqında, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları kadr və fəallarının 2015-ci il üçün təhsil planının yerinə yetirilməsi və 2016-cı il üçün təhsil planı haqqında, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının verilməsi haqqında AHİK-in İcraiyyə Komitəsinin qərarının icrası barədə, Həmkarlar İttifaqlarının 2016-cı il üçün ümumiləşdirilmiş büdcəsinin təsdiqi haqqında, Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2015-ci il üzrə hesabatı və digər məsələlər haqqında məlumatlar dinlənilib.
Müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib.
AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Mehbalıyev İcraiyyə Komitəsinin iclasına yekun vuraraq gündəlikdəki məsələlərlə bağlı qarşıda duran vəzifələr haqqında danışıb, həmkarlar ittifaqı təşkilatlarının bütün strukturlarında çalışan həmkarlar ittifaqı  rəhbərlərindən yerlərdə işçilərin hüquqlarının müdafiəsinə, haqlı tələblərinin yerinə yetirilməsinə, işəgötürənlər tərəfindən onlara qarşı atılan hər hansı qeyri-qanuni addımlara, işçilərin ixtisarlarına yol verilməməsinə diqqətin daha da artırılması tapşırıqlarını verib.

FAYDALI KEÇİDLƏR