AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası olub
14 Mar 2017
Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açıb.
O, əvvəlcə dünyada və regionda baş verən hadisələrə
münasibət bildirdi. Türkiyə-Avropa İttifaqı arasında yaranmış münaqişəyə
toxundu. Dedi ki, Türkiyənin inkişafı bir çox siyasi dairələri narahat edir. Hər
vəchlə qardaş dövlətin inkişafına mane olmağa çalışırlar. Son illərin gedişi
göstərir ki, Avropada millətçilik meyilləri güclənir. Bu meyillərin hədəfində
islam dünyasıdır. Qədim qitənin ikili siyasətinin qurbanına çevrilmiş islam ölkələrinin
xalqları məhrumiyyətlər içərisində yaşayır. Gündə minlərlə insan terror və
bombardmanlar nəticəsində həyatını itirir. Kütləvi şəkildə ölkələr tərk olunur.
Qaçqın həyatına məhkum edilmiş müsəlmanlar Avropada alçaldılır. Qarabağ
probleminin həllinin uzanmasında da islamofobiya və türkfobiya münasibəti
durur. Səttar müəllim bu keşməkeşli dövrdə xüsusilə gənclərdə vətənpərvərlik
hisslərinin gücləndirilməsinin vacibliyini qeyd etdi. Dedi ki, həmkarlar
ittifaqı olaraq biz də
Prezidentimiz ətrafında sıx birləşməli, yad əllərin
ölkəmizin daxilinə uzanmasına imkan verməməliyik. Sonra S.Möhbalıyev gündəlikdə
duran məsələləri İcraiyyə Komitəsinin üzvlərinə təqdim etdi. Əvvəlcə İcraiyyə
Komitəsinin və aparatının yarım il üçün iş planı təsdiq olundu. Sonra "Azərbaycan
Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata
keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
Konsepsiyası haqqında" məsələyə baxıldı. Sənəddə deyilir ki, Konsepsiyada
Ölkə Proqramının həyata keçirilməsi üçün həmkarlar ittifaqlarının əsas
prioritetləri - qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu,
işçilərin əməyinin mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişaf etdirilməsi,
həmkarlar ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı
olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli
şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər nəzərdə
tutulmuşdur.
Sonra həmkarlar ittifaqı təşkilatlarının, Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasının, AHİTA-nın 2016-cı il üzrə fəaliyyətləri
və statistik məlumatları dinlənildi. "Gender bilikləri və texnologiyası məktəbi"
haqqında qərarın icrası və həmkarlar ittifaqlarının gender statistikası barədə
təqdimat müzakirə olundu. Bu barədə hazırlanmış qərar layihəsində bildirildi
ki, AHİK kişi və qadınların istehsalata həm fəal ictimaiyyətçi, həm də
ixtisaslı kadr kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə
edir. "Gender bilikləri və texnologiyası məktəbi" layihəsinin icrası
da bu məqsədləri güdür. AHİK İK-in qərarı ilə üçmərhələli kompleks proqram və tədbirlər
planı təsdiq edilib. Əsas vəzifələr sırasında - gender bərabərliyi üzrə biliklərin
yüksəldilməsi və bu sahədə təlimatçıların mobil qrupunun hazırlanması göstərilir.
İcraiyyə Komitəsi sonra "Gənc həmkarlar ittifaqı
lideri məktəbi"-gənc işçilər üçün kompleks proqram haqqında",
"Naxçıvan Muxtar Respublikası gənclərinin regionlarda keçirəcəkləri
"Ölkəmizi tanıyaq" kampaniyasının maliyyələşdirilməsi və sair məsələlərə,
o cümlədən təşkilati məsələyə baxıb. AHİK sədrinin müavini Vaqif Eyvazovun işdən
azad olunması barədə xahişi qəbul edilib.
Sonda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev yekun
sözü söyləyib.