2016-cı il dekabrın 21-də
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti
iclası keçirilib. İclası AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyası (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar
Mehbalıyev açıb və gündəlikdə duran məsələlər barəsində Məclis iştirakçılarına
məlumat verib.
İclasda S.Mehbalıyev «Həmkarlar ittifaqı üzvlərinin
əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının
əməyin hüquq müfəttişlərinin rolu» mövzusunda məruzə ilə çıxış edib.
AHİK sədri öz məruzəsində qeyd edib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin
əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi
isə heç şübhəsiz yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan
haqlarına və azadlıqlarına göstərdiyi sayğıdan asılıdır. Burada ölkənin iqtisadi
durumunun dayanıqlığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr
üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu vardır.
Müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının
etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan
hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin
cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz
buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan
hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf
etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət
həyata keçirir.
Bu siyasətin reallaşması sahəsində
fəaliyyəti «Həmkarlar ittifaqları haqqında» Qanunla tənzimlənən AHİK-in də üzərinə mühüm vəzifələr düşür. Son
10 il ərzində Qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə,
üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan verib,
fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açıb. Bütün bunların məntiqi davamı kimi,
yeni prioritetlər nəzərə alınmaqla, hüquq-müdafiə sisteminin, qanunvericiliyin təkmilləşdirilməsi,
əhalinin hüquqi maarifləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində
mühüm vəzifələr müəyyənləşdirilib.
Biz inamla deyə bilərik ki, bu
gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində
böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə
yüksək etimad qazanıb. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil
edilir. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır,
5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk.
Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla
eyni amala – işçilərin əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsinə
dönmədən xidmət etməyimizdir.
Ölkəmizdə əmək qanunvericiliyinin
təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə
müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib
hazırlanmasında iştirak edir, rəy və təklif verirlər.
AHİK sədri bildirib ki, Azərbaycan
həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri «Həmkarlar
ittifaqları haqqında» qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə
və «Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında» Əsasnaməyə
uyğun olaraq müəyyən edilib.
Əmək Məcəlləsinə və digər qanunvericilik
aktlarına əsasən, respublikamızda əmək qanunvericiliyinə əməl edilməsinə
və işçilərin əmək hüquqlarının qorunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. İşçilərin
əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti isə
həmkarlar ittifaqları yerinə yetirir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda
əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar yoxlamalar keçirilir,
həmkarlar ittifaqı fəalları ilə seminarlarda, dəyirmi masa ətrafında görüşlərdə
fikir, təcrübə mübadiləsi aparılır, kütləvi informasiya vasitələrində çıxışlar edilir.
Təkcə son üç il ərzində əməyin
hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq
və araşdırma aparılıb. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb,
müvafiq qərarlar qəbul edilibvə aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə
məlumat verilib.
Əmək müqavilələrinin qanunvericiliyə
uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün
aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının
təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən
əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət
yetirilib.
S.Mehbalıyev daha sonra deyib ki, Azərbaycan həmkarlar
ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının
qorunması sahəsində onlara yardımçı olmaqdır. Bu məsələ ilə əlaqədar bir faktı Məclis
üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
10 may 1994-cü il 185 saylı «Azərbaycan Respublikasında əlillərin problemləri
üzrə kompleks proqramın həyata keçirilməsi haqqında» qərarına
əsasən əmək kollektivinin razılığı ilə III qrup
əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən
10-15%, I və II qrup əlillərin əməkhaqqlarının isə 20-25% artırılması nəzərdə tutulub.
Son üç ildə AHİK-in hüquq şöbəsi
tərəfindən 26 normativ–hüquqi aktın layihəsinə təkliflər verilib və həmin təkliflərin
əksəriyyəti nəzərə alınıb. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları
tərəfindən göndərilmiş normativ–hüquqi aktların layihələrinin ekspertizasında iştirak
etməklə bərabər, həm də mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış
edilib. Məsələn, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin və «Yaşayış
minimumu haqqında» qanunun 1.0.8. maddəsinin BƏT-in 131 saylı «İnkişaf etməkdə olan
ölkələri xüsusi nəzərə almaqla minimum əməkhaqqının müəyyən edilməsi haqqında» Konvensiyasının
3-cü maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə qeyd edilən maddələrə dəyişiklik
edilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılıb.
BƏT-in Milli Məclisdə ratifikasiya
edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması
AHIK-in daima diqqət mərkəzində saxladığı məsələlərdəndir. Həmin konvensiyalar həmkarlar
ittifaqlarının əməli fəaliyyətində səmərəli tətbiq olunur. Həmçinin AHİK ölkəmizin
BƏT-in 131, 168, 155, 184, 97 saylı konvensiyalarına
qoşulması təkliflərini vermiş, bu sahədə məqsədyönlü işlər aparır.
10 ildən çoxdur ki, Baş Kollektiv Sazişdə sosial
tərəfdaşlar BƏT-in müvafiq konvensiyalarına, o cümlədən “Məşğulluğa kömək və işsizlikdən
müdafiə haqqında” 168, “İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin
müdafiəsi haqqında” 173, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi
əsasları haqqında” 187, “ Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər
imkanlar: ailə vəzifələri olan işçilər haqqında” 156, “Analığın mühafizəsi haqqında”
(yenidən baxılmış) 2000-ci il tarixli 183, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi
və gigiyenası haqqında” 184, “Sosial təminat minimum normalar haqqında” 102, “Əlillik,
yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında” 128, “Əməyin
təhlükəsizliyi və gigiyenası haqqında” 155 saylı konvensiyalara qoşulmaq üçün tədbirlər
görülməsini nəzərdə tuturlar. Həmin konvensiyalardan 156 və 183 saylı konvensiyalar
nəhayət ratifikasiya edilibdir.
AHİK sədri məlumat verib ki, Əmək Məcəlləsinin 36-cı maddəsinə
müvafiq olaraq mövcud beynəlxalq və milli qanunvericiliyə əsaslanaraq əhalinin sosial
müdafiəsinin gücləndirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas
prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi məqsədilə
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında
hər iki ildən bir Baş Kollektiv Saziş bağlanır. Bu saziş bağlanarkən hüquq müfəttişləri
tərəfindən işçilərin sosial əmək münasibətləri ilə bağlı bir sıra təkliflər, o cümlədən
əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı
və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri,
əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloci təhlükəsizliklə
bağlı təkliflər verilir və bu təkliflərin böyük əksəriyyəti Baş Sazişdə öz əksini
tapır.
Baş Kollektiv Sazişdə sosial əmək
münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında kollektiv saziş və müqavilələrlə
tənzimlənməsi müəyyənləşdirilmişdir. Həmin sənəddə işçilərin əmək hüquqlarını davamlı
qorumaq məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək
prioritet məqsədlərdən biri kimi nəzərdə tutulur.
Əməyin hüquq müfəttişləri Baş Kollektiv
Sazişin, qüvvədə olan əmək və sosial qanunvericiliyin təbliğatını aparmağı, üzvlərini
bu sahədə maarifləndirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə
etməyi, treninqlər, məşğələlər keçirməyi, müxtəlif kurslarda mühazirələr oxumağı,
dəyirmi masa ətrafında müzakirələr aparmağı diqqət mərkəzində saxlayırlar.
Maarifləndirmə məqsədilə Azərbaycan
həmkarlar ittifaqlarının «Ülfət» qəzetinin «Hüquq məsləhətxanası» səhifəsindən,
respublika dövri mətbuatından istifadə edilir. Keçən dövr ərzində təkcə «Ülfət»
qəzetinin səhifələrində əməyin hüquq müfəttişləri 489 oxucu sualını cavablandırıblar.
Hüquq müfəttişlərimiz müxtəlif
televiziya kanalları vasitəsilə də əmək qanunvericiliyi sahəsində həmkarlar ittifaqının
gördüyü işlər, qanunvericilikdə olan yeniliklər və s.barədə öz üzvlərini maarifləndirirlər.
İctimai Televiziyanın “Yeni gün” proqramında müntəzəm olaraq həmkarlar ittifaqları,
onun əmək hüququ sahəsində nəzarəti, əmək hüquqlarının qorunması barədə tamaşaçı
sualları cavablandırılır.
BƏT-in Konvensiyalarının tələblərinin
həmkarlar ittifaqı fəallarına çatdırılması məqsədilə «Əməyin ödənilməsi haqqında»
100 saylı, «Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında» 111 saylı, «Kişi
və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün imkanlar və rəftar haqqında»
156 saylı Konvensiyalarına dair və «İnsan
hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu» mövzularında da seminarlar
maraq doğurub.
Ümumiyyətlə son üç ildə hüquqi
məsələlərlə bağlı AHİK və sahə Respublika Komitələrinin hüquq müfəttişləri tərəfindən
maarifləndirmə məqsədilə 100-dən çox müxtəlif mövzularda seminarlar keçirilib.
Hər il Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri, həmkarlar ittifaqı fəallarının
müxtəlif kateqoriyaları üçün təşkil olunan kurslarda 10-dan çox mövzu, 5 treninq,
seminar sırf əmək qanunvericiliyinə aid olur. Həmin kurslardan ildə 600-dən çox
lider bəhrələnir.
S,Mehbalıyev diqqətə çatdırıb
ki, respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-iqtisadi
və hərbi-strateci məsələlərin öyrədilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası
nəzdində Strateci Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu fəaliyyət
göstərir. Konfederasiyanın əməyin hüquq müfəttişləri tərəfindən həmin kurslarda
da hər il dinləyicilərin maarifləndirilməsi məqsədilə “Azərbaycanda sahə və müəssisə
həmkarlar ittifaqı təşkilatının hüquq və vəzifələri”, “Azərbaycanda əmək hüququnun
qorunması”, “Beynəlxalq Əmək Təşkilatı” mövzularında mühazirələr oxunur.
AHİK-in hüquq müfəttişlərinin əsas
vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında
iştirak etməkdir. Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia
qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib.
Həmkarlar ittifaqlarının mülkiyyət
hüquqlarının pozulmasına da tez-tez rast gəlinir. AHİK-in və üzv təşkilatlarının, onun tabeliyində
olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif
şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki,
9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunubdur.
16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunub. Digər
iki iş üzrə məhkəmə prosesləri davam edir.
Həmkarlar ittifaqı təşkilatlarına
son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil
olub. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə
bağlı olub və 872 nəfər işə bərpa edilib.
Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların
aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş
və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər
və respublika komitələri məlumatlandırılıb.
AHİK sədri daha
sonra deyib: “Bizi narahat edən məsələlərdən biri də transmilli şirkətlərdə çalışan
azərbaycanlılara əcnəbilərə nisbətən qat-qat az əməkhaqqının verilməsidir. Digər
sosial məsələlərdə də yerli işçilərin üstünlükləri azdır. Hamınıza məlumdur ki,
«BP», «Statoil», «AMOKO», «Coca-Cola», «McDonalds» kimi transmilli şirkətlərin filiallarında,
«Bazarstore» mağazalar şəbəkəsində həmkarlar ittifaqlarının olmaması işçilərin sosial-iqtisadi
hüquqlarının hərtərəfli qorunmasına mənfi təsir göstərir.
Xarici vətəndaşlara nisbətən yerli
işçilərə uzadılmış iş gününün təsdiqi, ödənişli əmək məzuniyyətlərinin verilməməsi
adi hala çevrilib. Müvəqqəti əmək qabiliyyətini itirənlərə müavinət verilmir, peşə
xəstəliyinə tutulanlara və istehsalatda əmək xəsarəti alanlara isə dəyən zərər ödənilmir.
İşçilərin əmək hüquqlarının daha
səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının
qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı
təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də nəzərinizə çatdırmaq
istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə
yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının
tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu.
Sağlamlıq imkanları məhdud
olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün hər cür tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi
üçün tədbirlər görür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud
olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni,
ictimai-siyasi həyatda iştirak
etmək imkanı yaranır.
Qarşıda duran məqsədlərə çatmaq
üçün bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi
resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə
şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq
təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata
zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin
həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcəkdir”.
İclasda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ötən müddətdə görülən işlərə münasibətini bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, başa çatmaqda olan cari ildə həmkarlar ittifaqı təşkilatları əməyin təşkili, insanların əmək hüququnun müdafiəsi və onların qiymətləndirilməsi, mükafatlandırılması sahəsində geniş fəaliyyət göstərib və çoxsaylı tədbirlər həyata keçiriblər. Eyni zamanda, təşkilati, beynəlxalq fəaliyyətin təmin olunması üçün ölkəmizin həmin qurumlarda təmsil olunması sahəsində mühüm işlər görülüb. Həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər.
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Xidmət-İş Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və başqaları müvafiq sahədə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar.
Tədbirdə sahə həmkarlar ittifaqı orqanlarında çalışan, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adları təqdim edilib.