AHİK-in nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir
12 Jun 2017
İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası keçirilir.
2017-ci
il iyunun 5-dən 16-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar
İttifaqlarının nümayəndə heyəti də iştirak edir. Sessiyanın iyunun12-də
keçirilən iclasında nümayəndə heyətinin
rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar
Möhbalıyev “Əmək miqrasiyası” mövzusunda çıxış edib.
Çıxışının əvvəlində sessiya iştirakçılarını
salamlayan və Konfransın işinə uğurlar arzulayan S. Möhbalıyev zamanın
çağırışlarına cavab verən maraqlı məruzəyə görə BƏT-in Baş direktoru Qay
Rayderə minnətdarlığını bildirib və deyib ki, məruzə bizi dünya quruculuğunda olan
böhranları yeni təfəkkürlə dərk etməyə, o cümlədən əmək miqrasiyası problemləri,
yaşıl iqtisadiyyat və digər dünyəvi problemlər barədə ciddi düşünməyə çağırır. Son
zamanlar baş verən qlobal hadisələr siyasi və sosial-iqtisadi vəziyyəti kökündən
dəyişib, məşğulluq problemi yaranıbdır. Əgər
ötən əsrin sonuna yaxın əmək miqrasiyası axınının canlanması müşahidə edilirdisə,
yaşadığımız XXI əsrdə bu proses daha da sürətlənibdir.
AHİK sədri təəssüf hissi ilə bildirib ki, hazırda miqrasiya
mənfi qlobal proseslər - milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi
mühafizəkarlıq, artan anti-miqrant düşüncə və siyasət fonunda baş verir. Yaranmış vəziyyət
qarışıq, həm də təhlükəli hal alır. Bu isə miqrasiya siyasətinə beynəlxalq səviyyədə
yeni və özünəməxsus yanaşma tələb edir.
O, vurğulayıb ki,beynəlxalq arenada
baş verən proseslər bizim ölkədən də yan keçmir. Azərbaycanda enerji-nəqliyyat sahəsində
beynəlxalq və regional layihələrin həyata keçirilməsi, mövcud olan ictimai-siyasi
və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması və iqtisadi
inkişaf miqrantların ölkəmizə axınına şərait yaradan əsas amillərdir. Eyni zamanda
ölkəmizdəki tolerantlığın yüksək səviyyəsi miqrasiya proseslərinə təsir edən amil
kimi qeyd edilməlidir. Ölkəmizdəki miqrantlar 104 ölkəni təmsil edir və bu günə
qədər onlara qarşı münasibətdə milli, etnik və dini zəmində heç bir ayrı-seçkilik qeydə alınmayıb. Ötən əsrin 90-cı illərində
ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın vətənə qayıdışı
da böyük maraqla müşahidə olunmaqdadır.
Respublikamızda əmək
miqrasiyası proseslərinin idarə olunmasının təmin edilməsi və miqrasiya sahəsində
vahid qanunvericilik bazasının formalaşması məqsədilə Miqrasiya Məcəlləsi qəbul
edilibdir. Ölkədə 58 beynəlxalq Konvensiya, o cümlədən BMT-nin
"Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması
haqqında" və “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin
əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında” sənədlər
ratifikasiya edilibdir. Beynəlxalq Miqrant
Günü isə hər il qeyd olunur. Azərbaycan “Əmək miqrasiyası və əməkçi miqrantların
sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” MDB Sazişinə qoşularaq Rusiya Federasiyası,
Ukrayna, Moldova, Belarus və Türkiyə hökumətləri ilə əməkdaşlıq sazişlərinə imza
atıb. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə ölkədə kvotalar
tətbiq olunub. Əmək bazarında əcnəbilərin fəaliyyətinin dəqiq uçotunun elektronlaşdırılması
işləri həyata keçirilir.
S.Möhbalıyev sessiya
iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
üzv olduğu beynəlxalq təşkilatların əmək miqrasiyası ilə bağlı siyasətini izləyir
və bu istiqamətdə aparılan bütün işlərdə yaxından iştirak edir. AHİK-in təklifləri ilə miqrasiya ilə bağlı müddəalar sosial əməkdaşlarla
bağlanan üçtərəfli Baş Sazişə daxil edilərək icra olunur.
AHİK sədri
vurğulayıb ki, respublika
həmkarlar ittifaqlarının nümayəndələri əmək miqrasiyası ilə bağlı keçirilən beynəlxalq
tədbirlərdə iştirak etməklə yanaşı, bir çox seminarlara ev sahibliyi də ediblər. Tədbirlər çərçivəsində biz, qaçqın və miqrant
dalğası fonunda Avropada islamofobiya meyllərinin artmasına və İslam dininin zorakılıq
və terrorçuluqla eyniləşdirilməsi cəhdlərinə öz narahatlığımızı ifadə etmişik. Gənclər
və qadınların əmək miqrasiyası yolunda həmişə problemlərlə qarşılaşmaları bizi daha
çox narahat edir. Bu qəbildən olan insanlar adi həyat tərzini dəyişməyə məcbur olur,
yad dil, qanunlar və davranış qaydaları ilə qarşılaşır, onların qəbul və riayət
edilməsində cətinliklər çəkirlər. Fikrimcə, məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq
üçün əməkçi miqrantların lazımi biliklər əldə etmələrinə yardımlar edilməlidir.
İlk növbədə ölkəyə giriş və çıxışın razılıqlarının əldə edilməsi, əmək miqrantlarının
miqrasiya etdikləri dövlətlərin qanunvericiliyi ilə öncədən tanış olmalarına şərait
yaradılması daha məqsədəuyğun olardı.
Biz əmək miqrasiyasına
olan tələbatın idarə olunmasının, geridönənlərin dayanıqlı reinteqrasiyası sahəsində
beynəlxalq standartlara uyğun təkmilləşmələrinə tərəfdarıq. Hesab edirik ki, readmissiya
olunmuş miqrantlara birbaşa yardımın göstərilməsi də əsas prioritetlər sırasına
daxil edilməlidir. Peşə bacarıqlarının tanınması, səhiyyə və sosial xidmətlərdən
yararlanma, hüquqi yardım və məsləhət, yaşayış yeri ilə təminat, yeni iş yerlərinin
və sahibkarlıq müəssisələrinin yaradılması və sair fəaliyyətlərin təşkil edilməsinə
diqqət artırılmalıdır.
Çıxışının sonunda S.Möhbalıyev bir daha bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları sosial
tərəfdaşlarla əmək miqrasiyası siyasətinin inkişafı üçün BƏT və digər beynəlxalq
təşkilatlarla əməkdaşlıq etməyə daim hazırdır.
Sessiya çərçivəsində AHİK sədrinin Rusiya,
Yunanıstan, Gürcüstan, Türkiyə nümayəndə heyətləri ilə də görüşləri keçirilib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri M. Salmanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri A. Mərdanov və AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdirinin müavini F. Məmmədov daxildirlər.