AHİK-in nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir
13 Oct 2016
2016-cı il oktyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində “Məmur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə Statistik, İqtisadi və Sosial Araşdırmalar və İslam ölkələri üzrə Təlim Mərkəzinin ( SESRİC) “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium öz işinə başlayıb.
58 ölkənin 80 Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edən 116 nəfər iştirakçının qatıldığı tədbir
İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin həmkarlar ittifaqları
arasında interaktiv forum mahiyyəti daşıyır. Oktyabrın 17-dək davam edəcək simpoziumun
əsas məqsədi İslam ölkələrində həmkarlar ittifaqına dair təcrübə və biliklərin
bölüşülməsi və gələcəkdə iştirakçılar arasında davamlı əməkdaşlıq və birgə
layihələr yaratmaqla ümumi problemləri həll edəcək yolların müzakirəsidir.
Tədbirdə
iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezident, Milli Məclisin
deputatı Səttar Mehbalıyev iştirakçıları salamlayaraq simpoziumun qarşısına
qoyduğu məqsədlərə çatacağına, əməkdaşlığa güclü təkan verəcəyinə və uğurlu
nətəcələr əldə edəcəyinə əminliyini ifadə edib və simpoziumun işinə uğurlar
arzulayıb.
Simpoziumdakı
çıxışında Azərbaycan həmkarlar ittifaqlarının tarixi, bu günü və qarşısında duran
vəzifələr haqqında məlumat verən S.Mehbalıyev bildirib ki, bu gün Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası – Azərbaycan Respublikası işçilərinin ən iri
həmkarlar ittifaqı birliyidir. Hal-hazırda onun ətrafında 1 milyondan çox insanı
əhatə edən 27 üzv təşkilat və 6 tabe təşkilat birləşibdir.
Hər il
Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş
imzalanır. Burada işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı məsələlər öz əksini
tapır.
AHİK
sədri onu da bildirib ki,həmkarlar ittifaqının təklifi ilə sosial partnyorlarla uzun sürən danışıqlardan
sonra bu yaxınlarda, yəni sentyabrın 30-da respublikamızda sosial və iqtisadi məsələlər
üzrə Milli Üçtərəfli Komissiya yaradılıb.
Eyni zamanda həmin tarixdə «Layiqli Əmək üzrə Ölkə Proqramı» da qəbul edilib. “Hesab
edirik ki, sosial və iqtisadi məsələlər üzrə
Milli Üçtərəfli Komissiyanın yaradılması və proqramın qəbul olunması sosial tərəfdaşlarla
əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır” – deyə AHİK sədri bildirib.
S.Mehbalıyev
çıxışında daha sonra vurğulayıb ki, qanunvericiliklə bağlı bizim təkliflərimizə
ölkədə diqqətlə yanaşılır. Bunlardan qəbul edilmiş təkliflərin
bəzilərini simpozium iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm. 1999-cu ildə
Azərbaycan Respublikası Əmək Məcəlləsi qəbul olunarkən bizim tərəfimizdən 100-dən
çox təklif verillib və onların əksəriyyəti Əmək Məcəlləsində öz əksini tapıb. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən işəgötürən həmkarlar
ittifaqı üzvünü bu təşkilatın razılığı olmadan işdən azad edə bilməz.
Azərbaycan Respublikasının «Həmkarlar ittifaqları
haqqında» Qanununda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə mülkiyyət
formasından asılı olmayaraq işəgötürən işçilərin əməkhaqlarından tutulan həmkarlar
ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və
4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının
xüsusi hesabına köçürür. Əks təqdirdə üzvlük haqqı köçürməməyə görə vəzifəli şəxslər
inzibati məsuliyyətə cəlb olunurlar.
“Bu gün Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının prioritet hesab etdiyi istiqamətlər üzrə öz fəaliyyətini
inkişaf etdirir”-
deyə sözünə davam edən AHİK sədri deyib ki, qeyri-formal
iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Layiqli Əmək, gənclər arasında işsizliyin
aradan qaldırılması, gender problemləri, bütün diskriminasiya hallarının aradan
qaldırılması, təhlükəsiz iş yerlərinin yaradılması və sairə kimi məsələlər bizim
əsas istiqamətlərimizdir.
Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası fəaliyyət göstərdiyi 23 il ərzində dünyanın bir çox həmkarlar ittifaqları
mərkəzləri ilə, o cümlədən Türkiyə, Polşa, Bolqarıstan, Belçika, Yaponiya, İrlandiya,
İtaliya, Braziliya, Macarıstan, Norveç, İsrail, Çin və MDB ölkələrinin həmkarlar
ittifaqları ilə əməkdaşlıq edir. Artıq
on beş ildən çoxdur ki, AHİK dünya həmkarlar ittifaqlarının ən böyük ictimai qurumu olan, 1949-cu ildə yaranmış, hazırda
mənzil
-qərargahı
Brussel şəhərində yerləşən və özündə 153 ölkədən 167,5 milyon həmkarlar ittifaqı
üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan həmkarlar ittifaqlarının apardığı uğurlu sosial siyasətə, onun beynəlxalq
aləmdəki işinə yüksək qiymət verir. Bu gün AHİK sədri Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidentidir.
Konfederasiya Azərbaycanın 1992-ci ildən üzvü olduğu
Beynəlxalq Əmək Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlıq edir və onun keçirdiyi
bütün tədbirlərdə dövlət orqanları ilə birlikdə fəal iştirak edir.
S.Mehbalıyev
daha sonra bildirib ki, bu gün regionda Azərbaycan - Türkiyə münasibətləri xüsusi
yer tutur. Ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığı möhkəm təmələ
söykənibdir. Türkiyə və Azərbaycan Respublikaları, onların həmkarlar ittifaqları
istər xoş, istərsə də ağır günlərində bir-birinin yanında olduqlarını dəfələrlə
təsdiq ediblər. Ölkələrimiz arasında dostluq, qarşılıqlı
anlaşma və hərtərəfli əməkdaşlıq davam etməkdədir.
O,
bir daha vurğulayıb ki, “Cari ilin iyulun 15-də qardaş
Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələr Azərbaycanda da
böyük narahatlıq və üzüntü ilə qarşılandı. Həmişə Türk xalqının və dövlətinin yanında
olan Azərbaycan xalqı, o cümlədən həmkarlar ittifaqları da Türkiyənin Konstitusiyasına,
demokratiyasına qarşı yönəlmiş bu cinayəti dərhal qətiyyətlə pislədiyini rəsmi qaydada
bəyan etdi. Eyni zamanda hadisənin sabahı (16.07.2016) günü qardaş Türkiyə Həmkarlar
İttifaqları Birliklərinin hamısına faks və elektron poçt vasitəsilə narahatlığımızı
bildirdik. Bizim üçün çox xoşdur ki, qardaş türk xalqının dövlətinin və millətinin
həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə vəziyyət qısa zamanda sabitləşərək
əvvəlki qaydasına düşdü.
“Mən bu günkü tədbirdən bir daha istifadə edərək dövlət çevrilişi
cəhdinin qarşısının alınması zaman canlarını qurban verən şəhidlərin ailələrinə
və yaxınlarına Azərbaycan həmkarlar ittifaqları üzvləri və şəxsən öz adımdan dərin
hüznlə başsağlığı verirəm”.
Sizə də məlumdur ki, AHİK İslam ölkələrindən Tunis,
Misir, İraq, Pakistan, Əlcəzair və digər ölkələrlə də geniş əməkdaşlıq edir. Bu
ölkələrə qarşılıqlı səfərlərimiz, işbirliyimiz, beynəlxalq tədbirlərdəki görüşlərimiz
İslam dünyası həmkarlar ittifaqları ilə yaxın münasibətlərimizin təməlini qoyubdur.
Mən inanıram ki, hazırda keçirdiyimiz bu simpozium
İslam ölkələrində həmkarlar ittifaqları təşkilatlarının bilik və təcrübəsinin qarşılıqlı
şəkildə ötürülməsinə və mövcud problemlərin
həlli yolunda davamlı əməkdaşlığa vəsilə olacaqdır.
S.Mehbalıyev Simpozium iştirakçılarının
nəzərinə çatdırıb ki, Azərbaycan həmkarlar ittifaqları fəaliyyət göstərdiyi bu illər
ərzində özünün əzəli vəzifəsi olan - işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində
informasiya mübadiləsinə böyük önəm veribdir.
“İnformasiya
mübadiləsinə niyə önəm veririk? Mənim
bunu sizə çatdırmaqda məqsədim var. Belə ki, müsəlman ölkələrini öz ətrafında birləşdirən,
beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu
birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı
əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin
güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib. Dünyada,
o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və
əmin-amanlığı təcəssüm etdirən islam dini haqqında yanlış rəy formalaşdirmaq cəhdləri
bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən
Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar,
Ermənistanın Azərbaycana hərbi təcavüzü və digər bu kimi problemlər İslam aləmində
davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında, stabil inkişafa maneə yaradan,
habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. Təəssüflə qeyd etməliyəm ki,
Qərbin İslamofob dairələri müsəlman dünyasında baş verən dəyişiklikləri birtərəfli
və qərəzli formada təqdim edir. Nəticə etibarı ilə maddi və mənəvi zənginliyə malik
olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də
sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv
və yanlış təsəvvür yaradılır. İnformasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə
böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Hesab edirəm ki, İslam ölkələrinin
həmkarlar ittifaqlarının informasiya vasitələrində obyektivliyin və həmrəyliyin
təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, aktual mövzularla
bağlı forum və konfransların təşkili üçün belə tədbirlərin keçirilməsinə ehtiyac
vardır. Mən müsəlman ölkələrinin həmkarlar ittifaqları arasında informasiya mübadiləsinin
səviyyəsinin yüksəldilməsi, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha
effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün təklif edirəm
ki, İslam ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının vahid mərkəzi yaradılsın”.
AHİK
sədri ümid etdiyini bildirib
ki, təklifi simpozium
iştirakçıları tərəfindən dəyərincə qiymətləndiriləcək və İslam ölkələrinin həmkarlar ittifaqı
hərəkatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var qüvvəsini
sərf edəcəkdir.
Tədbir
çərçivəsində Simpoziumda iştirak edən nümayəndə heyətləri üzvlərinin Türkiyənin
Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu
tərəfindən qəbul ediləcəkləri də gözlənilir.