AHİK-in nümayəndə heyəti Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclasında iştirak edib
22 Apr 2016
2016-cı il aprelin 21-22-də Moskvada, Həmkarlar İttifaqlarının Əmək Sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının növbəti iclasları keçirilib. İclaslara Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakov sədrlik edib.
İcraiyyə Komitəsinin
aprelin 21-də keçirilən İclasında ÜHİK Şurasının qərar layihələrinin, o cümlədən,
ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq
Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiyası və onlara riayət
olunması, ÜHİK-in Nizamnaməsinə dəyəşikliklər edilməsinə dair ÜHİK-in İcraiyyə
Komitəsinin Komissiyasının təklifləri, Ümim Həmkarlar İttifaqları
Konfederasiyasının 25 illiyinə hazırlıq, 28 aprel - Ünundünya əməyin mühafizəsi günü ilə
bağlı ÜHİK-in bəyanatı və digər məsələlər müzakirə edilib.
ÜHİK
Şurasının aprelin 22-də keçirilən iclasında Şuranın üzvlərinin səlahiyyətlərinə
xitam verilməsi və yeni üzvlərinin təsdiq edilməsi, ÜHİK İcraiyyə Komitəsinin
2015-ci ilin aprelindən 2016-cı ilin aprelinədək keçən dövrdə fəaliyyəti barədə
məlumat, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə
sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında, zəhmətkeşlərin beynəlxalq həmrəylik günü olan
1 May bayramı ilə əlaqədar ÜHİK-in Müraciəti və
digər məsələlərin müzakirəsi keçirilib.
ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının
iclaslarında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinin
rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
(BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin
deputatı Səttar Nehbalıyev çıxış edib.
ÜHİK-in İcraiyyə Komitəsinin iclasında “ÜHİK-in üzv
təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə Beynəlxalq Əmək Təşkilatının
(BƏT) Konvensiyalarının ratifikasiyası və onlara riayət olunması” mövzusu ilə
bağlı çıxışında S.Mehbalıyev bildirib ki, 2016-cı ilin yanvarına olan vəziyyətə
görə, Azərbaycan BƏT-in 58 Konvensiyasını ratifikasiya edibdir. Bu günə BƏT-in ÜHİK-in siyahısında göstərilmiş sosialyönümlü 11 Konvensiyasından 6-sı təsdiq
edilibdir. Digərlərinin ratifikasiya olunması ilə baglı işlər davam etdirilir. Ratifikasiya
olunmuş Konvensiyaların əksər müddəaları Əmək Məcəlləsində, AR Mülki, Cinayət Məcəllələrində,
“İnzibati Xətalar”, “Müflisləşmə” haqqında Məcəllələrdə öz əksini tapıb.
AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycanda
miqrantların hüquqları beynəlxalq hüququ ölkənin hüquq sisteminin bir hissəsi
elan edən AR Konstitusiyası ilə möhkəm qorunur. Azərbaycan həmkarlar
ittifaqları “Əməkçi miqrantların sosial-iqtisadi hüquqlarının qorunması üzrə fəaliyyət
Proqramı” adlı uzunmüddətli sənəd qəbul edib. Azərbaycan, rus və ingilis dillərində
müxtəlif bukletlər, “Azərbaycanda əməkçi miqrantlar” yaddaş kitabçası
hazırlanıb nəşr edilib, KİV-lərə, sosial şəbəkələrə göndərilib, əlaqə
telefonları fəaliyyət göstərir.
S.Mehbalıyev onu da qeyd edib ki, BƏT-in muzdlu
işçilərin təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüquqlarını qoruyan və
artıq respublikamızda ratifikasiya edilən 87,98 saylı Konvensiyalarının yerinə
yetirilməsində ciddi pozuntular mövcuddur. Həmin Konvensiyaların tətbiq edilməsində
yol verilən pozuntulara daha çox transmilli şirkətlərdə və iri biznes müəssisələrində
rast gəlinir. Həmin müəssisələrdə işəgötürənlər qanunvericilikdəki boşluqlardan
istifadə edərək hər vasitə ilə həmkarlar ittifaqı təşkilatlarının
yaradılmasına, kollektiv danışıqların aparılmasına əngəl törədir, həmkarlar ittifaqı sıralarına cəlb olunmaq
üçün təşkilatçılıq işləri aparan işçiləri təqib edirlər.
S.Mehbalıyev ÜHİK Şurasının aprelin 22-də keçirilən
iclasında “ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə
sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının vəzifələri haqqında”
mövzusundakı məsələ ilə bağlı da çıxış edib. AHİK sədri iclas iştirakçılarına məlumat
verərək bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
ölkədəki bütün demokratik, siyasi dəyişikliklərin iştirakçısıdır. Bizim nümayəndələrimiz
Azərbaycanın sosial-iqtisadi və ictimai inkişafını formalaşdıran müxtəlif dövlət
və ictimai qurumlarının tərkibinə daxildir. İqtisadi böhran şəraitində işəgötürənin
əmək müqaviləsi şərtlərini yerinə yetirməsini diqqətlə izləmək lazım gəldiyi bir zamanda kimsə işçilərə başa
salmalıdır ki, işəgötürənlə problemlər yarandıqda onlar nə etməlidirlər və hiss etməlidirlər ki, tək deyillər. Bunu edən
isə həmkarlar ittifaqıdır. AHİK İcraiyyə Komitəsi 2016-cı ilin mart ayında keçirilən
iclasında sosial tərəfdaşlıq sisteminin artmaqda olan rolunu qeyd edərək
bildirib ki, bu tərəfdaşlıq çərçivəsində böhranın səbəb və miqyasını obyektiv təhlil
etmək lazımdır, hər bir həmkarlar ittifaqı təşkilatı işəgötürənlərlə birlikdə
mövcud resursları hərtərəfli ölçüb-biçməli, ardıcıl iqtisadi inkişafa nail
olmaq üçün həmin resurslardan səmərəli istifadə etməlidir. Bəzən işəgötürənlər
biznes strategiyasındakı öz çatışmazlıqlarını işçilərin çiyinlərinə yükləməyə,
onların əmək haqlarını, sosial təminatlarını
aşağı salmağa çalışırlar. Bu günlərdə 2016-2017-ci illər üçün Baş
Kollektiv Saziş imzalandı. Hesab edirik ki, sosial tərəfdaşlar Sazişin şərtlərini
yerinə yetirərkən ölkənin Əmək qanunvericiliyinin tələblərinin işəgötürənlər tərəfindən
yerinə ietirilməsinə nəzarəti daha da gücləndirəcəklər.
S.Mehbalıyev
çıxışının yekununda Baş Kollektiv
Sazişin şərtlərini yerinə yetirərkən müəssisələrdə gəlirlərin işəgötürənlə işçi
arasında ədalətli bölüşdürülməsini, işçi qüvvəsinə tələbatı formalaşdıran ümumi
iqtisadi siyasətin həyata keçirilməsini, qeyri-formal sektorda işləyənlərin tədricən
formal sektora keçirilməsini, əmək münasibətlərinin leqallaşmasını, kiçik və
orta müəssisələrin, fermer təsərrüfatlarının potensial yeni iş yerləri mənbələri
kimi inkişafına hər cür kömək göstərilməsini, iqtisadiyyatın bu kateqoriyadan
olan işçilərinin həmkarlar ittifaqına cəlb edilməsini, həmkarlar ittifaqlarının
qadın və gənclərin məşğulluğu üzrə məqsədli
proqramların və tədbirlərin həyata
keçirilməsində fəallığının artırılmasını, onların əmək bazarında mövqelərinin
qorunmasını, iş yerlərində ayrı-seçkiliyə yol verilməməsini, regionlarda məşğulluğun
artmasına kömək göstərilməsini iqtisadi böhran şəraitində həmkarlar
ittifaqlarının əsas vəzifələri kimi iclas iştirakçılarının nəzərinə çatdırıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri: AHİK sədrinin 1-ci müavini İlyas Əliyev, Sədrin müavini Aqil Dadaşov və AHİK-in katibi, aparat rəhbəri Həsən Cəfərov ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında iştirak ediblər.