AZ | RU | EN
AZ | EN | RU

AHİK-in sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, millət vəkili S.S.Möhbalıyevin «Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu» mövzusunda konfransda Çıxışı

29 Jun 2017

Hörmətli konfrans iştirakçıları, hörmətli qonaqlar! İcazə verin Sizi AHİK-in İcraiyyə Komitəsi və çoxminli həmkarlar ittifaqı üzvləri adından salamlayım, konfransın işinə uğurlar arzulayım

Burada müzakirə olunan məsələ respublika həmkarlar ittifaqları üçün də müstəsna əhəmiyyətə malikdir. Çünki, əsas vəzifələrimizdən olan işçilərin əmək hüquqlarının müdafiəsi bilavasitə əmək müfəttişliyinin necə fəaliyyət göstərməsindən asılıdır.

Məlumdur ki, son illər Azərbaycan Respublikasında dayanıqlı inkişaf mövcuddur. Əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Əldə olunmuş bütün nailiyyətlər respublikamızın prezidenti cənab İlham Əliyev tərəfindən ulu öndər H.Əliyevin iqtisadi siyasətinin uğurla davam etdirilməsindən və dövlət idarəçiliyində innovasiyaların və unikal texnologiyaların tətbiqindən qaynaqlanır.

Ölkə prezidenti tərəfindən aparılan bu uğurlu siyasət nəticəsində respublikamız dünyanı bürüyən qlobal iqtisadi böhrandan az itki ilə çıxmaqla bazar iqtisadiyyatının verdiyi imkanlardan maksimum yararlanaraq, bir sıra sahələrdə, o cümlədən qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olub.

Azərbaycanın stabil inkişafında ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən həmkarlar ittifaqlarının da özünəməxsus payı vardır.

Xüsusilə ictimai nəzarətin formalaşdırılmasında Azərbaycan həmkarlar ittifaqları mühüm rol oynayır. Biz ictimai nəzarəti həmkarlar ittifaqlarının texniki əmək müfəttişliyi, əməyin hüquq müfəttişliyi, etimadlı həkimlər, eyni zamanda ilk təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində əməyin mühafizəsi komissiyaları və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər vasitəsilə həyata keçiririk.

Həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri öz fəaliyyətini dövlət idarə və nəzarət orqanları ilə sıx əlaqədə qurur, müəssisə və təşkilatlara maneəsiz daxil olur, aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına aid işəgötürənlərə göstərişlər verir və icrasına nəzarət edirlər. Öz dəyərləndirmələrində müstəqil və sərbəst olan texniki əmək müfəttişləri eyni zamanda qəbul etdikləri qərarlara görə məsuliyyət daşıyırlar. Onlar dövlət nəzarəti həyata keçirən orqanlar qarşısında işçilərin həyat və sağlamlığına, habelə ekologiyaya zərər vura bilən hər hansı istehsalatı və işəgötürən tərəfindən qəbul edilmiş qərarın təsirini dayandırmaq və vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək barədə məsələ qaldıra bilərlər.

Həmkarlar ittifaqlarının müdafiə funksiyalarını yerinə yetirərkən biz Beynəlxalq Əmək Təşkilatının əmək sferasının gələcəyi barədə təşəbbüslərinə, iş yerləri, bərabərlik, dayanıqlılıq və insan təhlükəsizliyinin müasir problemlərinin həlli ilə əlaqədar tövsiyələrinə və tərəfdaşlarımızla sosial dialoq prinsiplərinə söykənirik.

Muzdlu işçilərin qanuni hüquq və mənafelərinin qorunmasında kollektiv müqavilələr və sazişlərin özünəməxsus yeri olduğunu hesab edirik.

İşçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Baş Sazişdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində AHİK-in təklifi ilə «Texniki təhlükəsizlik haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında» qanunlar qəbul edilib.

Əmək və Vergi Məcəllələrinə iş və istirahət rejimi, əməyin mühafizəsi xidmətinin yaradılması üçün işçi sayı reqlamenti, zərərli iş şəraitində işləyən işçilərə profilaktik qida məhsulları verilməsinə xərclənən vəsaitin vergidən azad olunması ilə əlaqədar dəyişikliklər edilib. İsti və soyuq vaxtlarda işçilərə fasilələr verilməsi şərtlərinə və işin saxlanması üçün temperatur reqlamentinə də dəyişikliklər olunub.

Eyni zamanda istehsalatda intensivliyin güclənməsi, ortaya çıxan yeni faktorlar: əməyin gərginliyinin artması, uzunmüddətli əsəb gərginliyi və onunla bağlı əsəb-psixi gərginliklər və digər pozuntuların yarada biləcəyi fəsadlar da diqqətimizdən kənarda qalmayıb. AHİK-in təşəbbüsü ilə «İstehsalatda bədbəxt hadisələrin təhqiqatı və uçota alınması qaydaları» işlənmiş və 2000-ci ildən qüvvəyə minib. Həmin qaydalarda istehsalat gərginliyi nəticəsində infarkt və insult xəstəliyinin də istehsalat xəsarəti kimi uçota alınması nəzərdə tutulub.

Hələ 2014-cü ildə AHİK-in II Məclisi «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında həmkarlar ittifaqlarının rolu» məsələsini müzakirə edərək sahə həmkarlar ittifaqı orqanlarının və ilk həmkarlar ittifaqı təşkilatlarının sosial tərəfdaşlarla birlikdə əməyin mühafizəsi sahəsində vəzifələrini, fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirib.

Bu istiqamətlərdən biri də əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalatın mədəniyyətinə və estetikasına, istehsalatda bədbəxt hadisələrə və peşə xəstəliklərinə yol verilməməsinə həsr olunmuş baxış-müsabiqələrin və yarışların keçirilməsidir.  Qaliblərin maddi və mənəvi cəhətdən həvəsləndirilməsi əlverişli və təhlükəsiz iş şəraitinin yaradılmasına marağı artırır. Baxış-müsabiqələrin keçirildiyi bütün dövr ərzində 455 müəssisə və təşkilat daha yaxşı göstəricilər əldə edib və qalib elan olunub.

Ümumdünya əməyin mühafizəsi gününə, «Layiqli əmək uğrunda mübarizə günü»nə həsr olunmuş tədbirlər Azərbaycanda da geniş vüsət almış, bu tədbirlərlə əlaqədar görüşlər, seminarlar, müşavirələr, konfranslar, dəyirmi masalar keçirilməsi ənənəyə çevrilib.

Xüsusi işlənmiş tematik plan əsasında təkcə 2017-ci ilin ötən dövrü ərzində həmkarlar ittifaqı orqanlarının əməyin mühafizəsi komissiyası üzvləri və ictimai müvəkkilləri üçün ümumilikdə 2 min nəfəri əhatə edən 114 zona seminarı keçirilmişdir ki, bu tədbirlərdə əməyin mühafizəsi ilə bağlı məsələlər öyrənilib.

26 sahə həmkarlar ittifaqını təmsil edən texniki əmək müfəttişləri dövlət nəzarət orqanları, idarədaxili nəzarət xidmətləri ilə birgə təkcə 2016-cı ildə 643 müəssisə və təşkilatda yoxlamalar aparmış, əməyin mühafizəsi və sanitar-gigiyena qaydalarının pozulmasına dair  3619 pozuntu halı aşkar etmiş və aradan qaldırılması barədə göstəriş vermişlər ki, bu da 2015-ci ilin göstəriciləri ilə müqayisədə 34,9% çoxdur.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində aşkara çıxarılan pozuntuların 92,4%-i müəyyən edilmiş vaxtda aradan qaldırılıb.

Həmkarlar ittifaqlarının əhatə dairəsində olan müəssisələrdə 2017-ci ilin 5 ayı ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,6% (19 hadisəyə qarşı 13 hadisə) azalmışdır.  

Hörmətli konfrans iştirakçıları!

Qeyd etmək istəyirəm ki, həmkarlar ittifaqlarının bundan sonrakı nəzarət-profilaktiki fəaliyyəti də Beynəlxalq Əmək Təşkilatının təməl prinsiplərinə və tövsiyələrinə, Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün layiqli əmək proqramına uyğun olaraq həyata keçiriləcəkdir.

Gələcək perspektivdə biz 2016-cı ildə AHİK-in təşəbbüsü ilə yaradılmış sosial-iqtisadi məsələlərə dair Milli Üçtərəfli Komissiya çərçivəsində sosial tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Komissiya yarandığı gündən layiqli əməyə nail olmanın effektiv və çoxşaxəli mexanizminə çevrilib.

Hörmətli konfrans iştirakçıları!

Ölkədə əməyin mühafizəsi və nəzarət-profilaktika sahəsində görülən çoxsaylı tədbirlərə baxmayaraq, 2006-cı ildən bəri əmək xəsarəti hallarının aşağı salınmasına nail ola bilməmişik. Təkcə 2016-cı ildə, həmkarlar ittifaqlarının əhatə dairəsində olan müəssisələrdə müxtəlif istehsalat xəsarəti alanların sayı 2015-ci illə müqayisədə 33,8% artaraq 95 nəfərə çatmışdır. Həmin dövrdə 49 istehsalat xəsarəti ölümlə nəticələnmişdir, yəni 48,5% yüksəlib.

AHİK ölümlə nəticələnmiş bədbəxt hadisələrin analizi ilə bağlı məqsədyönlü işə başlamışdır. Əvvəllər olduğu kimi, bədbəxt hadisələrin əsas səbəbi yenə də təşkilati məsələlərdir.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən Əmək Müfəttişliyi Xidməti öz fəaliyyətini sosial partnyorlarla koordinasiya şəraitində qurmaq üçün daha effektli addımlar atmalıdır. Qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçidlə bağlı bu günədək toplanmış təcrübəyə istinad edərək öz işini təkmilləşdirməli, əmək kollektivlərində kollektiv müqavilələrin bağlanmasına, onun şərtlərinin icra edilməsinə xüsusi diqqət yetirməli, bu sahədə müsbət beynəlxalq təcrübəyə üstünlük verməlidir. Təbii ki, bu məsələlərin həllində Azərbaycan həmkarlar ittifaqları hər cür dəstəyə hazırdır.

Sosial tərəfdaşlarla əməkdaşlıq çərçivəsində nəzarət-profilaktika işinin gücləndirilməsi, qanunverici və normativ hüquqi bazanın inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparılması da ümumi işimizin xeyrinə olardı.

Həmçinin texniki əmək müfəttişliyinin və dövlət əmək müfəttişliyinin keçirdiyi nəzarət profilaktika tədbirlərinə qoyulan məhdudiyyətin aradan götürülməsini vacib hesab edirik. Fikrimizcə, texniki əmək müfəttişliyinə işçilərin həyatına və sağlamlığına təhlükə yaradan istehsalın və avadanlığın dayandırılmasına göstəriş verilməsi barədə sərbəst qərar qəbul etmək hüququ verilməlidir. Eyni zamanda dövlət əmək müfəttişliyinin müvafiq icra hakimiyyəti orqanını xəbərdar etmədən nəzarət funksiyalarını həyata keçirmək hüququ olmalıdır. Sosial tərəfdaşların bu məsələləri üçtərəfli komissiya çərçivəsində müzakirə edəcəklərini umuruq.

Yeri gəlmişkən, komissiyada müzakirəsini təklif etdiyimiz digər məsələlər haqqında konfederasiyamızın əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir Arqutkin öz çıxışında ətraflı məlumat verəcəkdir.

Ümid edirəm ki, konfrans sosial tərəfdaşlar arasında layiqli və təhlükəsiz iş yerlərinin yaradılması sahəsində daha məhsuldar əməkdaşlıq üçün addım olacaq, əməyin mühafizəsi sahəsində çözüm gözləyən problemlərin səmərəli həlli yollarının müəyyən edilməsinə təkan verəcəkdir.

Sizə məhsuldar iş arzulayıram.
Diqqətinizə görə minnətdaram. 

ПОЛЕЗНЫЕ ССЫЛКИ