AHİK nümayəndə heyəti Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin işində iştirak edib
14 Apr 2017
2017-ci il aprelin 13-14-də Moskvada Əmək sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin və Şurasının iclasları keçirilib. ÜHİK-in yaranmasının 25 illiyinə həsr edilmiş tədbiri giriş sözü ilə Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri M.Şmakov açlb. Daha sonra gündəliyə daxil olunan məsələlər müzakirə edilib.
ÜHİK
İcraiyyə Komitəsinin və Şurasının iclaslarında AHİK-in sədri, Beynəlxalq Həmkarlar
İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar
Möhbalıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.
Tədbirdə çıxış edən S.Möhbalıyev bütün
iştirakçıları Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25
illiyi münasibətilə təbrik edib və bildirib ki, Ümum Həmkarlar İttifaqları
Konfederasiyasının 25 illik fəaliyyəti
dövrü böyük və mühüm hadisələrlə zəngindir və həmkarlar ittifaqlarımız arasındakı həmrəyliyin
möhkəmlənməsində vacib mərhələ təşkil edibdir. Azərbaycan Həmkarlar İttifaqları
daim bu birliyin vəhdəti və birgə fəaliyyəti üçün çalışıb, öz əməli işi
ilə bu prinsipə sadiqliyini nümayiş etdirib. Ötən illərdə Azərbaycanın həmkarlar
ittifaqlarının nümayəndələri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının
keçirdiyi bütün tədbirlərdə fəal iştirak ediblər. Aramızda konstruktiv, işgüzar
və dostluq münasibətləri yaranıbdır. ÜHİK
öz sıralarında MDB ölkələrinin
milli və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərini fəal şəkildə birləşdirir.
Bütün bu illər ərzində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə
yüksək peşəkarlığa, gözəl təşkilatçılıq keyfiyyətlərinə malik, istənilən şəraitdə
düzgün qərarlar qəbul etmək bacarığı olan həmkarlar ittifaqı xadimləri rəhbərlik
ediblər. Biz beynəlxalq və regional həmkarlar ittifaqı mərkəzlərinin inkişafına
verdikləri böyük töhfələrə görə ÜHİK-in prezidenti M.Şmakova, baş katibi
V.Şerbakova, eləcə də Konfederasiyanın bütün rəhbərlərinə öz minnətdarlığımızı
bildiririk.
AHİK-in sədri qeyd edib ki, ÜHİK müntəzəm olaraq əmək
və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində üzv təşkilatların işinin
əlaqələndirilməsində böyük səylər göstərir, bu məsələdə hamımıza metodiki köməkliklər
edir, mərkəzlərimiz arasında informasiya mübadiləsinin yaxşılaşdırılmasında fəallıq
nümayiş etdirir. Həmkarlar ittifaqı birliklərinin model nizamnamələrinin,
konsepsiyaların, planların, müddəaların və ÜHİK-in digər sənədlərinin işlənib
hazırlanmasında, birgə təlim seminarlarının, konfransların, görüşlərin keçirilməsində işimizə konkret yardımçı olur.
Hesab edirəm ki, məhz bu sahədə ÜHİK ciddi nəticələrə
nail olubdur. Muzdlu işçilərin əməyinin
və sosial-iqtisadi maraqlarının qorunması sahəsində ÜHİK-in işləyib hazırladığı
və MDB-nin Parlamentlərarası
Assambleyasının qəbul etdiyi bütün model qanunlar həmkarlar ittifaqı
orqanlarının fəaliyyəti üçün hüquqi bazaya çevrilibdir. Muzdlu işçilərin və həmkarlar ittifaqlarının
hüquqları uğrunda mübarizədə son illərin ən başlıca hadisələrindən biri Ümumdünya Layiqli Əmək gününün qeyd edilməsidir.
Bu əlamətdar günlə əlaqədar tədbirləri
AHİK Azərbaycan hökuməti və işəgötürənlərlə
birgə fəal surətdə həyata keçirir.
S.Möhbalıyev öz çıxışında Ümum Həmkarlar İttifaqları
Konfederasiyasının MDB Parlamentlərarası Assambleyasında səmərəli fəaliyyətini
də xüsusi olaraq qeyd edərək deyib ki, ÜHİK faktiki olaraq bu qurumda
qanunvericilik təşəbbüsləri hüququna malikdir.
Assambleyanın qəbul etdiyi normativ sənədlərin 50 faizindən çoxu sosial
yönümlüdür və ÜHİK-in təşəbbüsü və birbaşa iştirakı ilə işlənib hazırlanıbdır. Beynəlxalq
Əmək Təşkilatının (BƏT) muzdlu işçilər və həmkarlar ittifaqları üçün böyük
sosial əhəmiyyət kəsb edən 11 Konvensiyasının
MDB ölkələrinin parlamentlərində ratifikasiya olunması haqda ÜHİK-in
Parlamentlərarası Assambleya vasitəsilə irəli sürdüyü təklif respublikamızın həmkarlar ittifaqları tərəfindən
də tam şəkildə bəyənilərək dəstəklənib. Azərbaycanda bu proses uğurla
gedir. BƏT-in 11 Konvensiyasından 6-sı,
yəni, 131, 132, 135, 144, 154,183 saylı konvensiyalar faktiki olaraq Milli Məclis
tərəfindən ratifikasiya olunub.
2016-2017-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişə müvafiq olaraq
102, 168 saylı Konvensiyaların ratifikasiyası ilə bağlı təkliflər verilib, qalan üç Konvensiya isə Respublika Üçtərəfli
Komissiyasının iclasının müzakirəsinə təqdim olunmaq üçün öyrənilir.
AHİK sədri çıxışına davam edərək vurğulayıb ki, beynəlxalq
sahədə ən uğurlu addımlardan biri ÜHİK-in və onun üzv təşkilatlarının 28 aprel
– Beynəlxalq Əməyin Mühafizəsi Günündə iştirakıdır. Artıq 13 ildir ki, Azərbaycan
həmkarlar ittifaqları da həmin tarixlə əlaqədar kütləvi tədbirlər keçirir, “Əməyin
mühafizəsi üzrə ən yaxşı həmkarlar ittifaqı təşkilatı” adı altında müsabiqələr təşkil edilir. Regionlarda hakimiyyət
orqanları və işəgötürənlərlə birgə muzdlu işçilərin sağlamlığının, əməyinin və
təhlükəsizliyinin mühafizəsi işində çalışan mütəxəssislərlə seminarlar aparılır.
Son illərdə Azərbaycan həmkarlar ittifaqları olkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi
prosesinə real töhfələr verib. Bizim təşəbbüs və təkliflərimizlə Azərbaycan
Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar ittifaqı haqqında “, “İnzibati Xətalar”
və s. qanunlara 100-dən artıq dəyişikliklər edilib.
Həmkarlar ittifaqlarının miqrasiya siyasətinin həyata
keçirilməsində ÜHİK-in aparıcı rolunu önə çəkən S.Möhbalıyev qeyd edib ki, miqrasiya məsələləri sahəsində əməkdaşlıq çərçivəsində
AHİK Rusiyanın Sverdlovsk vilayətinin həmkarlar
ittifaqı Federasiyası və Həştərxan vilayətinin birləşmiş həmkarlar ittifaqı
birliyi ilə Müqavilə imzalayıb. Həmin
vilayətlərdə Azərbaycandan olan çoxlu miqdarda əmək miqrantı cəmləşib. Biz adı
çəkilən vilayətlərin həmkarlar ittifaqı mərkəzlərinin rəhbərliyinə həmin
regionlardakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq etdiklərinə, onların
problemlərinin həllində yardımçı olduqlrına görə dərin minnətdalığımızı
bildiririk. Problemlə bağlı bizim hər bir müraciətimiz ÜHİK tərəfindən diqqət və
dəstəklə qarşılanır.
Çıxışının sonunda AHİK sədri bir daha tədbir
iştirakçılarını ÜHİK-in yaranmasının 25 illiyi münasibətilə təbrik edib və əminliyini
ifadə edərək bildirib ki, əmək
adamlarının qanuni hüquq və maraqlarının qorunmasında MDB ölkələrinin həmkarlar
ittifaqı mərkəzlərinin qarşısında yeni, daha mürəkkəb vəzifələr durur və həmin
vəzifələrin yerinə yetirilməsi Ümum Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə
səylərin nəticəsində öz həllini tapacaqdır.
ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında Azərbaycan həmkarlar ittifaqı nümayəndə heyətinin tərkibində AHİK sədrinin birinci müavini İlyas Əliyev və müavini Aqil Dadaşov da iştirak ediblər.