AHİK sədri Albaniya Həmkarlar İttifaqının qurultayında iştirak edir
18 Sep 2019
Sentyabrın 18-də Albaniyanın paytaxtı Tirana şəhərində Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyinin 7-ci qurultayı öz işinə başlayıb. Qurultayda Birliyin prezidenti Gezim Kalaya siyasi hesabatla çıxış edib.
Qurultayda həmçinin Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) Baş katibi Şaron Barrounun məruzəsi dinlənilib. Daha sonra qurultaya dəvət olunmuş xarici
nümayəndə heyətləri və Albaniyanın rəsmi işçiləri çıxış edərək qurultayı salamlayıblar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin üzvü, BHİK-in vitse-prezidenti Səttar Möhbalıyev qurultayda çıxış
edib. S. Möhbalıyev qurultay iştiraçılarını öz adından və Azərbaycan Həmkalar
İttifaqlarının bütün üzvləri adından salamlayıb və qurultayın işinə müvəffəqiyyətlər
arzulayıb.
AHİK sədri bildirib ki, Azərbaycanla Albaniya arasında olan əlaqələr uzun illərdir ki, uğurla inkişaf etməkdədir.
Dövlət rəhbərlərimizin səyi nəticəsində bu uğurlu inkişaf bu gün də davam etdirilməkdədir.
Azərbaycan və Alban xalqları etnik və mədəni dəyərlər baxımından da bir - birlərinə
çox yaxındırlar. Cari ilin martında prezidentlərimizin
7-ci Qlobal Bakı Forumundakı son görüşlərində Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan Albaniya ilə olan ikitərəfli
münasibətlərə böyük əhəmiyyət verir. Albaniya
Respublikasının Prezidenti cənab İlir Meta öz növbəsində bildirib ki, Albaniya da
müxtəlif sahələrdə, xüsusilə də turizm sahəsində Azərbaycanla əlaqələrin genişləndirilməsində,
həmçinin Albaniyada Azərbaycanın yerli qaz təchizati sisteminin yaradılmasında maraqlıdır. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində
uğurla əməkdaşlıq etdikləri və hər zaman bir-birinə dəstək verdikləri vurğulanıb.
Azərbaycanın Albaniya ilə birgə həyata keçirdiyi layihələr əməkdaşlığımızı daha
da möhkəmləndirir.
S. Möhbalıyev qeyd edib ki, dövlət başçılarımızın görüşlərinin
və onların arasında bağlanmış müqavilələrin böyük əhəmiyyət kəsb etdiyini nəzərə
alaraq, öz növbəmizdə biz də bütün razılaşmaların həyata keçirilməsində aktiv iştirak
etməklə, respublikalarımızın həmkarlar ittifaqlarının qarşılıqlı əməkdaşlığının
inkişaf etdirilməsinə xüsusi diqqət yetiririk.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniyanın
Müstəqil Həmkarlar İttifaqları Birliyi arasında uzunmüddətli münasibətlər vardır. Biz Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası
və digər beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə mütəmadi olaraq
görüşlər keçiririk. Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin nümayəndə
heyəti keçən il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında,
hazırda isə biz sizin ali orqanınızın qurultayında iştirak edirik və bu bir ənənə
halını almışdır. Cari ilin may ayında respublikamızda keçirilən Beynəlxalq Əmək
Təşkilatının (BƏT) tədbirində cənab Gezim Kalajanın iştirakını və onunla görüşümüzü
çox yaxşı xatırlayıram. O görüşdə biz cənab Kalaja ilə birlikdə Azərbaycan və Albaniya
Həmkarlar ittifaqları arasında yaranan yüksək səviyyəli münasibətləri bir daha müzakirə
etməklə «Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Albaniya Müstəqil Həmkarlar
İttifaqı Birliyi arasında əməkdaşlıq haqqında» sazişi imzaladıq. Təkcə bu sazişin imzalanması bizim həmkarlar ittifaqı
ilə Albaniya Müstəqil Həmkarlar İttifaqı Birliyi arasında çox yaxın əlaqələrimizin
olduğunun göstəricisidir.
AHİK sədri daha sonra respublikamızda son illər sosial sahədə
həyata keçirilən uğurlu islahatlar haqqında qurulta iştirakçılarına məlumat verərək
bildirib ki, həyata keçirilən islahatlar ölkəmizdə işsizliyin səviyyəsini 5 faizə,
yoxsulluğun səviyyəsini isə 5,1 faizə endirib. Cari ilin əvvəlindən başlayaraq isə
Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2 sosial paket təsdiqləndi ki,
bu da 4,2 milyon insanı əhatə edir. İki sosial paketin maliyyə tutumu bu il üçün
1,35 milyard, gələn il üçün isə 1,76 milyard ABŞ dolları dəyərindədir. Bu isə o
deməkdir ki, Azərbaycanda 1 il ərzində 2 dəfə minimum əməkhaqqı və minimum pensiya
artırılıb. Ölkəmiz bu göstərici üzrə Müstəqil Dövlətlər Birliyində müvafiq olaraq
birinci yerdə qərarlaşıb. Azərbaycan dövləti
əldə edilən əlavə gəlirlərin demək olar ki, tam həcmini sosial sahəyə yönəldir.
Bir sözlə, sosial sahə bizim respublika üçün
prioritet sahədir və hər zaman bu sahə ölkə rəhbərliyinin diqqət mərkəzində olub,
bu gün də belədir.
S. Möhbalıyev qurultay iştirakçılarının diqqətini Dağlıq Qarabağ
məsələsnə yönəldərək bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı
birləşmələri tərəfindən Azərbaycan Respublikası ərazisinin təxminən beşdə biri işğal
olunmuş, 20 min insan həlak olmuş, 50 min nəfər yaralanmış, əlil olmuş və Azərbaycan
Respublikasının təxminən 5000 vətəndaşı indiyədək itkin düşmüşdür. Azərbaycan Respublikasına
qarşı təcavüz ölkənin sosial-iqtisadi həyatına ciddi ziyan vurub. İşğala son qoyulması
ilə bağlı Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə Ermənistan
Respublikası əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Onlar atəşkəs xətti
boyu Azərbaycan əsgərləri ilə yanaşı, ətraf ərazilərdə yaşayan dinc əhaliyə də atəş
açır, onları qətlə yetirirlər. Ölkə daxilində təxminən hər 8 nəfərdən biri qaçqın
və köçkünə çevrilib. Məcburi köçkün düşmüş vətəndaşların da sosial problemlərinin
həlli istiqamətində mühüm addımlar atılaraq onların müavinətləri də ölkə rəhbərliyi
tərəfindən 50 faiz artırılıb.
Rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışan S.
Möhbalıyev deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu gün 26
üzv təşkilatı və milyon yarıma yaxın üzvü öz ətrafında birləşdirir.
Biz hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Baş Kollektiv
Saziş imzalayırıq, Baş Sazişdə işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı tələblər
öz əksini tapır. Son illərdə Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının təşəbbüsü ilə «Həmkarlar ittifaqları haqqında» Azərbaycan
Respublikası Qanununda, Əmək və İnzibati Xətalar Məcəlləsində və digər qanunlarda
işçilərin mənafelərinin müdafiəsi ilə bağlı bir sıra dəyişikliklər və əlavələr edilib.
S. Möhbalıyev deyib ki, “Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının vitse-prezidenti kimi, hesab edirəm ki, BHİK-in IV qurultayında
qarşımıza qoyulan tələblərin həyata keçirilməsi ilə bağlı üzərimizə düşən vəzifələr
barədə düşünməliyik. Belə ki, qurultayın yekun sənədində BHİK-in üzv təşkilatları
bir sıra tapşırıqların yerinə yetirilməsini öhdəlik kimi götürmüşlər. Bu öhdəliklərin
həmkarlar ittifaqı birliyiniz tərəfindən yerinə yetiriləcəyinə heç bir şübhəmiz
yoxdur. BHİK-in üzvlərinin sayının 250 milyona çatdırılması, kollektiv danışıqlar
vasitəsi ilə minimum əməkhaqqının və sosial müdafiənin artırılması, diskriminasiya
və rasizm hallarına qarşı mübarizənin gücləndirilməsi, gender bərabərliyinin azaldılması
əsas hədəflərdəndir. Bir sözlə, BHİK-in gələcək 4 fəaliyyət istiqaməti müəyyənləşmişdir.
Bunlar hüquq və dinc demokratiya, iqtisadi gücün tənzimlənməsi, qlobal dəyişikliklər
və bərabərliyin təmin olunmasıdır.”
Ümid edirəm ki, Siz, Beynəlxalq Həmkarlar İttifaqlarının üzv
təşkilatlar üçün verdiyi tövsiyələri nəzərə almaqla orada qaldırılan məsələlərin
həlli üçün bütün imkanlarınızı səfərbər edəcəksiniz və bu gün qəbul edəcəyiniz qərarlar
üzvlərinizin sosial-iqtisadi hüquqlarının qorunmasına, sosial problemlərinin həllinə
sanballı töhfələr verməklə yanaşı, ümumilikdə həmkarlar ittifaqlarınızın işçilərin
sosial problemlərinin həllində mübarizliyini bir daha artıracaqdır.
Qurultay üz işini sentyabrın 19-da da davam etdirəcəkdir.