AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri Həmkarlar İttifaqlarının Nabrandakı istirahər mərkəzlərinə baxış keçirib

09 Aug 2018

Avqustun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev AHİK-in Nabranda yerləşən istirahət mərkəzlərindəki vəziyyətlə tanış olub. 

İlk öncə Təhsil işçiləri Azad Həmkarlar İttifaqının “Təhsil” istirahət mərkəzinə baş çəkən AHİK sədri buradakı yaşayış korpuslarını gəzib, yataq otaqlarının şəraitinə baxıb, infrastrukturla tanış olub.
Məlumat üçün deyək ki, bu mərkəz AHİK-in maddi-mənəvi dəstəyi ilə və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının vəsaiti hesabına 2013-cü ildə inşa edilərək həmkarlar ittifaqı üzvlərinin sərəncamına verilib. Nabranın axar-baxarlı güşəsində yerləşən istirahət ocağı 10 hektardan artıq sahəsi olan ərazidə qərar tutub. Əraziyə üçmərtəbəli yaşayış korpusu, kotteclər, yeməkxana, idman zalı, futbol və voleybol meydançası, açıq və qapalı üzgüçülük hovuzu və digər tikililər daxildir. İstirahət mərkəzində eyni vaxtda 260 nəfərin istirahət etmək imkanı vardır. Ümumilikdə isə mövsüm ərzində burada 1500 nəfərə yaxın həmkarlar ittifaqı üzvü dincəlir. “Təhsil” istirahət mərkəzinin yerləşdiyi ərazi təbiət baxımından da zəngindir. Dörd bir tərəfdən meşə massivi ilə əhatə olunmuş istirahət mərkəzinin ərazisindən keçən çay və ərazinin biomüxtəlifliyinin qorunub saxlanması mərkəzi istirahət üçün əlverişli məkana çevirir.

AHİK sədri burada istirahət edənlərlə söhbətləşib. Rəylərini, təkliflərini dinləyib. Şəraitləri ilə, qidalarının keyfiyyəti ilə maraqlanıb. Bildirib ki, üzvlərinin sayına görə AHİK-in ən böyük üzv təşkilat olan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ərsəyə gətirdiyi bu istirahət ocağı insanların öz ailə üzvləri ilə birgə istirahət etməsi, gərgin dərs ilindən sonra səfalı guşədə dincəlməsi üçün gözəl şəraitə malik bir məkandır.

 AHİK sədri Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının “Ülfət” istirahət mərkəzində də olub. Bu istirahət ocağı 4,3 hektar ərazidə inşa olunub. 2010-cu ilin avqustunda açılışı olub. Dənizə 1 kilometr məsafədə yerləşən mərkəzdə 6 ədəd kottec və 3 ədəd ikimərtəbəli istirahət korpusu yerləşir. Burada eyni vaxtda 100 nəfər, mövsüm ərzində isə 1000 nəfərə yaxın insan istirahət edə bilir. Müasir standartlara cavab verən 2 və 4 nəfərlik nömrələr isti-soyuq su, duşkabin, TV və peyk antenna, soyuducu, zəruri mebel və yataq dəstləri ilə təchiz olunub. Ərazidə geniş yeməkxana, böyüklər və uşaqlar üçün hovuz, uşaq əyləncə mərkəzi, istirahət güşələri, açıq tennis kortu və voleybol meydançası inşa edilib. İstirahət edənləri fasiləsiz keyfiyyətli su ilə təchiz etmək üçün 2 ədəd artezian su quyusu vurulub, fasiləsiz enerji ilə təchiz etmək üçün generatorlar quraşdırılıb. 1 hektardan artıq ərazidə dekorativ və meyvə ağacları əkilib, yaşıllaşdırma işləri aparılıb. “Ülfət” istirahət mərkəzi mövsüm ərzində 1000 nəfərə yaxın həmkarlar ittifaqı üzvünə xidmət edir.

       S.Möhbalıyev Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının “Lokomotiv” istirahət mərkəzində də şəraitlə tanış olub. AHİK sədrinə məlumat verilib ki, dəmiryolçuların və onların ailə üzvlərinin mənalı istrirahətinin təşkil edilməsi üçün 2005-ci ildə Nabranda istirahət mərkəzinin tikintisi məqsədilə torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsində ilkin olaraq 80 nəfərlik üç istirahət korpusu, 200 nəfərlik yeməkxana tikilib və 2008-ci ilin avqust ayında istifadəyə verilib. Həmçinin, istirahət mərkəzininin daimi elektrik enerjisi ilə təmin edilməsi üçün əlavə elektrik generatoru quraşdırılıb, içməlı su ilə təmin olunması üçün su quyusu vurulub. Sonrakı illərdə istirahət mərkəzində əlavə iki korpus, 300 nəfərlik tutumu olan böyüklər və uşaqlar üçün çimərlik hovuzu tikilib. Bundan başqa müasir tələblərə cavab verən örtülü voleybol zalı, tennis zalı, fitnes-trenajor zalı, mini-futbol və voleybol meydançası bütün avadanlıqlarla təchiz olunmaqla dəmiryolçuların istifadəsinə verilib. İstirahət mərkəzinin ərazisi abadlaşdırılıb, gül, dekorativ kollar və ağaclar əkilib. Ərazidə dəmiryolçuların istirahəti üçün oturacaqlar quraşdırılıb və istirahət üçün tam şərait yaradılıb.

Təsdiq olunmuş tikinti-smeta layihə sənədlərinə əsasən 210 nəfərlik hər birində iki ailə yerləşməklə altı kottec tipli ev, 32 nəfərlik böyük istirahət korpusunun tikintisinin başa çatdırılması növbəti il üçün nəzərdə tutulubİstirahət mərkəzinin ərazisində istirahət edənlərin rahatlığı üçün əlavə xidməti otaqları tikilmiş və bar-diskoteka tipli çay evi fəaliyyət göstərir. Uşaqlar üçün avadanlıqlarla təchiz olunmuş istirahət oyun meydançası yaradılıb.
“Lokomotiv” istirahət mərkəzində mövsüm ərzində 1000 nəfər həmkarlar ittifaqı üzvü dincələ bilir.
S.Möhbalıyev Nabrandakı “Xəzər” pansionatında da olub. 23 hektar əraziyə malik bu pansionat həmkarlar ittifaqlarının “veteran” istirahət ocaqlarındandır. AHİK sədri buradakı yaşayış korpuslarının, digər infrastrukturların vəziyyəti ilə tanış olub.
AHİK sədri Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusarda fəaliyyət göstərən “Şəfa-Qusar” istirahət mərkəzinə gedib. Bir neçə il bundan öncə istifadəyə verilmiş mərkəzdə tibb işçilərinin dolğun və səmərəli istirahəti üçün hər bir şərait yaradılıb. Qusarın təmiz dağ havası ilə zəngin olan yüksəkliyində yerləşən pansionat yataq korpusu, yeməkxanası, həyətindəki göz oxşayan yaşıllıqlarla və istirahət güşələri ilə diqqəti cəlb edir. Bu şəfa ocağı mövsüm ərzində 1000 nəfərə qədər səhiyyə işçisini qəbul edib onlara yüksək xidmət göstərir.

Səttar Möhbalıyev baxış keçirdiyi istirahət mərkəzlərində dincələn insanlarla söhbətlərində dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin öz vətəndaşlarına göstərdiyi diqqət və qayğısından danışıb. Bildirib ki, həmkarlar ittifaqı üzvlərinin, onların ailələrinin sağlamlığına qayğı göstərilməsi, sanatoriya-kurort müalicəsinin və istirahətlərinin təşkili istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.

Konfederasiya sədri vurğulayıb ki, istirahət mərkəzlərinə edilən bu səfərlərin məqsədi buradakı şəraitlə yerində tanış olmaq, bu şəfa ocaqlarının necə saxlanılmasına, göstərilən xidmətin səviyyəsinə nəzarət etməkdən ibarətdir. Özünüz gördüyünüz kimi, pansionatlar bütün zəruri avadanlıqlarla, o cümlədən, tibb məntəqələri, istirahət güşələri, idman qurğuları ilə tam təchiz edilib. AHİK sədri daha sonra diqqətə çatdırıb ki, artıq həmkarlar ittifaqlarının sanatoriyalarına, istirahət mərkəzlərinə Rusiyanın müxtəlif bölgələrindən, Qazaxıstandan, İsraildən insanlar gəlir. Onlar buradakl şəraitdən çox razılıq edirlər. Biz eyni zamanda həmin turistlər üçün Bakının və rayonlarımızın görməli, tarixi yerlərinə ekskursiyalar təşkil edirik. Bizə son vaxtlarda  müraciət edən xaricilərin sayı xeylu artıb. Amma biz yay aylarında daha çox öz vətəndaşlarımızın istirahətini təmin etmək barədə düşünürük. Yəqin ki, sentyabr ayından başlayaraq xarici qonaqlarımızı da qəbul etməyə başlayacağıq.

FAYDALI KEÇİDLƏR