AZ | RU | EN
AZ | EN | RU

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev fəlakət nəticəsində xəsarət almış neftçilərə baş çəkdi

08 Dec 2015

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib.

S.Mehbalıyev xəstələrlə söhbət aparıb. Sağlamlıq durumları ilə maraqlanıb, bu barədə həkimlərdən məlumat alıb. Neftçilərə sədri olduğu qurumun hər cür kömək göstərə biləcəyini söyləyib.
Sədr söhbətində deyib ki, cəsur neftçilərimizin üzləşdikləri faciə nəyinki həmkarlar ittifaqı üzvlərini, bütövlükdə xalqımızı sarsıtdı. Təsəlli verən odur ki, qəzaya uğramış neftçilərimiz bu təbii fəlakətə mətanətlə sinə gərdilər. Heç bir panikaya uğramadan həyatları uğrunda sona qədər mübarizə aparmağı bacardılar. Təəssüf ki, bu mübarizədən qalib çıxmaq hamısına qismət olmadı.
Biz həmişə neftçilərlə olmuşuq. Əmək, sosial, istirahət, sağlamlıq, hüquqlarının keşiyində durmuşuq. Bu ağır gündə də onlar bizi öz yanlarında görəcəklər. Zərərçəkənlərə və itkin düşənlərin ailələrinə maddi yardımlar ediləcək. Ehtiyacı olanların sanatoriyalarımızda müalicə alması üçün şərait yaradılacaq. Bir sözlə, bütün imkanlarımızı səfərbər edib bu insanlara, onların ailə üzvlərinə köməklik göstərəcəyik.
Məlumat üçün deyək ki, artıq bu istiqamətdə işlərə start verilib.

FAYDALI KEÇİDLƏR