AHİK sədri Səttar Möhbalıyev Fəxri fərmanla təltif edilib
27 May 2021
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində Orduya göstərdiyi dəstəyə və fədakar əməyinə görə Fəxri fərmanla təltif olunub.
Bu barədə N saylı hərbi hissənin
komandiri, general-mayor Mais Bərxudarov müvafiq əmr imzalayıb.
Məlumat üçün bildirək ki, Azərbaycan
həmkarlar ittifaqları həmişə olduğu kimi, Vətən müharibəsi dövründə də Müzəffər
Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi sıx birləşərək şanlı
Ordumuza, döyüş əməliyyatlarını yerinə yetirən hərbi hissələrə, o cümlədən əsgər
və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət göstərən vətəndaşlarımıza
maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra tədbirlər həyata keçirib.
Hər şeydən əvvəl həmkarlar ittifaqlarının
rəhbərləri arxa cəbhədə daim əhali arasında olmaqla onlara Vətən müharibəsinin
başvermə səbəblərini, beynəlxalq təşkilatların, o cümlədən BMT, İƏT, Qoşulmama
Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası və digərlərinin münaqişə ilə bağlı qəbul
etdikləri qərar və qətnamələrin mahiyyətini izah ediblər.
Həmçinin dövlət başçısı İlham
Əliyevin xalqa müraciətlərində, xarici ölkələrin media qurumlarına verdiyi
müsahibələrində, müharibənin Azərbaycanın öz ərazisində aparılma səbəbləri, bu ədalətli
müharibədə Ordumuzun qarşısında duran vəzifələr, bəzi təşkilatların tutduqları
qeyri-obyektiv mövqelər, postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının
dinc birgəyaşayış şərtləri və digər məsələlərlə bağlı fikirlər həmkarlar ittifaqları
üzvləri ilə yanaşı, əhali qruplarına da çatdırılıb.
Azərbaycan həmkarlar ittifaqları Vətən
müharibəsi ilə əlaqədar tədbirlərə ümumilikdə 4 154 207 manat vəsait xərcləyib.
Bundan 1 005 000 manatı AHİK və üzv təşkilatları tərəfindən Silahlı
Qüvvələrə Yardım Fonduna köçürülüb.
Həmçinin 1 860 582 manat dəyərində
silahlı qüvvələrə və cəbhə bölgəsinə yaxın
ərazidə yaşayan insanlara ərzaq yardımı
və maddi dəstək olunub.
Bundan başqa, YAŞAT Fonduna və Qarabağ
Dirçəliş Fonduna vəsait ödənilib ki, bu da müvafiq olaraq 537 750 və
600 000 manat təşkil edib.
AHİK həmişə şəhid ailələrinin
qayğıları ilə maraqlanır, üzləşdikləri problemlərin həllində yardımçı olur, hüquqlarını
müdafiə edir, eyni zamanda davamlı olaraq onlara maddi və mənəvi dəstək göstərir.
Bu ənənəyə sadiq qalaraq 2016-cı il aprel və 2020-ci ilin iyulunda Tovuz döyüşlərində
həlak olmuş 23 şəhid ailəsinin 41 azyaşlı övladı himayəyə götürülüb. Həmin azyaşlılara
18 yaşına çatanadək hər bir üçün ayda 150 manat vəsait ödəniləcək. Bu da
ümumilikdə 885 min 600 manat təşkil edir.
Bundan başqa, AHİK-in İcraiyyə Komitəsi
Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərin daha 129 ailəsinin himayəyə
götürülməsi və hər bir ailəyə ayda 100 manat vəsaitin ödənilməsi barədə qərar qəbul
edib.
Belə ki, ATİAHİ-nin 18-dən çox rayon
komitəsi tərəfindən cəbhədə vuruşan 320-dən artıq təhsil işçisinin ailə üzvlərinə,
övladları cəbhədə döyüşən təhsil işçilərinə, eləcə də cəbhə bölgəsinə yaxın ərazidə
yaşayan 8 minə yaxın ailəyə isti geyimlərin alınması və digər bu kimi yardımlar
göstərilməsi üçün ümumilikdə 665 800 manat vəsait xərclənib.
Dövlət İdarələri və İctimai Xidmət
İşçiləri HİRK də prosesə fəal qatılaraq hərbi qulluqçulara dəstək, hospitallarda
müalicə olunan yaralılara baş çəkmək və onlara zəruri istifadə üçün lazım olan əşyaların
alınması məqsədilə müvafiq tədbirlər həyata keçirib, eyni zamanda Silahlı Qüvvələrə
Yardım Fonduna pul köçürülüb və bütün bunlara ümumilikdə 174 110 manat vəsait xərclənib.
Neft və Qaz Sənayesi İşçiləri HİRK isə
şəhid ailələrinə maddi yardım göstərmək, əsgər ailəsinə maddi və ərzaq yardımı
paylamaq, həmçinin Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürməklə ümumilikdə
106 862 manat sərf edib.
“Azərsu” Təsərrüfat İşçiləri HİRK da şəhid
ailələrinə və qazilərə ümumilkdə 128 400 manat xərcləyib.
Avtomobil Nəqliyyat və Yol Təsərrüfatı
İşçiləri Hİ Ermənistan tərəfindən bombardman edilmiş Gəncə, Naftalan şəhərləri,
həmçinin Goranboy, Tərtər və Bərdə rayonlarında yaşayan və zərər çəkən 22 ailəyə
maddi dəstək olub, eyni zamanda Naftalan şəhərində N saylı hərbi hissəyə
elektron generatoru verilib. Bununla yanaşı, cəbhədə döyüşən əsgərlərə və döyüşlər
zamanı yaralanıb hospitallarda müalicə alan hərbçilərə də hər cür kömək olunub.
Ümumilikdə bu məqsədlər üçün 52 445 manat sərf olunub.
Şəhid ailələri, qazilər, onların ailə
üzvləri və digər yardım edilmiş şəxslər göstərilən diqqət və qayğıya görə
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını
ifadə ediblər.
Qeyd edək ki, Azərbaycan həmkarlar
ittifaqları ənənəyə sadiq qalaraq humanist addımları bundan sonra da uğurla
davam etdirəcək.