AZ | RU | EN

Ahıl, imkansız tibb işçilərinə maddi köməklik göstərilib

21 Apr 2020

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatları olaraq səhiyyə işçiləri həmkarlar ittifaqı da ölkə başçısı cənab İlham Əliyevin daxili və xarici siyasətini, xüsusilə onun iqtisadi, sosialyönümlü təşəbbüslərini, qərarlarını həmişə dəstəkləmiş, onların həyata keçirilməsi işində fəal iştirak etmişdir. 

Əlbəttə, yeni növ koronavirus təhlükəsi hələ sərhədlərimizdən kənarda baş qaldırdığı dövrlərdə cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizdə qabaqlayıcı tədbirlərə start verildi. Cənab Prezident martın 19-da koronavirus infeksiyası ilə mübarizə barədə fərman imzaladı. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fonda AHİK 250 min manat vəsait ödədi. Bu vəsaitin 30 min manatı Səhiyyə İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin büdcəsindən ayrılıb.
Bundan başqa, Respublika Komitəsi ölkədə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə başlandığı gündən səhiyyə işçilərinin yanında olmuş, problemlərinin həllinə çalışmışdır. Onlara həmrəylik müraciəti ünvanlamış və üzv təşkilatlarına, ilk növbədə infeksiya ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən və təqaüddə olan ahıl, köməksiz tibb işçilərinə maddi köməklik göstərilməsi tövsiyə edilmişdir.
Respublika Komitəsinin Rəyasət Heyəti, koronavirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş səhiyyə müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının maliyyə vəziyyətini nəzərə alaraq, Qobustan, Cəlilabad, Astara, Balakən, Goranboy, Quba, Masallı, İmişli rayon şuralarına, Kliniki Tibbi Mərkəzin, Mərkəzi Neftçilər Xəstəxanasının, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasının, 3 saylı Şəhər Kliniki Xəstəxanasının və Xüsusi Təhlikəli İnfeksiyalara Nəzarət Mərkəzi Publik Hüquqi Şəxsin həmkarlar ittifaqı komitələrinə ümumilikdə 112 000 manat pul vəsaiti ayırmış və həmin təşkilatların bank hesabına köçürmüşdür. Bu vəsaitlər rayon və ilk həmkarlar ittifaqı təşkilatları tərəfindən infeksiya ilə mübarizə aparan yüzlərlə tibb işçisinin bank hesabına yardım şəklində keçirilmişdir.
Ümumilikdə Respublika Komitəsinin xidmətində olan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirus infeksiyası ilə mübarizə aparan 1620 tibb işçisinə (Masallıda 181 nəfərə, Ağdaşda 178 nəfərə, Qubada 138 nəfərə, İmişlidə 120 nəfərə, Lənkəranda 78 nəfərə, Gəncədə 57 nəfərə, Xaçmazda 101 nəfərə, Neftçalada 130 nəfərə, Qazaxda 23 nəfərə, Şəmkirdə 13 nəfərə, Mərkəzi Neftçilər Xəstəxanasında 150 nəfərə, Agciyər Xəstəlikləri İnstitutunda 32 nəfərə və s.) 200 000 manatdan çox yardım edilmişdir.
Digər şəhər və rayonlardan koronavirus infeksiyası ilə mübarizəyə cəlb olunmuş səhiyyə müəssisələrinə ezamiyyətə göndərilən tibb işçiləri də diqqətdən kənarda qalmırlar. Onlara da ezamiyyətə göndərən müəssisələrin həmkarlar ittifaqı təşkilatları tərəfindən maddi köməklik göstərilir.
Eyni zamanda Respublika Komitəsi, tibb işçilərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə, Bakı və Sumqayıt şəhərlərində yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərinə cəlb olunmuş səhiyyə müəssisələrinə (Mərkəzi Neftçilər Xəstəxanasına, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik və Cərrahiyyə klinikalarına, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansıyasına, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasına, Bakı Sağlamlıq Mərkəzinə, Yeni Klinika tibb müəssisəsinə, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan TƏBİB Publik Hüquqi Şəxsə) ümumilikdə dəyəri 30517,20 manat olan
 
700 litr - çox təyinatı dezinfeksiyaedici maye,
700 litr - əllər üçün dezinfeksiyaedici maye,
140 ədəd - qoruyucu kostyum,
140 ədəd - qoruyucu eynək,
110 qutu - steril əlcək,
20 qutu - baxıl,
20 qutu - papaq bone,
5 ədəd - 1.7 l-lik O2 balonu çanta ilə birlikdə,
25 ədəd - non kontakt termometr alınıb ianə etmişdir.
 
Bəzi şəhər və rayon şuraları da büdcə vəsaitləri hesabına dezinfeksiya və qoruyucu vasitələr alıb üzv təşkilatları arasında paylayırlar.
Respublika Komitəsinin tövsiyəsi ilə rayon şuraları tərəfindən yüzlərlə ahıl pensiyaçıya karantin dövründə ərzaq bağlamaları aparılmışdır (Sumqayıt Şəhər Surası 112 nəfərə, Zaqatala Rayon Şurası 180 nəfərə, Qazax Rayon Şurası 175 nəfərə, Ağstafa Rayon Şurası 65 nəfərə, Şəmkir Rayon Şurası 70 nəfərə, Agdam Rayon Şurası 40 nəfərə, Xəzər Rayon Şurası 198 nəfərə, Səbail Rayon Şurası 30 nəfərə, Nizami Rayon Şurası 12 nəfərə və s.).
Yuxarıda sadalanan işlər sahədə bu gün də aparılır. Belə ki, Bakı Tekstil Fabrikinin Sumqayıt Kimya Sənaye Parkında yeni istifadəyə verilmiş müəssisəsindən 10000 ədəd qoruyucu tibbi maska, eləcə də steril əlcək və dezinfeksiya vasitəsi alınaraq Bakı şəhərində yerləşən üzv təşkilatlarımız olan səhiyyə müəssisələrinə paylanılır. Karantın dövründə bu işlərin davam etdirilməsi planlaşdırılır.