AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir
16 May 2012
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 2012-ci il mayın 16-da iclası keçirilmişdir. İclası Konfederasiyanın sədri, millət vəkili S.Mehbalıyev açmışdır.
İclasda həmkarlar ittifaqı təşkilatlarının 2011-ci il üzrə statistik hesabatı, həmkarlar ittifaqları kadr və fəallarının 2011-ci il üçün təhsil planının yerinə yetirilməsi və 2012-ci il üçün təhsil planı, Azərbaycan Həmkarlar İttifaqlarının 2011-ci il üzrə gender statistikası, AHİK İcraiyyə Komitəsinin «Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqlarının Fəaliyyət Proqramı» haqqında qərarının icrası barədə məsələlər müzakirə edilmişdir.
İcraiyyə Komitəsinin iclasında qeyd edilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 01 yanvar 2012-ci ilə 1,6 milyona yaxın həmkarlar ittifaqı üzvünü, 26 üzv təşkilatı və müqavilə əsasında 5 həmkarlar ittifaqını öz ətrafında birləşdirir. AHİK-in üzv təşkilatlarında 17278 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 9,1%-ni tələbələr təşkil edir.
Hesabat ilində respublika üzrə 94 müəssisədə həmkarlar ittifaqı təşkilatı yaradılmışdır ki, onlardan 69,1%-i qeyri - dövlət sektoruna aiddir. Özəl sektorda fəaliyyət göstərən həmkarlar ittifaqı üzvlərinin sayı 3,3% artmışdır. Həmkarlar ittifaqı təşkilatlarının seçkili orqan üzvlərindən yalnız 2,8%-i əmək haqqı alır ki, onların da 42,3%-i həmkarlar ittifaqı komitəsinin sədrləridir.
Cari ildə faktiki olaraq həmkarlar ittifaqı təşkilatlarında aparılan struktur dəyişiklikləri nəticəsində azsaylı təşkilatların sayı 9,8% artmış, ilk həmkarlar ittifaqı təşkilatlarının sayı isə 0,3% azalmışdır.
Həmkarlar ittifaqları kadr və fəallarının 2011-ci il üçün təhsil olanının yerinə yetirilməsi və 2012-ci il üçün təhsil planı haqqında aparılan müzakirədə bildirilmişdir ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası üzv təşkilatları ilə birgə həmkarlar ittifaqı kadrlarının və fəallarının hazırlanması işini davam etdirmişdir.
İcraiyyə Komitəsinin 11 mart 2011-ci il tarixli «Həmkarlar ittifaqları kadr və fəallarının 2010-cu il üçün təhsil planının yerinə yetirilməsi və 2011-ci il üçün təhsil planı haqqında» qərarı ilə təhsilləndirmə sahəsində əsas vəzifələr kimi dinləyici dairəsinin genişləndirilməsi, kadrların mütəmadi olaraq yenidən hazırlanması, həmkarlar ittifaqları fəaliyyətlərinin müasir metodlarının öyrənilməsi, praktiki məşğələlərin aparılması üçün müxtəlif sahələrdə baza həmkarlar təşkilatlarının müəyyənləşdirilməsi bir vəzifə olaraq üzv təşkilatlarına və Əmək və Sosial Münasibətlər Akademiyasına tövsiyə edilmişdir.
AHİK-in İcraiyyə Komitəsinin müvafiq qərarını yerinə yetirərkən, Akademiyanın müvafiq strukturu 2011-ci ildə həmkarlar ittifaqı kadrlarının təhsilləndirilmə planını hazırlamış və həmin plan AHİK-in İcraiyyə Komitəsində təsdiqlənmişdir.
Həmin planda müxtəlif kateqoriyalı həmkarlar ittifaqı fəalları üçün 2, 3, 5 və 10 günlük kurslar nəzərdə tutulmuşdur.
«Liderlik problemləri va həmkarlar ittifaqi işinin səmərəli qurulması», «Həmkarlar ittifaqlarının cəmiyyətlə əlaqə texnologiyası», «Həmkarlar ittifaqları va gender bərabərliyi», «Gənclər və həmkarlar ittifaqları”, «Həmkarlar ittifaqlarında üzvlüyün motivasiyasi» və digər mövzularda kurslar təşkil edilmişdir.
Həmkarlar ittifaqlarında təhsilləndirmə sistemi AHİK-in, Əmək və Sosial Münasibətlər Akademiyasının və sahə həmkarlar ittifaqı birliklərinin qarşılıqlı fəaliyyəti üzərində qurulmuşdur. Proqramlar və tədris planları həmin strukturların mütəmadi əməkdaşlığı şəraitində ortaya çixan təkliflər asasında tərtib olunmuşdur.. Eyni zamanda AHİK-in, sahə həmkarlar ittifaqı birliklərinin rəhbərləri müəllim-məşqçi qismində Akademiya ilə sıx əməkdaşlıq etmişlər.
Ümumilikdə, Akademiyanın kurslarında 2011-ci tədris ilində 307 həmkarlar ittifaqi işçisi və fəalı təhsilləndirilmişdir ki, onların da əksəriyyəti Neft va Qaz Sənayesi, Təhsil, «Kənd-Qida-İş», İnşaat Kompleksi və Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqlarının nümayəndələridir.
2011-ci tədris ilində Akademiyanın kadr hazırlığı kurslarında 181 həmkarlar ittifaqi komitəsi sədri, о cümlədən 30 nəfər ilk dəfə seçilənlər, 17 nəfər isə mühasib və xəzinədarlar iştirak etmişlər.
AHİK-in İcraiyyə Komitəsinin iclasında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 20 illiyi ilə əlaqədar olaraq həmkarlar ittifaqlarında uzun müddət səmərəli fəaliyyətinə, respublika həmkarlar ittifaqı hərəkatının inkişafında, həmkarlar ittifaqı üzvlərinin hüquq və mənafelərinin müdafiəsində, həmkarlar ittifaqlararası dostluğun, beynəlxalq həmrəylik və əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Həmkarlar İttifaqları fəallarından bir qrupuna “ÜHİK-20 il” Fəxri gümüş döş nişanı və ÜHİK-in yubiley fəxri fərmanları təqdim olunmuşdur.
«Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatının Fəaliyyət Proqramı» haqqında AHİK-in qərarının icrası barədə məsələ də iştirakçılar tərəfindən müzakirə edilmiş və qərara alınmışdır ki, AHİK-in üzv təşkilatları və şöbələri «Fəaliyyət Poqramı» çərçivəsində görülən işlər barədə məlumatı 2013-cü ilin 01 fevral tarixinədək AHİK-in nəzdindəki «Miqrasiya siyasəti üzrə işçi qrupu»na (MSİQ) təqdim etsinlər.
Eyni zamanda, AHİK-in mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi və «Ülfət» qəzetinin redaksiyasına tapşırılmışdır ki, Proqramın icrası barədə məlumatları həmkarlar ittifaqı nəşrləri və saytları vasitəsilə yaysınlar.
İcraiyyə Komitəsinin iclasında “Bu mənim peşəmdir” mövzusunda keçirilmiş foto, təsviri və tətbiqi sənət müsabiqəsinin qaliblərinə AHİK-in diplomları və pul mükafatları verilmişdir.
İclasa yekun vuran AHİK sədri, millət vəkili Səttar Mehbalıyev müzakirə olunan məsələlərlə bağlı çıxış etmişdir.