AHİK İcraiyyə Komitəsinin növbəti iclası olmuşdur
11 Mar 2011
Yaxın vaxtlarda hökumətin parlament qarşısında hesabatı gözlənilir. Bu hesabatda ölkəmizin qazandığı iqtisadi, sosial uğurlar bir daha konkret faktlarla, şəffaf şəkildə ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
AHİK-in sədri öz çıxışında qeyd etmişdir ki, dünyada gedən proseslər nəticəsində neftin qiymətinin dəyişməsi digər sahələrdə bahalaşmaya və ya ucuzlaşmaya səbəb olur. Qiymətlər qalxdıqca Avropada istehsal olunan məhsulların da dəyəri yüksəlir. Dövlətimiz, onun başçısı cənab İlham Əliyev məhz bu qiymət artımlarının xalqımız üşün çətinliklər yaratmaması naminə yeni islahatlara start vermişdir.
S.Mehbalıyev çıxışının bir hissəsini işçilərin əmək hüquqlarının qorunmasına həsr edərək demişdir ki, Əmək Məcəlləsinin, digər qanunverici sənədlərin təşkilatımıza verdiyi səlahiyyətlərdən bəhrələnməliyik. Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkədə yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin maksimum dərəcədə artması istiqamətində böyük səylər göstərir. Biz bu xeyirxah, ümumdövlət əhəmiyyəti daşıyan işdə Prezidentimizin yanında olmalıyıq. İşçilərin haqsız yerə işdən çıxarılmasına, ədalətsiz ixtisarlara göz yummamalıyıq. Bu baxımdan nümunə ola biləcək sahə komitələrimiz vardır. Məsələn, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1388 nəfərin işdən çıxarılması barədə müdiriyyətin qərarını ləğv etdirə bilmişdir. Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi isə 200 nəfərdən artıq işçinin işsiz qalmasının qarşısını ala bilmişdir.
S.Mehbalıyev həmkarlar ittifaqı işçilərinin təhsilinə daha çox diqqət yetirilməsinin sahə Həmkarlar İttifaqı Respublika Komitələrinin qarşısında duran başlıca vəzifələrdən biri olduğunu nəzərə çatdırmışdir: “Hər bir həmkarlar ittifaqı komitəsi sədri öz işinin incəliklərinə mükəmməl yiyələnməlidir. Yalnız savadlı kadrlar işçilərin hüquqlarını yüksək səviyyədə qorumağı bacarar”. Konfederasiya sədri Sosial Münasibətlər Akademiyasının nəzdində təşkil olunmuş qısamüddətli kurslara daha çox kadr göndərməyi Respublika Komitələrinin sədrlərinə tövsiyyə etmişdir.
Öz çıxışında AHİK sədri müzakirə olunan digər məsələlərə də mövqeyini bildirmişdir.
İcraiyyə Komitəsinin iclasında 2010-2011-ci illər üçün Baş Kollektiv Sazişin icrasına dair məlumat, Sahə Həmkarlar İttifaqları Təşkilatlarının IV Respublika Spartakiadasının yekunları, Rabitə, Dəniz Nəqliyyatı, Toxuculuq və Yüngül Sənaye, “Azərsu” və Metropoliten işçiləri həmkarlar ittifaqlarının üzv təşkilatlarında əməyin mühafizəsi üzrə norma və qaydaların hazırlanması, işçilərin təliminin təşkili və biliklərinin yoxlanılması sahəsində görülən işlər haqqında çıxışlar dinlənilmişdir.
Hənçinin, AHİK Məclisinin və İcraiyyə Komitəsinin tərkibində qismən dəyişiklik edilməsi, həmkarlar ittifaqı təşkilatlarının ötən il üzrə statistik hesabatları, qurumun kadr və fəallarının 2010-cu il üçün təhsil planının yerinə yetirilməsi və digər məsələlərə də baxılmışdır.
İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlər barəsində qərarlar qəbul olunmuşdur.
İclasın sonunda AHİK səfri, millət vəkili S.Mehbalıyev yekun sözü söyləmişdir.