AZ | RU | EN
AZ | EN | RU

AHİK-də 31 mart soyqırımı ilə bağlı anım tədbiri keçirilib

30 Mar 2015

30.03.15Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.

 

Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Ermənistanın tarix boyu azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətinin dəhşətli nəticələrindən danışıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. S.Mehbalıyev Ermənistanın məkrli siyasətinin tarixi faktlara əsaslanaraq ifşa edilməsinin, həqiqətin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının zəruriliyini vurğulayıb.

S.Mehbalıyev vuruğulayıb ki, müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilən kütləvi qətllər əvvəlcədən düşünülüb və planlaşdırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin düşüb. Rəsmi məlumatlara əsasən, 1918-ci ilin mart ayının son günlərində ümumilikdə Azərbaycanda ermənilər 50 minə yaxın əhalini xüsusi amansızlıqla qətlə yetirib. Bu qətliamlar eynilə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda mədəniyyət abidələrini və tarixi abidələri də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Fövqəladə İstintaq Komissiyasının hesabatına görə, üç gün-30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb, Şamaxı qəzasının 72 kəndi dağıdılıb, 8 min nəfərə qədər azərbaycanlı məhv edilib. S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazasın rəhbərliyi ilə erməni quldur cəza dəstəsi Quba qəzasında qırğın törədərək 122 müsəlman kəndini dağıdıb, yüzlərlə azərbaycanlını və digər xalqların nümayəndələrini xüsusi amansızlıqla qətlə yetirib.

Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran AHİK-in sədri öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib.

S.Mehbalıyev qeyd edib ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü lobbi formalaşdırmaq Prezident İ.Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır. Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasətin nəticəsidir ki, Azərbaycan Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası, BMT və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olunub.

30.03.15.1 30.03.15.2

Lakin azərbaycanlılara qarşı soyqırım siyasəti bununla bitməmiş, əksinə davam etdirilib.

Son iki yüz ildə ermənilər tərəfindən Azərbaycana qarşı aparılan məqsədyönlü soyqırım və deportasiya siyasəti nəticəsində azərbaycanlılar dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən qeyri-insani  rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan etnik təmizlənməyə və deportasiyaya məruz qalıb.

Anım mərasimində  tarix elmlər doktoru Vəkil Həsənov 31 mart soyqırımı  ilə bağlı geniş çıxış edib. O vurğulayıb ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Bu hadisələrdən bir əsrə yaxın vaxt keçməsinə baxmayaraq, uzun müddət bizə onu başqa formada təqdim etmək istəyiblər. Mart soyqırımına gətirib çıxaran hadisələr necə baş verib? Ermənilər dünyada baş verən siyasi proseslərin gedişindən məharətlə istifadə etməyi bacarıb. Məhz Birinci Dünya müharibəsi ərəfəsində və 1917-ci ildə Rusiyada yaranmış vəziyyətdən yararlanaraq zamanın yetişdiyini dərk edib. Bakıda, Tiflisdə və digər şəhərlərdə erməni siyasi partiyaları ciddi fəaliyyətə keçiblər. Siyasi proseslərin idarə olunmasını ələ almağa başlayıblar. Və Azərbaycan torpaqlarında yerləşmiş ermənilər öz məramlarını açıq-aşkar həyata keçirməyə çalışıb. Terror, soyqırımı, istila - bu yolla buna nail olub. Çox təəssüf ki, heç bir dövləti olmayan ermənilər Azərbaycan ərazisində özlərinə dövlət qurub. Türkiyəyə qarşı ərazi iddiası irəli sürən ermənilər bir nəticə əldə etməyəcəklərini görüb yenə də Azərbaycana hücum çəkib. 1918-ci ilin yanvarında İrəvan quberniyasında müsəlman əhalinin yaşadığı kəndlər yandırılıb, dağıdılıb, əhali amansızcasına qətlə yetirilib. I Dünya müharibəsindən qayıdan ermənilər əllərindəki silahları Azərbaycan xalqına qarşı tuşlayıb. Qanlı cinayətlər silsilə şəklində davam eləyib. Əsas məqsəd Bakını tutmaq idi. 1918-ci ildə soyqırıma da məhz buradan başlanılıb. Mayın 28-nə qədər Azərbaycanda Xalq Cümhuriyyəti qurulanadək ermənilər tərəfindən hücumların ardı-arası kəsilməyib.
Tədbirdə həmçinin Fövqəladə Hallar Nazirliyi İşçiləri HİK-in sədri Mehman İsmayılov, Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçilərinin HİRK-nin sədr müavini Mehman Fərzəliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Binəqədi Rayon Komitəsinin sədri Tahirə Fərzəliyeva, Bakı Telefon Rabitə İstehsalat Birliyinin BHİK sədri İsrafil Bəkirov çıxış ediblər. Natiqlər soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıb.

FAYDALI KEÇİDLƏR