AZ | RU | EN
AZ | EN | RU

AHİK-də “İctimaiyyətlə əlaqələr və qloballaşma şəraitində həmkarlar ittifaqlarında informasiya işi” mövzusunda seminar keçirilmişdir

24 Feb 2011

2011–ci il fevralın 22-23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında “İctimaiyyətlə əlaqələr və qloballaşma şəraitində həmkarlar ittifaqlarında informasiya işi” mövzusunda seminar keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə keçirilən seminar AHİK-in həmkarlar ittifaqı orqanlarının informasiya işinə məsul olan işçiləri üçün təşkil olunmuşdur. Seminarın keçirilməsində əsas məqsəd bu sahədə mövcud olan biliklərin daha da təkmilləşdirilməsi, transmilli şirkətlərin müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqlarında piar (PR) kampaniyaların planlaşdırılması və həyata keçirilməsində praktiki vərdişlərin formalaşdırılması olmuşdur.

Seminarın təşkilatçıları qarşısında duran başlıca vəzifələr iştirakçıları həmkarlar ittifaqları mərkəzlərində piar işinin nəzəri və praktiki əsasları ilə tanış etmək, transmilli şirkətlərdəki həmkarlar ittifaqı təşkilatlarında piar kampaniyasının planlaşdırılması və keçirilməsi sahəsində təcrübə mübadiləsinə yardım etmək, həmkarlar ittifaqı təşkilatlarının informasiya işinin təşkilində, imicinin formalaşdırılmasında və inkişafında əldə olunan bilik və əməli vərdişlərin daha da mükəmməlləşməsinə yardım etmək idi.

Tədbirin ilk günü seminar iştirakçıları ictimaiyyətlə əlaqələrin nəzəriyyəsi və praktikası, yaranma tarixi, piarın həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətindəki rolu haqqında ümumi anlayışlarla tanış olmuşlar. İştirakçılara piar kampaniyaları, onun növləri, həmkarlar ittifaqlarında piar kampaniyalarının hazırlanma və planlaşdırılma mərhələləri haqqında nəzəri material təqdim edilmişdir.

Seminarın gedişində ayrı-ayrı sahə həmkarlar ittifaqı təşkilatları nümayəndələrinin iştirakı ilə transmilli korporasiyalarda piar kampaniyaların planlaşdırılması əsnasında problemlərin aşkar edilməsi və şəraitin təhlili üzrə praktik məşğələlər keçirilmişdir. Məşğələlərdə çıxış edənlər bir məsələdə həmrəy olmuşlar ki, transmilli şirkətlərin müəssisələrində işçilərin sosial-iqisadi hüquqları qorunmur, bu isə muzdlu işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirib çıxarır.

Seminarın növbəti iş günü həmkarlar ittifaqlarında informasiya işinin təşkili və planlaşdırılmasına həsr olunmuşdur. Transmilli şirkətlərdə kollektiv əmək müqavilələrinin hazırlanmasında, müzakirə edilməsində və qəbil olunmasında informasiya strukturlarının rolu haqqında təcrübə mübadiləsi keçirilmişdir. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı fəaliyyətin forma və metodları haqqında ayrıca söhbət olmuşdur.

Seminarın işində Beynəlxalq Əmək Təşkilatının Moskva Bürosunun baş mütəxəssisi Serqeus Qlobaskas və Moldova Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Yardım Mərkəzinin Proqram Koordinatoru Vasile Çoarik iştirak və çıxış etmişlər.

infsem1 infsem2 infsem3 infsem4

FAYDALI KEÇİDLƏR