AHİK-də Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
27 Apr 2015
2015-ci il aprelin 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük iclas zalında Ümumdünya əməyin mühafizəsi gününə (28 aprel) həsr olunmuş «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)» Respublika müsabiqəsi qaliblərinin mükafıtlandırılması mərasimi keçirilib. Tədbirdə AHİK sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti , millət vəkili Səttar Mehbalıyev giriş sözü ilə çıxış edib.
AHİK sədri öz çıxışında dedi ki, müasir dövrümüzdə dünya iqtisadiyyatının ciddi sınaqlarla üz-üzə qaldığı bir vaxtda müstəqil Azərbaycan bir şox uğurlu nailiyyətlərə imza atıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərtərəfli düşünülmüş siyasəti sayəsində respublikamızda qlobal maliyyə-iqtisadi böhrana qarşı keçirilmiş tədbirlər özünün sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkib.
Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan edilməsi Azərbaycan sənayesinin inkişafında yeni mərhələ açdı. Azərbaycan daim zəngin sənaye ənənələrinə, böyük iqtisadi potensiala malik ölkə olub. Bu gün ölkəmizdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişləndirilməsi, yenilərinin yaradılması, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsinin yüksəlməsi, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdəndir.
Belə bir mühüm dövrdə Azərbaycan Həmkarlar İttifaqları yeni iqtisadi şəraitdə öz potensialını daha da gücləndirməyə, fəaliyyətini zənginləşdirməyə və təkmilləşdirməyə çalışır. Respublikada yaranmış əlverişli şəraitdən həmkarlar ittifaqı hərəkatının gücləndirilməsi, sosial tərəfdaşlarla əlaqələrin möhkəmləndirilməsi, münasibətlərin daha da yaxşılaşdırılması yolunda səylərimizi əsirgəmirik.
S.Mehbalıyev daha sonra qeyd edib ki, layiqli əməyin konseptual əsaslarını təşkil edən elementlər içərisində əməyin mühafizəsi problemləri mühüm yer tutur. Bunları nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsinin “AHİK-in 2014-2018-ci illər üçün əməyin mühafizəsinin əsas istiqamətləri üzrə tədbirlər planı haqqında” qəbul etdiyi qərarı həmkarlar ittifaqları təşkilatlarının məqsədyönlü fəaliyyətinə təkan verib.
İctimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə əməyin mühafizəsi və təhlükəsizliyi üzrə komissiyaların üzvlərinin, ictimai əmək müvəkkillərinin və mütəxəssislərin təhsilinin gücləndirilməsi, əməyin mühafizəsi üzrə baxış-müsabiqələrin keçirilməsi məsələləri getdikcə daha da aktuallaşır.
AHİK və onun üzv təşkilatları elə iş yerləri yaratmaq uğrunda mübarizə aparır ki, orada zərərli istehsal faktorları olmasın, xəsarət hallarına, peşə xəstəliklərinə yol verilməsin, ətraf mühitə mənfi təsir etməsin. Kollektiv müqavilələrin və tarif sazişlərinin tələblərinin yerinə yetirilməsi üzərində qoyulmuş ciddi nəzarət əksər hallarda sahə həmkarlar ittifaqlarına imkan verir ki, işəgötürənlərin əməyin mühafizəsi sahəsində vəzifələrini və məsuliyyətini müəyyən edən sahə üzrə norma, standart və təlimatların işlənib hazırlanmasına və onlara yenidən baxılmasına nail olsunlar.
AHİK sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, dövlət orqanlarının, ictimaiyyətin, mütəxəssislərin diqqətini əməyin mühafizəsi problemlərinə yönəltmək məqsədi ilə həmkarlar ittifaqları ənənəvi olaraq hər il « 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günü»nü geniş şəkildə qeyd edir.
Əməyin mühafizəsi işinin yaxşılaşdırılması məqsədilə AHİK 2015-ci il üçün Beynəlxalq Əmək Təşkilatının tövsiyyəsinə uyğun olaraq «Əməyin mühafizəsi proflaktikası mədəniyyətini birgə yüksəldək» devizi altında tədbirlər planı hazırlayıb.
Tədbirlər planına əsasən mart-aprel aylarında 16 bölgə tematik seminarları keçirilib. Seminarlarda regionlar üzrə dövlət əmək müfəttişləri və rayon icra hakimiyyətiin nümayəndələri, 90 şəhər və rayon müəssisə və təşkilatlarının həmkarlar ittifaqı komitələrinin və əməyin mühafizəsi mütəxəssislərinin 1300-dən artıq nümayəndəsi iştirak edib.
«Dəyirmi masa»lara, seminarlara, diskussiyalara cəlb olunan dinləyicilər – həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri, regionlar üzrə dövlət əmək müfəttişləri və AHİK-in mütəxəssisləri proflaktik-nəzarət işləri üzrə təcrübələrini bölüşüb, iş yerlərində texniki təhlükəsizlik normalarına, qaydalara və standartlara uyğun monitorinqlərin aparılması, məlumatların toplanması və azaldılması üçün qabaqlayıcı tədbirlərin həyata keçrilməsi istiqamətində tövsiyyələrini veriblər.
Konfederasiya sədri bildirib ki, AHİK-in Ümumdünya Əməyin Mühafizəsi (28 aprel) gününə həsr olunmuş ümümrespublika müsabiqəsi çərçivəsində bütün sahə həmkarlar ittifaqı orqanları «Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı ilin ən yaxşı müəssisəsi (təşkilatı)» devizi ilə müsabiqə keçiriblər. 2014-cü ildə keçirilən müsabiqədə 1650-dən artıq müəssisə, təşkilat, sex və sahə iştirak edib.
İl ərzində 13895 işçini, o cümlədən 832 qadın işçini əhatə edən müəssisə və təşkilatlarda həmkarlar ittifaqları komitələri, əməyin mühafizəsi üzrə komissiyaları və müvəkkilləri nəzarət-proflaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi, işçilərin sosial- məişət şəraitinin yaxşılaşdırılması sahəsində 214 yoxlama həyata keçiriblər. Müəssisələrin 28-də bütün işçilər zərərli iş şəraitindən kənarlaşdırılıb, 11 müəssisədə isə belə şəraitdə işləyənlərin sayı orta hesabla 25,7 faiz azalıb.
AHİK-in müsabiqə komissiyası 135-dən çox müəssisənin namizədliyini İcraiyyə Komitəsinin müzakirəsinə çıxarıb və 20 sahə həmkarlar ittifaqını təmsil edən 39 müəssisə, təşkilat, sex və sahə daim yüksək göstəricilərə nail olduğuna görə qalib elan olunub.
S.Mehbalıyev ümidvar olduğunu bildirib ki, işçilərə normal iş şəraitinin yaradılması hüquqi normativ aktların beynəlxalq normalara uyğun qəbul olunmasına imkan verəcək, AHİK və onun üzv təşkilatları bundan sonra da bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər.
Çıxışının sonunda AHİK sədri “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi(təşkilatı)” Respublika müsabiqəsi qaliblərini qazandıqları yüksək nailiyyətə görə təbrik edib, onlara gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə 20 sahə həmkarlar ittifaqını təmsil edən 39 müəssisə, təşkilat, sex və sahənin qaliblərinə AHİK-in diplomları və qiymətli hədiyyələr təqdim olundu.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürən) Təşkilatı Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Moskva bürosunun Əməyin və mühafizəsi və sağlamlığının təhlükəsizliyi üzrə eksperti Valentin Mokanu çıxış ediblər.