AZ | RU | EN
AZ | EN | RU

AHİK-də ümummilli lider Heydər Əliyevin anadan olmasinin 92 illiyi ilə əlaqədar tədbir keçirilib

07 May 2015

07.05.152015-ci il mayın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb. 

 

Konfederasiya sədri öz çıxışında deyib ki, Azərbaycan xalqının tarixinə və taleyinə qızıl səhifələr yazmış Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi həqiqətən xalqımız üçün böyük uğur və xoşbəxtlik idi.  Onun Azərbaycan dövlətçiliyinin xilası naminə gördüyü işlərin miqyasını zaman keçdikcə daha dərindən dərk edir, Azərbaycanın müstəqillik və azadlığının nə qədər möhkəm bir bünövrə üzərində formalaşdığını, bu bünövrənin məhz Heydər Əliyev ideyaları əsasında qurulduğunu bir daha aydın görürük.

Ulu öndər dövlət müstəqilliyinin əsasını iqtisadi vəziyyətin kökündən yaxşılaşdırılmasında, respublikanın ən zəruri ərzaq və sənaye malları ilə özünü təmin etməsində, enerji təhlükəsizliyində, xarici siyasətdə yalnız Azərbaycanın mənafeyinə uyğun addımlar atılmasında görürdü.

Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dəfələrlə qeyd edən ümummilli lider bu müstəqilliyə xələl gətirə biləcək ən cüzi güzəşti belə qəbul etmirdi. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illəri müstəqil Azərbaycanın beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması illəri kimi səciyyələndirmək olar. Bu illərdə Azərbaycan Avropa Şurası Parlament Assambleyasının, ATƏT-in, MDB-nin, GUAM-ın, İƏT-in, YUNESCO-nun, ISESCO-nun və digər çoxsaylı təşkilatların tamhüquqlu üzvü və bəzi regional təşkilatların yaranmasının təşəbbüskarı olubdur. Buna GUAM-ı, TÜRKSOY-u və digər təşkilatları da misal göstərmək olar.

S.Mehbalıyev bildirib ki, Heydər Əliyev beynəlxalq təşkilatların Azərbaycana yanlış münasibətinə, o cümlədən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına laqeyd yanaşmasına son dərəcə kəskin reaksiya verir, bunu beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulması kimi qiymətləndirirdi. Ulu öndər ikili standartlar siyasətinin ən qəti əleyhdarlarından biri idi və Azərbaycan torpaqlarının işğalına münasibətdə buna daha çox yol verilməsini həmişə kəskin tənqid edir və bu barədə ürək ağrısı ilə danışardı.

07.05.15.1 07.05.15.2

Ümummilli lider Heydər Əliyevin əsas xidmətlərindən biri də o olubdur ki, Azərbaycan onun sayəsində bir çox böyük, qlobal iqtisadi layihələrə imza atıb, dünya iqtisadiyyatına inteqrasiya edibdir. Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin («Əsrin müqaviləsi») müəllifinə və fəal iştirakçısına çevrilibdir. TRASEKA adlı proqramın həyata keçirilməsi Azərbaycanın sonrakı illərdə böyük tranzit ölkəyə çevrilməsində mühüm rol oynayıb. Bu proqram Böyük İpək yolunun bərpası üçün mühüm vasitə olubdur.

Heydər Əliyev məhz bu xüsusiyyətlərinə görə dünya siyasətçiləri arasında xüsusi nüfuz qazanıb. Dünyanın böyük dövlət xadimləri, siyasətçiləri onun dedikləri ilə hesablaşmış, keçmiş Sovetlər Birliyinin siyasi rəhbərliyində yüksək səviyyədə təmsil olunmuş bu böyük dövlət xadimi haqqında öz rəylərini bildirərkən onun dünyagörüşünə, şəxsiyyətinə, prinsipial mövqeyinə və iradəsinə öz heyranlıqlarını bildirməkdən çəkinməmişlər.

Bu gün cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişiklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırır, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanm etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradir. Azərbaycan Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.

AHİK sədri deyib ki, Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmləndirilməsində, onun sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra  Ulu Öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edildi. Qanun respublikada həmkarlar ittifaqlarının tam sərbəst, müstəqil olaraq heç bir dövlət strukturundan asılı olmayaraq nizamnamələri çərçivəsində fəaliyyət göstərməsini təsdiq etmiş oldu.

Ulu öndərin yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilibdir.

Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlayıbdır.

Məhz ümummilli liderimiz H.Əliyevin sayəsində Azərbaycan Həmkarlar İttifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında layiqli yeri olan təşkilata çevrildi. Həmkarlar ittifaqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin genişləndirilməsi, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına start verildi. Bütün bunlar isə ulu öndərin işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəçisi olan həmkarlar ittifaqlarına münasibətinin bariz nümunəsi idi.

Adətən ulu öndər AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verir, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirirdi. Bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söylədi. Bu, ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.

Həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham  Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunubdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun  maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaradıbdır.

Çıxışının sonunda AHİK sədri bildirib ki, həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.

Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

08.05.15 bust

FAYDALI KEÇİDLƏR