AHİK-də Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti ilə görüş keçirilib
08 Apr 2015
Ölkəmizdə səfərdə olan Ümumpolşa Həmkarlar İttifaqları Alyansının nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev tərəfindən qəbul edilib.
S.Mehbalıyev Alyansın prezidenti Yan Quz başda olmaqla nümayəndə heyətinin üzvlərini salamlayaraq deyib ki, Azərbaycan və Polşa əlaqələrinin uzun bir tarixi vardır. Hər iki dövlətin xalqları əsrlər boyu bir-biri ilə dostluq əlaqəsində olublar. 1918-ci ildə müsəlman şərqində yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyində polyaklar da iştirak ediblər. Ondan əvvəl Polşadan gəlmiş mühəndislər, memarlar Azərbaycanın, Bakının inkişafına dəyərli töhfələr vermişlər. 1892-ci ildə məşhur polşalı memar Y.V.Qoslavski Bakı şəhərinin baş memarı vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi və iştirakı ilə Bakıda bir neçə gözəl binalar tikilmişdir ki, həmin binalar bu gün də memarlıq abidələri kimi qorunmaqdadır.
Polşa və Azərbaycan xalqları arasındakı dostluq ənənələri dövlətimizin rəhbərləri və xalqlarımız tərəfindən davam etdirilməkdədir. Bu dostluğun əsası isə ümummilli lider H.Əliyev tərəfindən 1997-ci ildə Polşaya rəsmi səfər zamanı qoyulmuşdur. Bü müstəvidə ilk sənəd elə ümummilli liderin səfəri zamanı Azərbaycan Respublikasının Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında «İqtisadi əməkdaşlıq və ticarət haqqında» saziş olub. Daha sonra iki ölkə arasında müqavilə hüquq bazası çərçivəsində 30-dan artıq sənəd imzalanmışdır. «İkiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında» Konvensiya, «Azərbaycan Respublikası və Polşa Respublikası arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişafı haqqında» Bəyannamə, eləcə də dövlətlərin mədəni və elmi əməkdaşlığı, investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında sazişləri göstərmək olar. Bundan başqa ölkələr arasıqda mülki daşımaları, turizm, müdafiə və gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında, iqtisadi əməkdaşlıq haqqında sazişlər də imzalanmışdır. Prezidentlərimizin qarşılıqlı səfərləri, dövlətlərimiz arasında imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük zəmin yaratmışdır.
Azərbaycan və Polşa arasında xarici siyasət sahəsində ümumi maraq ikitərəfli əlaqələr və əməkdaşlığın vəziyyəti, inkişaf istiqamətləri münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət və riayət əsasında BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həlli üzərində qurulmuşdur. Bizim üçün çox önəmlidir ki, Polşa dövləti və Polşa hökuməti bu gün Azərbaycanın üzləşdiyi problemlərə diqqət və həssaslıqla yanaşır. Dağlıq Qarabağ probleminin həllində bizim haqq işimizə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, problemin Azərbaycanın maraqlarına uyğun şəkildə sülh yolu ilə həll olunmasına hərtərəfli dəstəyini verir.
AHİK sədri daha sonra vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ildə Polşaya səfəri zamanı Azərbaycan-Polşa Parlamentlərarası İşçi qrupunun rəhbəri kimi nümayəndə heyətinin tərkibində mən də iştirak etmişəm. Həmin görüşdə bir sıra iqtisadi və mədəni sahələr üzrə imzalanmış sənədlərlə yanaşı, eyni zamanda Azərbaycan xalqının haqlı tələblərinin tezliklə yerinə yetirilməsi və həll olunması istiqamətində Polşa Respublikasının dəstəyi açıq şəkildə bəyan edilmişdir. Mən çox şadam ki, Polşa və Azərbaycan ölkələri arasında mövcud olan bu dostluq və qardaşlıq münasibətləri yüksək səviyyədə davam etməkdədir. Hesab edirəm ki, hər birimizin borcu bu münasibətləri qoruyub saxlamaq və onu inkişaf etdirməkdir.
S.Mehbalıyev deyib ki,Polşa və Azərbaycan həmkarlar ittifaqları mərkəzləri arasında yaranmış dostluq münasibətlərini də təqdirəlayiq hesab etmək olar.
Yüz ildən artıq tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları fəaliyyətə başladığı dövrdən bu günə qədər özünün əsas missiyası - işçilərin sosial-iqtisadi hüquqlarının qorunması istiqamətində mühüm addımlar atmışdır. Doğrudur, keçmiş sovetlər dönəmində həmkarlar ittifaqları hakim partiyanın bir strukturu kimi fəaliyyət göstərsə də, hər halda işçilərin mənafeyi baxımından öz vəzifələrini layiqincə yerinə yetirmişdir.
Azərbaycan Respublikası özünün müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqları sistemində də islahatların aparılması qaçılmaz idi. Məhz bu baxımdan keçən əsrin 90-cı illərində respublikanın həmkarlar ittifaqı liderləri beynəlxalq standartlara cavab verə biləcək yeni həmkarlar ittifaqı mərkəzinin yaradılmasını məqsədəmüvafiq hesab etdilər. Nəticədə 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi. Konfederasiyanı təsis edərkən biz sahə həmkarlar ittifaqlarının öz vəzifələrini layiqincə yerinə yetirmələri üçün onların müstəqilliklərinin artırılmasını, sahələrin spesifikasını nəzərə alaraq öz işlərini qurmalarını, həmkarlar ittifaqlarının maddi - texniki bazasının möhkəmləndirilməsi üçün müvafiq addımların atılmasını əsas götürmüşük. Hesab edirəm ki, biz bu məsələlərin həllinə qismən nail olmuşuq.
Bu gün AHİK öz ətrafında bir milyon altı yüz min həmkarlar ittifaqı üzvünü və 27 üzv təşkilatını birləşdirir. AHİK bir sıra beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının üzvüdür və onlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası hal-hazırda Avropa Birliyinə üzv olan əksər dövlətlərin həmkarlar ittifaqlarının milli birlikləri ilə, o cümlədən Ümumpolşa Həmkarlar İttifaqları Alyansı ilə dostluq əlaqələrinə malikdir. Bu təşkilatların nümayəndələri AHİK-in həyata keçirdiyi bütün beynəlxalq tədbirlərdə iştirak etmişdir. Ümumpolşa Həmkarlar İttifaqları Alyansının prezidenti kimi sizinlə BHİK-in Berlində keçirilən Ümumdünya Qurultayındakı görüşümüzü və 2013-cü ilin fevral ayında AHİK-in IV qurultayı ərəfəsində respublikamıza səfərinizi və qurultayımızdakı iştirakınızı yaxşı xatırlayıram. Bu, iki dövlətin həmkarlar ittifaqı təşkilatları arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin uzunmüddətli olmasının əyani sübutudur.
Qeyd etmək lazımdır ki, AHİK-in 2003 və 2013-cü illər ərzində keçirilmiş qurultaylarında da Ümumpolşa Həmkarlar İttifaqları Alyansı rəhbərlik səviyyəsində təmsil olunmuşdur. Eyni zamanda Polşada fəaliyyət göstərən digər həmkarlar ittifaqı mərkəzləri də bizim tədbirlərdə yaxından iştirak edirlər.
Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndələri də tez-tez ölkənizə səfər edir, vaxtaşırı Polşa Həmkarlar İttifaqları nümayəndələri ilə görüşürlər.
Çıxışının sonunda S.Mehbalıyev öz əminliyini bildirdi ki, ölkələrmiz və həmkarlar ittifaqı təşkilatları arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcəkdir.
Ümumpolşa Həmkarlar İttifaqları Alyansının prezidenti Yan Quz Azərbaycana növbəti səfərlərindən məmnunluğunu və səmimi qəbula görə nümayəndə heyətinin üzvləri və öz adından AHİK sədrinə təşəkkürünü bildirdi. Nümayəndə heyətinin başçısı ölkələrimiz və xalqlarımız arasında, eyni zamanda hər iki ölkənin həmkarlar ittifaqları mərkəzləri arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənəcəyinə, rəhbərlik etdiyi Ümumpolşa Həmkarlar İttifaqları Alyansının bu əlaqələrin inkişafına öz töhfələrini verəcəyinə inamını ifadə etdi.
___________________________________________________________________________________________________________________________
Ümumpolşa Həmkarlar İttifaqları Alyansı haqqında
Ümumpolşa Həmkarlar İttifaqları Alyansı Polşanın iki əsas həmkarlar ittifaqından biridir. Qərargahı paytaxt Varşavada yerləşir. Təşkilat 1984-cü ildə yaradılıb. Alyansın prezidenti Yan Quzdur.
Təşkilatın 3 milyon üzvü var, bunların beş yüz mini təqaüdçüdür. Alyans Beynəlxalq Həmkarlar İttifaqları Konfedersiyasının, eyni zamanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzvüdür.
Ümumpolşa Həmkarlar İttifaqları Alyansı Polşanın əsas müəssisələrində sahibkarlar, işçilər və hökumət arasında dialoqun əldə olunması üçün iqtisadi və sosial məsələlər üzrə üçtərəfli komissiyanın işində iştirak edir. Müvafiq komissiyanın əsas məqsədi sosial tarazlığı qorumaq üçün əməkhaqları və müavinətlər, vergi öhdəlikləri, büdcə layihələri və ictimai asayişin qorunması ilə bağlı digər məsələlərə aid danışıqların aparılmasıdır.
Bu təşkilatla AHİK-in səmimi dostluq münasibətləri mövcuddur. Ümumpolşa Həmkarlar İttifaqı Alyansının nümayəndə heyəti AHİK-in 2003-cü və 2013-cü illərdə keçirilmiş qurultayında iştirak edib. Qarşılıqlı olaraq AHİK-in nümayəndə heyəti də Alyansın son iki qurultayında iştirak edib.