AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin iclasında 2012-ci ildə Həmkarlar İttifaqlarında keçiriləcək hesabat-seçki kampaniyasının əsas vəzifələri müəyyən edilmişdir

11 Jul 2011

Hesabat-seçki kampaniyasına hazırlıq artıq başlanmışdır. AHİK sədri   hər bir təşkilatın bu mühüm məsələyə ciddi, məsulyyətlə yanaşmasının önəmliliyini vurğulayaraq hesabat-seçki yığıncaqlarının şəffaf və demokratik şəraitdə keçirilməsi üçün zəruri olan bütün tədbirlərin görülməsini vacib saymışdır. S.Mehbalıyev iclas iştirakçılarının diqqətini seçkilər zamanı səriştəli, bacarıqlı, həmkarlar ittifaqının inkişafında xidmətləri olan kadrların, həmçinin həmkarlar təşkilatlarının fəalları arasından perspektivli gənclərin irəli çəkilməsinə yönəltmişdir.

 

ickom11.07-1 ickom11.07

 İcraiyyə Komitəsinin iclasında “AHİK-in gənclər siyasəti Konsepsiyası”nın yerinə yetirilməsi haqqında məsələnin müzakirəsi zamanı qeyd edilmişdir ki, bu sahədə müəyyən işlər görülmüşdür. İlk növbədə, AHİK-in Gənclər Şurasının Əsasnaməsi İcraiyyə Komitəsində müzakirə olunaraq qəbul edilmiş və Gənclər Şurası formalaşdırılmışdır. AHİK-lə Sahibkarlar(İşəgötürənlər) Konfederasiyası və Azərbaycan Respublikası hökuməti arasında bağlanan Baş Kollektiv Sazişə gənclərin məşğulluğunun təmin edilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi və s. bölmələr salınmış və icraları ciddi nəzarətdə saxlanılır. AHİK-in İcraiyyə Komitəsinin yığıncaqlarında gənclərlə işin vəziyyəti vaxtaşırı müzakirə olunmuş və müvafiq qərarlar qəbul olunmaqla həmkarlar ittifaqlarının bütün seşkili orqanlarının işində gənclərin fəal iştirakına şərait yaradılmışdır.

Həmkarlat İttifaqlarının Gənclər Şurasının beynəlxalq əlaqələri də gücləndirilmişdir. Hər il Yaponiyanın Beynəlxalq Əmək Fondunda,   Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Litvada yerləşən Gənclərin Yay Məktəbində, İtaliyanın Turin şəhərində yerləşən Ümumdünya Təlim Mərkəzində və Böyük Britaniyanın Oksford Universitetində gənc həmkarlar ittifaqı fəallarının iştirakı AHİK tərəfindən təmin edilmişdir.

AHİK-in İcraiyyə Komitəsində “Kollektiv sahə(tarif) Sazişlərinin nümunəvi forması”na, “Kollektiv müqavilələrin nümunəsi”nə və “Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqavilə”yə əlavələr edilməsi haqqında məsələnin müzakirəsi zamanı iştirakçıların nəzərinə çatdırılmışdır ki, Ümum Həmkarlar İttifaqları Konfederasiyasından daxil olan məlumata əsasən, MDB-nin iştirakçı ölkələrinin Parlamentlərarası Assambleyası 2010-cu ilin oktyabr ayında keçirilən sonuncu iclasında “Səhmdar cəmiyyətləri haqqında” model qanununu yeni redaktədə qəbul etmişdir.

Adı çəkilən qanunun işlənilməsində fəal iştirak edən ÜHİK-in təklifi ilə “Cəmiyyətin orqanları” bölməsinə müşahidə şurasının, idarə heyətinin, direktorlar şurasının işində müzdlu işçilərin iştirak etməsi haqqında mülahizələr daxil edilmişdir. Beləliklə bu sahədə də həmkarlar ittifaqlarının maraqları nəzərə alınmış, istehsalatın idarə olunmasında işçilərin iştirakının həyata keçirilməsinə nail olunmuşdur. Qanunun yeni redaktəsinin digər dövlətlərlə yanaşı Azərbaycan Respublikasına aid olunması ölkənin həmkarla ittifaqları üçün böyük əhəmiyyət kəsb edir.

2010-cu ildə işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasında və istehsalat xəsarətlərinin qarşısının alınmasında sahə həmkarlar ittifaqları orqanlarının apardıqları işlər barədə İcraiyyə Komitəsində dinlənilən məruzədə deyilmişdir ki, 2010-cu hesabat ilində Sahə Həmkarlar İttifaqlarının xidmətinə daxil olan müəssisə və təşkilatlarda təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qayda və normalara riayət olunması sahəsində müəyyən işlər görülmüşdür.

AHİK tərəfindən xüsusi hazırlanmış plan cədvəlinə üyğun, respublikanın şəhər və rayonlarından 2500 nəfərdən artıq həmkarlar ittifaqı üzvlərinin iştirakı ilə 66 zona seminarı keçirilmişdir. Hesabat dövründə 23 sahə və 1 ərazi həmkarlar ittifaqları orqanlarının texniki əmək müfəttişlərinin iştirakı ilə əməyin mühafizəsinin qənaətbəxş olması və istehsalat zədələnmələrinin qarşısının alınması məqsədilə 676 müəssisə və təşkilatlarda yoxlamalar aparılmışdır.

AHİK-in İcraiyyə Komitəsinin iclasında həmçinin Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş “Bu-mənim peşəmdir” başlığı altında keçirilən foto, təsviri və tətbiqi sənət üzrə müsabiqənin yekunları, “Xüsusi istedada malik uşaqlarla(gənclərlə) iş üzrə tədbirlər planının nəticələri, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının Fəaliyyət Proqramı haqqında və digər məsələlər də müzakirə edilmişdir.

AHİK-in sədri, millət vəkili S.Mehbalıyev İcraiyyə Komitəsinin iclasında yekun sözü söyləmişdir.