AZ | RU | EN
AZ | EN | RU

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

24 Apr 2015

24.04.15.2Aprelin 24-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası olub. İclası giriş gözü ilə AHİK sədri, millət vəkili Səttar Mehbalıyev açıb.

 

O, gündəlikdə duran məsələlərlə İcraiyyə Komitəsinin üzvlərini tanış edib. Sonra hər bir məsələyə dair məruzələr dinlənilib. "Həmkarlar ittifaqı təşkilatlarının 2014-cü il üzrə statistik hesabatı" və "AHİK-in aparatına və üzv təşkilatlarına daxil olmuş ərizə və şikayətlərin təhlili" haqqında konfederasiyanın katibi-aparat rəhbəri Həsən Cəfərov məlumat verib. Məlumatda qeyd olunub ki, hesabat ilində respublika üzrə 197 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb. Onlardan 967 nəfər həmkarlar ittifaqı üzvünü birləşdirən 41 həmkarlar ittifaqı təşkilatı qeyri-dövlət sektorunun payına düşüb.

İqtisadiyyatda aparılan islahatlar, işçilərin ixtisarı, həmkarlar ittifaqı təşkilatlarının ləğvi, işəgötürənlər tərəfindən müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına və fəaliyyətinə göstərilən maneçiliyə baxmayaraq, üzvlərinin sayı cəmi 0,7 % azalıb.

2014-cü ildə AHİK kurslarında 316 nəfər ixtisasını artırıb.

Kollektiv müqavilə bağlanmış ilk həmkarlar ittifaqı təşkilatlarının sayı ötən illə müqayisədə 1,8 % artıb, qeyri-dövlət müəssisələrində bağlanan müqavilələr 0,5 %, sazişlər 1,6 % azalıb.

24.04.15.7 24.04.15.5 

Həmkarlar itifaqlarına daxil olmuş ərizə və şikayətlərin 97,1 %-i müsbət həll olunub.

İkinci məsələ barədə bildirilib ki, həmkarlar ittifaqı üzvlərinin müraciətlərinə baxılması işinin təşkili və onların keyfiyyətli həlli hər bir həmkarlar ittifaqı təşkilatının fəaliyyətini qiymətləndirmək üçün əsas meyarlardan biridir.

AHİK aparatına daxil olmuş ərizələrin 57 %-i maddi yardımlarla, 35 % isə yollayışlarla bağlı olub. Maddi yardım və yollayışlarla bağlı müraciətlərin çox olmasına baxmayaraq, hər il təqribən 100 mindən yuxarı ittifaq üzvünə maddi yardımlar edilir. Təkcə AHİK tərəfindən həmkarlar ittifaqı üzvlərinə, Qarabağ əlillərinə il ərzində 60 min manata yaxın maddi yardım göstərilib, 70 min nəfərə yaxın ittifaq üzvü müalicə və istirahət ocaqlarında dincəlib. Sahə həmkarlar ittifaqları tərəfindən istifadəyə verilən istirahət ocaqları da üzvlərin bu tələblərini yerinə yetirməyə imkan yaradır.

Məlumatda o da diqqətə çatdırılıb ki, işəgötürənlərin təşəbbüsü ilə işdən azad edilmələr zamanı ciddi pozuntulara yol verilir. Ştat ixtisarı ilə bağlı məsələlər həmkarlar ittifaqı komitələri ilə razılaşdırılmır, müəyyən kateqoriyalı işçilərin üstün hüquqları nəzərə alınmır. Nəticədə 2014-cü ildə 137 nəfər qanunsuz işdən azad olunmaları, 43 nəfər isə əməkhaqqı barədə həmkarlar ittifaqlarına müraciət edib.

Mənzil- məişət məsələləri və həmkarlar ittifaqı təşkilatlarının fəaliyyəti ilə əlaqədar olan müraciətlər də əvvəlki ilə nisbətdə artan müraciətlər sırasındadır. Təkcə pensiya və müavinətlərlə bağlı müraciətlər 2011-ci ilə nisbətən 2, 2005-ci ilə nisbətən isə 5 dəfə artıb.

İl ərzində AHİK-ə 66 təkrar müraciət daxil olub. Onların da böyük əksəriyyəti maddi yardım və yollayışla bağlıdır. İlkin müzakirənin keyfiyyətindən narazılıq, əsassız və qeyri-müəyyən və formal cavablar təkrar şikayətləri yaradan səbəblərdir.

Həmkarlar ittifaqı üzvləri ilə işin mühüm hissəsi onların fərdi qəbulunun aparılmasıdır.

24.04.15.2 24.04.15.1 24.04.15

Üzvlərin AHİK-də və üzv təşkilatlarında onları maraqlandıran məsələlərlə əlaqədar qəbul olunmaları üçün müvafiq şərait yaradılıb. Qəbulda AHİK-in struktur bölmələrinin rəhbərləri də iştirak edir. Ötən il 1009 həmkarlar ittifaqı üzvü AHİK-də onun rəhbərləri tərəfindən qəbul edilib, qaldırdıqları məsələlərin həllinə yardım edilib.

AHİK-in sədri tərəfindən çox problemli məsələlər üzrə qəbul aparılması faktını nəzərə alsaq, son dövrlərdə fərdi qəbulların azalması təşkilatın bütün struktur bölmələrinin sabit və keyfiyyətli işinə dəlalət edir. Belə ki, 2013-cü ildə qəbul şöbəsinə müraciət edənlərin 40 %-i sədrin qəbuluna gedirdisə, 2014-cü ildə bu rəqəm 28 % təşkil edib.

Nəticədə AHİK-ə müraciət edən həmkarlar ittifaqı üzvləri onların problemlərinin həllinə yardımçı olunduğuna və obyektiv yanaşıldığına görə yalnız 2014-cü ildə həmkarlar ittifaqı üzvlərindən AHİK sədrinin ünvanına 8 təşəkkür məktubu daxil olub.

AHİK-in İcraiyyə Komitəsi qeyd edib ki, bunlarla yanaşı, şikayətlərin yaranma səbəblərinin öyrənilməsi və aradan qaldırılmasına bəzi üzv təşkilatlarda lazımi diqqət yetirilmir.

Gündəlikdə duran digər məsələ - "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi ( təşkilatı)" devizi ilə keçirilən respublika müsabiqəsinin 2014-cü il üzrə yekunları haqqında" konfederasiyanın əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov danışdı. Bildirdi ki, İcraiyyə Komitəsinin 25 noyabr 2009-cu il (№ 6b. 32ə) tarixli qərarına əsasən, "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" devizinə həsr olunmuş "Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisə - 2014" adı uğrunda keçirilən müsabiqədə 1650-dən artıq müəssisə və təşkilat iştirak edib.

Müsabiqəyə 20 sahə həmkarlar ittifaqını təmsil edən 39 müəssisə, təşkilat, sex və sahənin materialları təqdim edilmişdir. Təşkilatlardan ən yaxşıları seçilib və sənədlər AHİK-in müvafiq komissiyasına göndərilib.

2014-cü il ərzində 13895 işçini, o cümlədən 832 qadın işçini təmsil edən 39 müəssisə və təşkilatda həmkarlar ittifaqı komitələri, əməyin mühafizəsi komissiyaları və ictimai müvəkkillər nəzarət-profilaktika işini yüksək səviyyədə təşkil edib, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına, maşın və mexanizmlərin, avadanlıqların istismarı zamanı təhlükəsizlik texnikasının tələblərinə əməl olunmasına, işçilərin sosial məişət şəraitinin yaxşılaşdırılmasına dair 214 yoxlama həyata keçiriblər.

Bunun nəticəsində həmkarlar ittifaqı komitələri tərəfindən təhlükəsizlik tələblərinə cavab verməyən, işçilərin həyatına və sağlamlığına təhlükə törədən 21 dəzgah, avadanlıq aşkar olunub və sahənin işinin dayandırılması barədə məsələ müəssisə müdiriyyətinin müzakirəsinə verilib. Əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması üçün kollektiv müqavilələrin əməyin mühafizəsi bölməsinə sosial məsələlərə aid 376 adda bənd əlavə edilməsinə nail olunubdur.

Həmkarlar ittifaqı komitələrinin 97, əməyin mühafizəsi komissiyalarının 71 iclasının müzakirə mövzusu əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri olubdur.

Bütün bu tədbirlər əməyin mühafizəsinin yaxşılaşdırılmasına ayrılan maliyyə vəsaitinin əvvəlki illə müqayisədə 14,4 %, həmin vəsaitin hər işçiyə düşən hissəsinin 44 % artırılmasına nail olunması ilə nəticələnib.

Təklif olunmuş tədbirlərin yerinə yetirilməsinə və maliyyə vəsaitlərinin istifadəsinə nəzarətin həyata keçirilməsi nəticəsində müəssisələrdə əmək şəraitinin və mühafizəsinin yaxşılaşdırılmasına yönəlmiş 348 tədbir həyata keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 49 %-ə çatdırılıb, işçilərin 96,3 %-i tibbi müayinədən keçirililib.

İşçilər müəyyən olunmuş normalar daxilində ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin ediliblər.

İclasda Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişin icrasına dair aralıq məlumat dinlənildi. Bildirildi ki, həmkarlar ittifaqlarının tərəfdaşlar ilə birlikdə hazırladıqları tədbirlər planı üzrə çox mühüm işlər görülüb. Götürülən öhdəliklər uğurla yerinə yetirilir. Həmkarlar ittifaqları ictimai nəzarəti dəqiq həyata keçirir. Məhz bütün bunların nəticəsidir ki, həm iqtisadi, həm də sosial inkişafa nail olunub.

İcraiyyə Komitəsinin gündəliyinə çıxarılan mühüm, aktual məsələlərdən biri də gənclərimizin ziyanlı vərdişlərdən uzaqlaşdırılması üçün atılacaq addımların müəyyənləşdirilməsi idi. Bu istiqamətdə həmkarlar ittifaqları uzun illərdir ki, səylə çalışır.

Bu, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramından (2013-2018-ci illər) irəli gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı həmkarlar ittifaqlarının tədbirlər planı haqqında" AHİK İcraiyyə Komitəsinin 24 oktyabr 2013-cü il (№2 b.4) tarixli qərarının icrası barədə çıxışda da qeyd olundu. Deyildi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb, insanların həyatına və sağlamlığına təhlükə yaradan, cinayətkarlığa və faciəvi nəticələrə gətirib çıxaran narkomaniyadır. Narkomaniya və narkobiznes insanların təkcə mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal olunmuş və nəzarətsiz zonaların, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amildir.

Rəsmi statistikaya əsasən, Azərbaycanda təxminən 24 minə yaxın narkoman qeydiyyata alınıb ki, onların təxminən 6 min nəfəri gənclərdir. Amma beynəlxalq mütəxəssislərin rəyi ondan ibarətdir ki, hər bir rəsmi statistika heç də real vəziyyəti əks etdirmir.

Bu gün dünyada narkomaniyanın gəncləşməsi gedir. Dövlət gənclər siyasətinin imkanları ona yönəldilir ki, sağlam gənclər narkomaniya və digər zərərli vərdişlərə məruz qalmasınlar.

Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı mübarizənin gücləndirilməsində, anti-narkotik təbliğatın aparılmasında, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında həmkarlar ittifaqı təşkilatları da öz növbəsində səmərəli töhfələr verməkdədir. Bununla əlaqədar AHİK tədbirlər planı hazırlayıb və üzv təşkilatlara göndərib. Qərara əsasən, sahə həmkarlar ittifaqı orqanlarından AHİK-ə daxil olan məlumatlar araşdırılıb, bu sahədə görülən işlər ümumiləşdirilərək yekun arayış hazırlanıb.

İclasda həmçinin AHİK-in müharibə, əmək, silahlı qüvvələr və hüquq-mühafizə orqanları veteranları təşkilatı ilə fəaliyyət planı, həmkarlar ittifaqlarının 2014-cü il üzrə gender statistikası, AHİTA-nın 2014-cü ilin yekunları üzrə fəaliyyəti və statistika hesabatları və sair məsələlər müzakirə mövzusu oldu.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev gündəlikdə duran məsələlərə münasibət bildirdi. İradlarını, təkliflərini və tövsiyələrini verdi.

Hər bir məsələyə dair qərarlar qəbul edildi.

Sonda AHİK sədrinin birinci müavini İlyas Əliyevə, müavini Vaqif Eyvazova və Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Rafiq İldarova Ümumhəmkarlar İttifaqları Konfederasiyasının "Həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə" fəxri gümüş nişanı təqdim olundu.

 

"ÜLFƏT" qəzeti

25.04.2015

FAYDALI KEÇİDLƏR