AZ | RU | EN
AZ | EN | RU

AHİK-in sədri Səttar Mehbalıyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının VII qurultayında ÇIXIŞI

13 Sep 2012

 

Yaxın keçmişdə biz ÜHİK-in 20 illiyini qeyd etmişdik. ÜHİK-in 20 illik fəaliyyəti böyük və əlamətdar hadisələrlə dolu olmuş, bizim həmrəyliyimizin möhkəmləndirilməsində mühüm mərhələ idi.

Azərbaycan həmkarlar ittifaqları daim hərəkətlərimizin vahidliyi mövqeyindən çıxış etmiş və bunu özünün əməli işləri ilə sübut etmişdir.

Ötən illər ərzində Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri ÜHİK tərəfindən həyata keçirilən bütün tədbirlərdə fəal iştirak etmişlər. Aramızda konstruktiv və işgüzar münasibətlər mövcuddur.

Hörmətli həmkarlar, dostlar!

ÜHİK-in rəhbərliyi üzv təşkilatlarının əmək və sosial qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işini əlaqələndirməyə çalışır, onlara bu məsələdə metodiki yardım göstərir, informasiya mübadiləsi getdikcə yaxşılaşır. Sahə və ərazi həmkarlar ittifaqları birliyinin nümunəvi nizamnaməsinin, gənclər, gender, informasiya konsepsiyalarının işlənilməsi, eləcə də ÜHİK-in digər sənədləri, keçirilən maarifləndirici seminarlar, konfranslar, görüşlər bizə konkret kömək edir. Hesab edirik ki, həmkarlar ittifaqı fəallarının innovativ iş üsullarına yiyələnməsinə aid tədris üzrə birgə fəaliyyətimiz daha da fəal aparılmalıdır.

VI qurultaydan sonra ağır böhran əlamətləri hiss edərək, ÜHİK artıq 2008-ci ilin oktyabr ayında milli həmkarlar ittifaqları mərkəzləri ilə razılaşdıraraq, böhranın bütün çətinliklərini işçilərin çiyinlərinə yükləməyinin yolverilməzliyi barədə bəyanətlə çıxış etmişdir. Bu bəyanata uyğun hərəkət edərək biz Azərbaycanda rüblük sosial-iqtisadi monitorinq həyata keçirmiş, onun nəticələri haqqında ÜHİK-i məlumatlandırmışıq. ÜHİK-də dəstəklənmiş "Layiqli əmək -layiqli həyatın əsasıdır" adlı aksiya hesabat dövründə Azərbaycan həmkarlar ittifaqlarında uğurla həyata keçirilirdi.

İşçilərin və həmkarlar ittifaqlarının hüquqları uğrunda mübarizədə son illərin başlıca hadisəsi kimi layiqli əmək uğrunda hərəkatda iştirakı göstərmək olar. AHİK buna həsr edilmiş hədbirləri hökumət və işəgötürənlər təşkilatları ilə birgə reallaşdırır.

Minimum əməkhaqqı səviyyəsinin sosial əhəmiyyətini, onun işçilərin vəziyyətinə təsirini nəzərə alaraq, AHİK-in İcraiyyə Komitəsi "Minimum əməkhaqqını yaşayış minimumundan aşağı olmayan səviyyəyə çatdırmaq" adlı ÜHİK-in həmrəylik kampaniyasında iştirak etmək barədə qərar qəbul etmişdir.

Qeyd edə bilərik ki, bu aksiya başlanan vaxtdan, yəni 2004-cü ildən respublikada minimum əməkhaqqı 7 dəfədən çox artmışdır. 2004-cü ildə minimum əməkhaqqı yaşayış minimumunun 32 %-ni təşkil edirdisə, 2011-ci ildə bu nisbət 89,5 %-ə bərabər olub. Bu dün isə 100%-ə yaxındır.

Biz ÜHİK-in MDB ölkələrinin Parlamentlərarası Assambleyasında fəaliyyətini xüsusi qeyd edirik. Konfederasiya bu qurumda faktiki olaraq qanunvericilik təşəbbüsü hüququna malikdir. Əgər Parlamentlərarası Assambleya cəmi 300 normativ sənəd qəbul edibsə, 100-dən çox sosialyönümlü model qanunlar Konfederasiyanın təşəbbüsü və bilavasitə iştirakı ilə işlənilmişdir. Bu qanunlar birliyə daxil olan ölkələrin qanunvericiliyinin yaxınlaşdırılması üçün əsas olmuşdur.

Parlamentlərarası Assambleya vasitəsilə MDB ölkələri parlamentlərinə muzdlu işçilər və həmkarlar ittifaqları üçün xüsusi əhəmiyyət kəsb edən BƏT-in 11 konvensiyasının ratifikasiyasını təklif etmək barədə ÜHİK-in təşəbbüsü tərəfimizdən dəstəkləndi. Azərbaycanda bu proses uğurla gedir. Qeyd olunan BƏT-in 11 konvensiyası sırasından beşi Milli Məclisdə artıq təsdiqlənib, ikisi qüvvədə olan Baş Kollektiv Sazişə uyğun olaraq iki il ərzində ratifikasiya olunmalıdır.

ÜHİK əməyin təhlükəsizliyinin təmin edilməsində işəgötürənlərin məsuliyyətini artırmaq üçün çox iş görür.

Fikrimizcə, ÜHİK-in ən uğurlu beynəlxalq aksiyalardan biri "28 May - Beynəlxalq Əməyin Mühafizəsi Günüdür". Artıq 8 il ərzində biz vahid bir şüar altında kütləvi tədbirlərə qoşulur, "Əməyin mühafizəsi üzrə ən yaxşı həmkarlar ittifaqı təşkilatı" adlı müsabiqə keçiririk. İki ay ərzində yerli icra hakimiyyəti orqanları və işəgötürənlərlə birlikdə bütün respublika üzrə müəssisə və təşkilatlarda muzdlu işçilərin əməyinin mühafizəsi, sağlamlığı və təhlükəsizliyi üzrə işlərin təşkili ilə məşğul olan mütəxəssislər üçün öyrədici seminarlar təşkil edirik.

ÜHİK-in model qanunlarına əsaslanaraq AHİK iqtisadiyyat, əməyin mühafizəsi, informasiya və mədəniyyət, idman və turizm məsələləri üzrə qanun və normativ sənədlərin qəbul edilməsinə və təkmilləşdirilməsinə dair təklifləri respublika parlamentinə və hökumətinə təqdim edir.

Son illərdə Azərbaycan həmkarlar ittifaqları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir etmişdir: bizim təşəbbüsümüz və təklifimizlə Əmək Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna və sair aktlara dəyişikliklər edilmişdir. Belə ki, həmkarlar ittifaqı təşkilatları uzun müddət AHİK-ə müraciət edərək işəgötürənin təşəbbüsü ilə işçinin işdən azad edilməsi, ordudan tərxis olunanların əvvəlki iş yerinə bərpa edilməsi məsələlərində həmkarlar ittifaqlarının qanunla nəzərdə tutulmuş təsirlərinin gücləndirilməsini təklif etmişlər. Nazirlər Kabineti, respublika parlamenti ilə bizim birgə işimizin nəticəsidir ki, həmkarlar ittifaqları üzvlərinin işəgötürənin təşəbbüsü ilə işdən azad olunması, ordudan tərxis olunan gənc işçilərin əvvəlki iş yerinə düzəldilməsi məsələlərinin həmkarlar ittifaqları ilə mütləq razılaşdırılmasını nəzərdə tutan müvafiq dəyişikliklər Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Həmkarlar ittifaqları haqqında" qanuna daxil edilmişdir.

Cari ilin iyun ayınun 29-da Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Həmkarlar ittifaqları haqqında" qanuna daha bir dəyişiklik edilmişdir. Bu qərara əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatların rəhbərləri mühasibatlıq vasitəsilə yığılan həmkarlar ittifaqının üzvlük haqlarını həmkarlar ittifaqı təşkilatının hesabına köçürməyə məcburdurlar.

Eyni zamanda bizim hamımızda bir sıra ümumi problemlər qalmaqdadır, o cümlədən əməkçi miqrantların əsas hüquqlarının həyata keçirilməsi üzrə.

Həyat məcbur edir ki, əmək miqrasiyası ilə bağlı problem prioritet vəzifələrin sırasına daxil edilsin.

Qısa da olsa, həmkarlar ittifaqlarının miqrasiya siyasətinin həyata keçirilməsində ÜHİK-in birləşdirici rolunu qeyd etmək lazımdır. ÜHİK-in iştirakı ilə AHİK bu problemlə bağlı seminarlar, konfranslar keçirmiş, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının regional təşkilatı olan Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqları Federasiyası ilə əmək miqrasiyası məsələlərində əməkdaşlıq haqqında müqavilə bağlamışdır. Analoji müqavilələrin digər regional qurumlarla, o cümlədən Həştərxan Həmkarlar İttifaqları Birliyi ilə imzalanmaya hazırlıq işləri həyata keçirir.

MDB ölkələrində fəaliyyət göstərən həmkarlar ittifaqları əməkçi miqrantları öz sıralarına daha fəal cəlb etməli, bu imkanı nizamnamə sənədlərinə daxil etməli, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulan müddəaları onlara şamil etdirməli, bu işçilərin hüquqlarının pozulması və ayrı-seçkilik hallarının qarşısının alınmasını təmin etməlidirlər. Həmkarlar ittifaqları fəallarının əmək miqrasiyası məsələləri üzrə təhsilləri davam etdirilməlidir.

Bu problemlə bağlı bizim hər bir müraciət ÜHİK-də başa düşülür və dəstəklənir. Hesab edirik ki, "Miqranta kömək et" şüarı altında ÜHİK-in bütün üzv təşkilatlarında hər il vahid aksiyanın keçirilməsinin vaxtı gəlib çatıb. Bütün bu məsələlər əməkçi miqrantların statusunun artırılması üzrə bizim birgə işimizə həsr olunan VII qurultayın xüsusi qətnaməsində öz əksini tapa bilər.

Cari ilin mart ayında 2008-2012-ci illərdə görülən işlər barədə hesabatla ÜHİK-in baş katibi V.Şerbakov başçılıq etdiyi nümayəndə heyəti ilə AHİK-də olmuşdur. Müasir şəraitdə AHİK-in iş üsulları və formaları haqqında danışarkən ÜHİK rəhbərliyi qeyd etmişdir ki, bizim birgə fəaliyyətimiz MDB ölkələrinin həmkarlar ittifaqlarında və dünya həmkarlar ittifaqları hərəkatında baş verən proseslərə obyektiv baxmaq və iştirak etmək, təşkilatlarımızın gələcək kursunu müəyyən etmək üçün yeni imkanlar yaratmışdır.

Hörmətli həmkarlar!

Bu gün Azərbaycan Respublikası bütün dünya üçün açıq hüquqi, demokratik dövlətdir. Biz ölkəmizdə formalaşmaqda olan vətəndaş cəmiyyətinin tərkib hissəsi kimi gələcəyə inamla baxır və həmkarlar ittifaqı hərəkatının perspektivdə inkişafını fəaliyyətimizin özümüzün və beynəlxalq iş təcrübəsinin əsasında fəallaşdırılmasında görürük.

2013-cü ilin fevralında AHİK-in IV qurultayı keçirilməlidir. Qurultaya biz üzv təşkilatların fəal mövqeləri, yaxşı sosialyönümlü qanunvericilik bazası ilə gedirik.

ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının fəaliyyətini müsbət qiymətləndirərək, AHİK-in İcraiyyə Komitəsi və həmkarlar ittifaqı fəalları hesab edirlər ki, başlanmış işləri ÜHİK-in bugünkü liderləri davam etdirməlidirlər. Beləliklə, aşağıda adları göstərilən şəxslərin namizədliklərini təkrar seçkilərə irəli sürürük: ÜHİK-in prezidenti - Şmakov Mixail Viktoroviç ÜHİK-in vitse-prezidenti - Karnyuşin Viktor Prokopyeviç, ÜHİK-in baş katibi - Şerbakov Vladimir Pavloviç.

Təklif edirik ki, ÜHİK-in Şurasının fəaliyyəti qənaətbəxş hesab edilsin və ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı təsdiq olunsun.

Bizim hamımıza fəaliyyətimizdə uğurlar arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

FAYDALI KEÇİDLƏR