AHİK nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin iclasında iştirak edib
16 Apr 2015
2015-ci il aprelin 14-15-də Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin iclası keçirilib.
ÜHİK-in prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri M.Şmakovun sədrliyi ilə keçən iclasda Avrasiya iqtisadi birliyinin üzvü olan dövlətlərin əmək qanunvericiliyinin Əsaslarının işlənib hazırlanması prinsiplərinin layihəsi, ÜHİK-in üzv təşkilatlarının fəaliyyət göstərdiyi ölkələrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Konvensiyalarının ratifikasiya edilməsi, ÜHİK-in mənzil-qərargahı və üzv təşkilatları tərəfindən İnternet informasiya və kommunikasiyaları xidmətlərindən istifadə olunması, ÜHİK Nizamnaməsinə dəyişikliklər edilməsi haqqında təkliflərin hazırlanması üzrə İcraiyyə Komitəsinin komissiyasının yaradılması və s. məsələlər müzakirə edilib.. İclasda İcraiyyə Komitəsi 28 Aprel – Ümumdünya Əməyin mühafizəsi günü ilə bağlı Bəyanat qəbul edib.
ÜHİK Şurasının iclasında “Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatlarının fəaliyyət göstərdiyi müstəqil dövlətlərdə sosial-iqtisadi vəziyyət haqqında” məruzə ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxış edib.
S.Mehbalıyev deyib ki, işçilərin rifahının yaxşılaşdırılımasında həmkarlar ittifaqlarının rolu və perspektivləri fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Vətəndaşların layiqli əmək şəraitinə hüquqlarının təmin edilməsi konteksində əmək sahəsində bərabərliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda işçilər üçün bərabər hüququn və bərabər imkanların yaradılması Konstitusiya, Əmək Məcəlləsi və və digər normativ-hüquqi aktlarla tənzimlənir. Təcrübə göstərir ki, əsas narahatlıq doguran hallar məşğulluq sahəsində və əmək haqqının ödənilməsindəki qeyri-bərabərlikdir. Burada obyektiv və subyektiv səbəblər vardır. Bununla əlaqədar qadınların və gənclərin məşğulluğu məsələsini misal çəkə bilərik. Mütəxəssislərin fikriincə, milli xüsusiyyətlərlə əlaqədar, Azərbaycanda qadınlar fiziki əmək, xüsusi geyim tətbiq edilən və s.işlərdə işləməyə həvəs göstərmirlər. Respublikada iqtisadiyyatın bir çox sahələrində çalışan qadınlar əksəriyyət təşkil edir. Belə ki, səhiyyə işçiləri arasında qadınların sayı 76 faiz, təhsil işçiləri arasında isə 67 faiz təşkil edir. Məlum məsələdir ki, bu sahələrdə əmək bazarı məhdud çərçivədədir, ona görə də inkişaf və məşğulluq proqramları xidmət sahələrində,turizmdə, yüngül və yeyinti sənayesi sahələrində, kənd təsərrüfatı, informatika və digər sahələrdə qadın əməyinin istifadə olunduğu iş yerlərinin yaradılmasını stimullaşdırmalıdırlar.
Əmək haqlarının ödənilməsi sahəsində müsbət dinamika nəzərə çarpır. Əgər 2007-ci ildə qadınların əmək haqları kişilərin əmək haqlarının 50 faizini təşkil edirdisə, 2014-cü ildə bu rəqəm 64 faiz olub.
AHİK sədri nəzərə çatdırıb ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bir sıra qərarlar qəbul etməklə bu problemə böyük diqqət yetirir. Bunlardan “Həmkarlar İttifaqının gender siyasəti Konsepsiyası”nı, “Həmkarlar ittifaqlarının qadın problemləri üzrə Milli planın həyata keçirilməsində iştirakı” adlı qərarları göstərmək olar. AHİK-in nəzdində qadın və gender bərabərliyi problemləri üzrə Mərkəz yaradılıb, 2013-2014-cü illərdə Beynəlxalq Əmək Təşkilatı ilə birgə respublikanın bütün regionlarında “Qadınların iş yerlərində diskriminasiyası ilə mübarizə” devizi ilə geniş təlim layihələri həyata keçirilib.
Gənclərin məşğulluğuna gəldikdə isə, S. Mehbalıyev deyib ki, iqtisadiyyat sahələrində çalışanların 4,5 milyondan 1,2 milyonunu yaxud 25 faizini gənclər təşkil edir. Əmək ehtiyyatlarının formalaşmasında gənclərin əhəmiyyətli rol oynamasına baxmayaraq onların istehsalat təcrübəsinin olmaması, peşəkar hazırlığının aşağı səviyyədə olması, ailə qurmaq və uşaq dünyaya gətirmək imkanlarının, yaşayış şəraitinin olmaması gənclərin əmək bazarında rəqabət qabiliyyətini aşağı salan amillərdəndir. Respublika Həmkarlar İttifaqları bu problemə böyük diqqətlə yanaşır. Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə biz gənclərin əmək şəraitinin təhlilini aparmışıq, onların məktəbdən əmək fəaliyyətinə keçid problemlərini öyrənmiş, mütəmadi olaraq bu mövzu ilə bağlı məsələlərin AHİK-in İcraiyyə Komitəsində müzakirələrini aparmışıq. AHİK-in nəzdində Gənclər siyasəti üzrə Şura yaratmışıq.
AHİK sədri daha sonra vurğulayıb ki, indiki şəraitdə Azərbaycan Həmkarlar İttifaqları hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinin yaradılmasına nail olmağa çalışırlar. AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə 2018-ci ilə qədər əməyin və ətraf mühitin mühafizəsi sahəsində həmkarlar ittifaqı orqanlarının fəaliyyətinin əsas istiqamətləri təsdiq edilib.
Son illərdə həmkarlar ittifaqlarının təşəbbüsü ilə Azərbaycanda bir sıra qanunvericilik aktları, o cümlədən “Təhlikəsizlik texnikası haqqında”, “İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirməyə və peşə xəstəliklərinə görə məcburi sığorta haqqında” qanunlar qəbul edilmişdir. Əmək və Vergi Məcəllələrinə bir sıra düzəlişlər edilib.
Çıxışının sonunda S.Mehbalıyev bildirib ki, AHİK-in İcraiyyə Komitəsinin bu ilin fevralında keçirilmiş iclasında ölkənin sosial-iqtisadi inkişafının nəticələri müzakirə edilib və qəbul olunmuş qərarda yeni layiqli, təhlükəsiz iş yerlərinin yaradılmasına nail olmaq, işəgötürənlərlə birgə əmək bazarını inkişaf etdirmək, əmək haqlarının artırılmasına və minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına yönəlmiş işi davam etdirmək, iqtisadiyyatın qeyri-formal sektorunda məşğulluğun ixtisarına və əmək münasibətlərinin leqallaşdırılmasına çalışmaq, həmçinin müzdlu əməyin yayılmasına qarşı çıxış etmək, kadrların peşəkar hazırlığına, ixtisaslarının artırılması işinə xüsusi diqqət yetirmək, sosial tərəfdaşlığın prinsiplərinə riayət olunmasına çalışmaq, sahə işçilərinin sosia-iqtisadi müdafiəsini gücləndirmək məsələləri Azərbaycan Həmkarlar İttifaqlarının üzv təşkilatlarına bir vəzifə olaraq tapşırılıb.
ÜHİK Şurasının iclasında İcraiyyə Komitəsinin 2014-cü ilin aprelindən 2015-ci ilin aprelinə qədər göstərdiyi fəaliyyətin hesabatı dinlənilib. Hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V. Şerbakov çıxış edib.
Şura iqtisadiyyatın artım templərinin ləngiməsi şəraitində üzv təşkilatları ÜHİK-in VII qurultayında müəyyən olunmuş "Layiqli əməyə və sosial ədalətə etibarlı təminatlar" prinsipinin həyata keçirilməsi üçün səylərini artırmağa çağırıb.
Şura üzv təşkilatları bütün qanuni forma və üsullarla işçilər və onların ailə üzvləri üçün yaranmış iqtisadi vəziyyətin mənfi nəticələrini azaltmaq istiqamətində təsirli tədbirlər görməyə səsləyib və əmin olduğunu bildirib ki, üzv təşkilatlar əmək qanunvericiliyinə riayət edilməsinə, işçilərin hüquqlarının məhdudlaşdırılmasına yol verilməməsinə, əldə olunmuş pozitiv nailiyyətlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirəcək.
Şura Böyük Vətən müharibəsinin 70-ci ildönümü və 1 May Günü münasibətilə müraciətlər də qəbul edib.
Tədbir çərçivəsində MDB ölkələrindən gəlmiş həmkarlar ittifaqı nümayəndə heyətləri Qələbə Memorial Kompleksini ziyarət ediblər. Onlar Böyük Vətən müharibəsinin Mərkəzi Muzeyində faşizmə qarşı döyüşlərdə canlarını əsirgəməmiş sovet adamlarının qəhrəmanlığından, fədakarlığından xəbər verən eksponatlarla, dioramlarla tanış olublar.
ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri: AHİK sədrinin birinci müavini İlyas Əliyev, AHİK sədrinin müavini Aqil Dadaşov və Aparat rəhbəri Həsən Cəfərov iştirak ediblər.