AHİK nümayəndə heyətinin yüksək səviyyəli görüşü
24 Jun 2013
Görüşdə AHİK sədri Azərbaycanda həmkarlar ittifaqlarının hazırkı vəziyyəti, son illərdə əldə olunmuş nailiyyətlər və həmkarlar ittifaqlarının ölkədə vətəndaş cəmiyyətinin inkişafındakı yeri və eləcə də sosial-əmək münasibətlərinin tənzimlənməsindəki rolu haqqında geniş məlumat vermişdir. AHİK sədri bildirmişdir ki, müstəqilliyin ilk illərində dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində həmkarlar təşkilatları üzvlərinin sayının azalmasına baxmayaraq, son 10 ildə görülmüş məqsədyönlü tədbirlər nəticəsində üzvlərin say artımına nail olunmuşdur. Həmkarlar təşkilatlarının qarşısında duran ən ciddi məsələlərdən biri olan üzvlük haqqı ödəmələri məsələləri qanunla tənzimlənmişdir. İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliklərə görə, işəgötürən müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatına üzvlük haqqı ödəmələrini vaxtlı-vaxtında etməyə məcburdur.
S. Mehbalıyev son dövrlərdə həmkarlar ittifaqlarının qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında BƏT-in baş direktoruna geniş məlumat vermişdir. Baş direktor eşitdiklərindən məmnun olduğunu bildirdi. O, Azərbaycanda həmkarlar təşkilatlarının digər ölkələrə nümunə ola biləcəyini qeyd etdi. Qay Rayder Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə bu vəzifəyə təyin olunmazdan öncə BHİK-in baş katibi olduğu ötən səkkiz il ərzində dostluq əlaqələrindən məmnunluqla danışdı. O, əmin olduğunu bildirdi ki, bu dostluq əlaqələri bundan sonra da davam edəcəkdir.
Görüşdə AHİK sədri S. Mehbalıyev daha ciddi məqamlardan biri olan azərbaycanlı vətəndaşların Beynəlxalq Əmək Təşkilatının müvafiq strukturlarında ayrılmış kvotaya uyğun olaraq işə qəbul edilməsi məsələsini qaldırdı. O, müəyyən sayda kvotanın olmasına baxmayaraq, indiyə kimi heç bir azərbaycanlının bu quruma işə götürülməməsindən narahatlığını bildirdi. Qay Rayder bu məsələyə yaxın zamanlarda baxılacağına və ölkələrin maksimum səviyyədə təmsil olunmasına diqqətin artırılacağına söz verdi.
Görüşdə həmçinin Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi. Sonda AHİK sədri Q. Rayderə yeni işində uğurlar arzulayaraq Azərbaycan həmkarlar ittifaqları adından ona hədiyyə bağışladı.
Fuad MƏMMƏDOV,
AHİK-in Beynəlxalq Əlaqələr Şöbəsinin müdir müavini