AZ | RU | EN

AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV konqresində ÇIXIŞI

06 Dec 2012

İlk növbədə bu konqresin keçirilməsi üçün məhz bizim ölkəmizin paytaxtının seçilməsinə görə Nəqliyyat və Yol Təsərrüfatı İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Təşkilatının rəhbərliyinə öz təşəkkürümü bildirmək istəyirəm. Son illər ÜHİK-in və digər beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının xətti ilə keçirilən səyyar tədbirləri aramızda konstruktiv, işgüzar münasibətlərin yaranmasına, müsbət iş təcrübəsinin əldə olunmasına kömək edir. 

Hörmətli dostlar!

AHİK, ölkə işçilərinin ən iri nümayəndəli birliyidir.

Fürsətdən istifadə edərək sizi Azərbaycan həmkarlar ittifaqlarının quruluşu və fəaliyyəti barədə məlumatlandırmaq istərdim.

AHİK üzvlərin sayı 1,6 mln. nəfər olan 26 sahə və sahələrarası həmkarlar ittifaqları təşkilatlarını birləşdirir.

AHİK dünya həmkarlar ittifaqları hərəkatına fəal inteqrasiya olunur. Biz 2000-ci ildən etibarən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), 2004-cü ildən isə Ümumi Həmkarlar İttifaqları Konfederasiyasının üzvüyük.

Bu gün Azərbaycan həmkarlar ittifaqları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir edir. Bizim təklifimiz əsasında Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Həmkarlar ittifaqları haqqında" qanuna aşağıdakı əlavə və dəyişikliklər edilmişdir.

-İşəgötürənin təşəbbüsü ilə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə yalnız müəssisənin (təşkilatın) həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı əldə edilmək şərtilə xitam verilə bilər. Həmkarlar ittifaqlarının bu istiqamətdə aparılan işi artıq öz müsbət nəticələrini vermişdir. Son iki il ərzində rəhbərliyin təşəbbüsü ilə 800-dən artıq işçinin işdən azad edilməsi halının qarşısı alınmışdır. Şübhəsiz ki, bu, həmkarlar ittifaqlarının müdafiə funksiyalarını möhkəmləndirir, həmkarlar ittifaqlarına üzvlüyün motivasiyasını gücləndirir.

"Həmkarlar ittifaqları haqqında" qanunun 22-ci maddəsinə görə:

- Həmkarlar ittifaqı orqanlarında seçkili vəzifələrə seçildiyinə görə əmək funksiyasının icrasından azad edilmiş həmkarlar ittifaqı üzvlərinin seçkili səlahiyyətləri başa çatdıqdan sonra onlara əvvəlki işi (vəzifəsi) verilir, bu mümkün olmadıqda isə həmin müəssisədə və ya işçinin razılığı ilə başqa müəssisədə buna bərabər iş (vəzifə) verilir.

Müvafiq iş (vəzifə) vermək mümkün olmadıqda isə həmkarlar ittifaqı işçinin işə düzələcəyi dövr üçün, lakin altı aydan artıq olmayan müddətdə onun orta əməkhaqqını saxlayır.

Müəssisədə əmək funksiyasının icrasından azad edilərək həmkarlar ittifaqına seçilmiş işçilərə həmin müəssisənin digər işçiləri üçün müəyyən edilmiş güzəştlər bərabər əsaslarla şamil olunur.

İnzibati Xətalar Məcəlləsində işçilərin maaşlarından tutulan üzvlük haqlarının vaxtında müəssisənin həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməməsinə görə bu müəssisə rəhbərinin 1500 manata (1923 ABŞ dolları) qədər cərimə edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində Silahlı Qüvvələrə çağırışla əlaqədar işdən azad edilmiş gənc insanların mütləq işlə təmin edilməsi nəzərdə tutulur.

Ölkə Prezidentinin sərəncamı ilə "Həmkarlar ittifaqları haqqında" qanuna edilmiş dəyişikliyə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq müəssisə və yaxud təşkilatın işəgötürəni mühasibat vasitəsilə tutulan həmkarlar ittifaqının üzvlük haqlarını 4 gün ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürməyə borcludur.

AHİK-in xüsusi diqqəti həmkarlar ittifaqlarına üzvlüyün motivasiyası üzrə proqramın həyata keçirilməsinə yönəldilir.

Transmilli şirkətlərdə üzvlüyün motivasiyası məsələsi həmkarlar ittifaqları fəaliyyətinin ən vacib istiqamətlərindəndir.

Son illərdə 28 TMK-da həmkarlar ittifaqı təşkilatları yaradılmış və burada biz kollektiv müqavilələrin bağlanılmasına nail olduq. Lakin, fikrimcə, bu sahədə bizim kifayət qədər həll olunmamış problemlərimiz var.

İşəgötürənlərin müqavimətinə baxmayaraq TMK-larda, xarici və müştərək müəssisələrdə 3700-dən çox ilk həmkarlar ittifaqı təşkilatı yaradıldı və onlar 157 mindən artıq işçini əhatə edir.

Azərbaycan həmkarlar ittifaqlarının motivasiya siyasətinin başlıca obyektini gənclər təşkil edir. Həmkarlar ittifaqlarında gənclər siyasətinin Konsepsiyası həyata keçirilir. Qeyd etmək lazımdır ki, seçkili həmkarlar ittifaqları orqanlarının heyəti istər AHİK aparatında, istərsə də sahə həmkarlar ittifaqlarında xeyli cavanlaşdırıldı. Təkcə son bir ildə AHİK-in üzv təşkilatları respublikanın Silahlı Qüvvələrinə yardım üzrə Əlaqələndirmə Şurası ilə birlikdə 120 fərqlənmiş tələbəyə təqaüd verilmişdir. 2011-2012-ci tədris ilində 38 aztəminatlı tələbəyə illik tədris haqqının 30 faizinin ödənilməsi barədə AHİK-in ayrıca qərarı qəbul olunmuşdur.

Son illərdə həmkarlar ittifaqlarının maliyyə vəziyyətinin möhkəmləndirilməsi məqsədi ilə sahə həmkarlar ittifaqları üzvlük haqlarının 1%-dən 2%-dək artırılması barədə qərar qəbul etmişlər.

Bundan başqa, sahə həmkarlar ittifaqlarının əksəriyyətində üzvlük haqlarının mərkəzləşdirilməsi təcrübəsi tətbiq edilir. Bunun müsbət nəticəsidir ki, sahə həmkarlar ittifaqlarında öz üzvləri üçün istirahət bazaları tikmək imkanı yaranmışdır. Təhsil, rabitə, dəmiryolu, dövlət idarələri və ictimai xidmət işçiləri həmkarlar ittifaqı respublika komitələri belə obyektlərin tikilməsinə başlamış və ya artıq istismara vermişlər.

Gələn ilin fevral ayında AHİK növbəti IV qurultayını keçirəcək. Bizi olduqca böyük və çətin iş gözləyir.

Sonda əmin olduğumu ifadə etmək istəyirəm ki, bu görüş bizim təşkilatlarımız arasında münasibətlərin daha da pozitiv inkişafına xidmət edəcək.

Hamımıza uğurlar arzulayıram.