AHİK sədri Təhsil üzrə Avropa Həmkarlar İttifaqının direktorunu qəbul edib
06 Feb 2013
Görüş zamanı S.Mehbalıyev AHİK-in Qurultayında iştirakla bağlı dəvəti qəbul etdiyi üçün M.Romerə təşəkkürünü bildirib və AHİK-in, eləcə də sahə həmkarlar ittifaqı komitələrinin beynəlxalq ələqələrin qurulmasında maraqlı olduğunu diqqətə çatdırıb.
Öz növbəsində M.Romer millət vəkili S.Mehbalıyevi növbəti müddətə AHİK-in sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı arasındakı əməkdaşlıq əlaqələrindən danışan M.Romer qeyd edib ki, ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyevin Təhsil üzrə Avropa Həmkarlar İttifaqının İcraiyyə Komitəsində təmsil olunması təşkilatlar arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricilərindəndir. «Biz sevinirik ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının istər ölkə daxilində, istərsə də beynəlxalq arenada nüfuzu gün-gündən güclənir» deyən M.Romer bildirib ki, təşkilatlar arasındakı əməkdaşlıq əlaqələri daha da genişləndiriləcək.
Görüşdə S.Mehbalıyevlə M.Romer Avropa Komissiyasının dəstəyi ilə 7 Avropa ölkəsinin iştirakı ilə keçirilən “Təhsildə İKT-nin rolu” layihəsi çərçivəsində may ayında Bakıda keçiriləcək tədqiqatla bağlı fikir mübadiləsi aparıblar. Məlumat üçün qeyd edək ki, layihənin işinə müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda təhsil işçilərinin və təhsil alanların motivasiya edilməsi və yenidən təhsilə cəlb olunmasında İKT-nin rolu ilə bağlı təhsil müəssisələrində araşdırmalar aparmaq; formal təhsildən yayınma təhlükəsi zamanı İKT vasitələrinin və İKT əsaslı innovativ təlimlərin insanların motivasiyası və yenidən təhsilə cəlb edilməsində necə yardımçı ola biləcəyini aydınlaşdırmaq; müəllimlərin İKT sahəsində xüsusi bacarıq və vərdişlərinə, gender perspektivlərinə xüsusi diqqət yetirmək; müəllimlərin İKT-nin potensialından pedaqoji nöqteyi-nəzərdən necə istifadə etdiyini araşdırmaq; bundan əlavə, müəyyən olunmuş ən yaxşı təcrübələrin ölkələr arasında transformasiyasını nəzərdən keçirmək, müxtəlif Avropa ölkələrində müəllim təşkilatlarının təhsildə İKT sahəsindəki işinə və onların milli mədəni təhsil kontekstlərinə müvafiq olan ən yaxşı metodik nümunələrin qəbul olunmasına töhfələr vermək, proyektin nəticələrinin davamlı olmasını təmin etmək üçün təhsildə İKT- dən istifadə üzrə direktivlər yaratmaq və s. daxildir.
Həmçinin görüş zamanı bu ilin sentyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan “Mərkəzi və Şərqi Avropa Ölkələri Təşkilatlarının dəyirmi masası” ilə bağlı da müzakirələr aparılıb.
AHİK sədri S.Mehbalıyev bildirib ki, ATİAHİ Respublika Komitəsi tərəfindən hər iki tədbir yüksək səviyyədə təşkil olunacaq və tədbirlərdə iştirak edəcək qonaqların ölkəyə gəlişi və yerləşdirilməsi, vizaların alınması və digər məsələlərdə hərtərəfli köməklik göstəriləcək.